“Anaları yaşında qadına siqnal verən cəmiyyətdə yaşayırıq”

“Heç kimi sevmirəm, ətrafım da buna inanmır”
Ayşə Osmanova: “8 martda məni kiçik bir daş parçası da sevindirə bilər, amma gərək onun bir anlamı, mənası olsun”


8 martın adamını təsadüfən seçdik. "Facebook”da fəaldır, cəsarətli statuslar yazır... Onu çox güman ki, hövsələdən çıxaranlar da var. Bəzi qızları gününün çoxunu sosial şəbəkələrdə keçirməkdə, öz şəkillərini paylaşmaqda qınayırlar. Bu tənələr isə onun heç vecinə də deyil.

Ayşənin qızların internetdə olmasına çox fərqli baxışı var. Bu haqda bir az sonra. İndi isə tanış olaq. Ayşə Osmanova "Modernfm.net” də icraçı direktor və dj kimi çalışır.

- Bu gün həddindən artıq ciddisiz. Bir iş olmamış olsun. Səni necə təqdim etmək ürəyincə olar?

- Mən asan insan deyiləm. Özüm özüm haqqımda danışmasam, çətin məni tanıyalar. Qaldı ki, təqdim etməyə, kim olursam olum, nə işlə məşğul oluramsa olum, sadəcə, Ayşə Osmanova kimi təqdim olunmaq istəyirəm. Həyatda ən böyük vəzifəm - o ada və soyada layiq olmaqdır. Çünki adımı atam sevgiylə qoyub.

Radioda isə hələ yeniyəm. Amma həm qəzetlərdə, həm də informasiya agentliyində çalışmışam.

- İşindən razısan?

- İndi elə dönəmdəyəm ki, mən işdən yox, iş məndən razı olmalıdı. Bu sahədə istədiyim mövqeni tutduğum an artıq biləcəm ki, işimdən razıyam, ya yox. "Sevdiyin işi seç. Beləliklə, ömründə heç vaxt özünü iş görməyə məcbur etməyəcəksən”. Konfutsinin bu fikri ilə tamamilə razıyam.

- Günə necə başlayırsan?

- İşə işlə başlayıram. Günə isə çayla və dostlarımla hal-əhval tutmaqla (gülür).

- Adamın bəzən haldan-hala düşən, qayğılı vaxtları olur. Radio aparıcısı bunu dinləyicisindən gizlədə bilirmi?

- Jurnalistikanın bəzi qəbul olunmamış qanunları var. Həyatında nə baş verir-versin, bunun dinləyiciyə, tamaşaçıya aidiyyəti yoxdu. Həyatında baş verənlərin işinə sirayət etməsi qeyri-peşəkarlıqdı. Amma onu da deyim, bu tərəfdən də bəxtim gətirib. Çünki adi həyatda da problemlərimi dilə gətirməyi və insanlarla bölüşməyi sevmirəm.

- Şəkilləri deyəsən, çox sevirsən. Bu hobbidir, yoxsa?

- Foto çəkməyə vaxt ayırmağa ehtiyac yoxdu, çünki artıq bu bir həyat tərzinə çevrilib. Məncə, şəkillər xatirələrimizin sandığıdı. İnsan bir neçə il əvvəlki fotosuna baxanda özündən asılı olmayaraq fotonun çəkildiyi zamana qayıdır. Zamana heç nə hökm oxuya bilmir, şəkillərdən başqa...

Ümumiyyətlə, bu sənət növünü çox sevirəm. Ən çox bəyəndiyim fotoqraf - artıq dünyasını dəyişmiş Riçard Avedondu. Onun Nyu-art stilində çəkilmiş fotolarına vurğunam.

- Zərif cinsin aparıcıları da yəqin ki, qayğılarla yaşayır. Nə deyə bilərsən?

- Düşünürəm ki, nəinki aparıcıların, zərif cinsin nümayəndəsi olan istənilən peşə sahibinin qayğıları hər insana, xanıma görə dəyişir. Bu səbəbdən də sualın cavabı çox fərqli ola bilər. Ümumiyyətlə, jurnalistika sahəsində olan xanımlar barədə ümumi fikir söyləyə bilmərəm. Amma deyim ki, kifayət qədər əngəllər var. Sizə bir söz deyəcəm, bu sahədə adını təmiz saxlamaq digər sahələrə nisbətən daha çətindir. Jurnalist olmaq elə də asan deyil, əsasən də xanımlara. Hər tip insanla rastlaşırsan və məcburən ünsiyyət saxlamalısan. Ən əsası yola verməyi bacarmalısan. Amma çox təəssüf ki, elə xanım jurnalistlər var ki, öz yüngül və qeyri-etik hərəkətləri ilə digərlərini də kölgəyə salır. Bu da bir az çətinlik törədir. Amma bütün bunlara baxmayaraq əsl xanım elə jurnalistikada da çətinlikləri dəf edə bilər.

- Yəqin çətin vəziyyətlərdən çıxa bilirsiniz. Bu peşə doğrudan peşəkarlıq tələb edir...

- Bir dəfə çox önəmli bir müsahibə alırdım. Elə maraqlı söhbət alındı ki, müsahibə uzun çəkdi. Sonra işə gəldim, oturdum müsahibəni yazmaq istəyəndə, yadıma düşdü ki, diktofonu heç qoşmamışam. Elə pis olmuşdum ki... Ağlımda qalanlardan müsahibəni yazdım, amma əla alındı. Müsahibimin də ürəyincə oldu.

- Boş skamyalar, dəniz, sosial şəbəkədə çox paylaşdığınız şəkillərdəndir. Sahilə tez-tez qaçırsınız?

- Bunlar mənim həyatımda var və mənə çox yaxındır. Mən təkliyi çox sevirəm. Bəzən insanın tək qalmağa çox ehtiyacı olur. İnsan deyəndə mən ümumi danışmaq istəmirəm. Amma mənim çox ehtiyacım olur. Deyilənə görə, özümə çox qapılan insanam. Dənizi çox sevirəm. Mən, belə demək olar, doğulduğumdan bəri, üç yaşımdan Bayıl qəsəbəsində yaşayıram, bura da Xəzər dənizinə çox yaxındır. Bayıldan Xəzərin iyi gəlir. Bilmirəm, bəlkə də dənizi sevməyimin səbəbi budur. İndi yenə sahili istədim. (köks ötürür)

- Keçək bayaqkı söhbətimizə. Səni də qınayırlar? Sosial şəbəkələrdə olursan, şəkillərini paylaşırsan. Ətrafın normal qarşılayır?

- Artıq ürəyimi boşaltmaq istəyirəm. Mən bu cəfəngiyyatları qəbul eləmirəm. Yaxşı qız internetə girməz, girsə də başqasının adıyla, şəkli ilə altdan - altdan iş görər? Mən şəxsən öz adımla, öz soyadımla istifadə edirəm. Hətta öz şəkillərimlə, bundan utanmıram. Çünki adıma, soyadıma yaraşmayan hərəkətlərə yol vermirəm. Niyə gizlədək ki, kimdən gizlədək ki? Özümü hansısa geridə qalmışa, səviyyəsizə sırımaq üçünmü? Heç ehtiyac yoxdur... (hiss olunur hirslənir)

- Səbrli olmaq lazımdır...

- Günah həm də bəzi kişilərdədir. Nədir görəsən onların dilindən düşməyən "qeyrət”, "namus”?! Öz bacılarını evdə dustaq edib, başqasının bacılarına söz atmaq? Yoxsa qısqanclıq adı altında həyat yoldaşlarına göz verib, işıq verməyib, küçə qadınlarının gözlərini Dubay, Mayami, Bodrmun günəş işığında qamaşdırmaq? Yoxsa anaları yaşında qadınlara siqnal vermək? Qadına siqnal verən bir cəmiyyətdə bəzi ağzıgöyçəklər hansı namusdan, qeyrətdən danışırlar? Onlar özləri deyirlər ki, bizi aldadın! Elə bu səbəbdəndir ki, indi qızların əksəriyyəti min oyunlardan çıxırlar, amma deyirlər ki, amanın bir günüdür, "qız uşağı titulumu əlimdən alma”. Bu nə məntiqdir, mən anlaya bilmirəm? Bizim cəmiyyətdə "pərdəni” çox sevirlər deyəsən (gülür). Hər yerdən pərdə asırlar. Hələ gözdən asılanları demirəm. Bizim bəyənmədiyimiz və çoxlarının tərbiyəsiz kimi qələmə verdikləri xarici qızlar ən azından etdiklərini deyib, "pərdə” arxasında gizlənmirlər. Öz həyatımdı, özüm bilərəm deyib, həyatlarını yaşayırlar. Ən acı həqiqət ondan ibarətdir ki, həm qadınlar, həm kişilər onu dərk etməlidirlər ki, hamıya yalan danışa bilərlər, qat-qat "pərdələr” asa bilərlər, hətta təzə "pərdələr” də tikdirə bilərlər, amma öz vicdanlarına "pərdə” asa bilməzlər. Kimsə deyib, vicdan bizim malik olduğumuz ən yaxşı əxlaq kitabıdır, yoldan azmamaq üçün ona tez-tez baxmaq lazımdır. Necə deyərlər, həyatda heç vaxt, "heç nə etmərəm” deməyin. Allahdan başqa heç kim bilmir nə "heç vaxt” olmayacaq. Amma əstəğfurullah, kimin "Allah”lıq iddiası varsa, mən heç nə deyə bilmərəm...

- "Durma yağmur durma, sorma, sən də onu sorma”. Bunun açması nə? Olmaya gözəl aparıcımız bir eşq dastanına başlayıb?

- Eşqin dastanı olmur, olsa-olsa, hekayəsi olur. Ümumiyyətlə, sevgi adlı məfhuma inanmıram. İnandırana eşq olsun (gülür). Bilmirəm nədir, heç kəs inanmır ki, mənim sevdiyim şəxs yoxdur. Məni tanıyanlar da inanmır buna. Təəssüf ki, hələ sevginin nə olduğunu başa düşə bilməmişəm. Əslində başa düşürəm, əks-cinsin sevgisini anlayıram, amma özüm yox. Qarşı cinsə olan sevgini hələ dadmamışam və inanmıram.

Məncə, ailə həyatı qurmaq çox böyük məsuliyyətdir. Gərək tam inanıb, evlənəsən. Yoxsa gedib bədbəxt olmaqdansa, evdə qarımaq statusunu qazanmaq daha yaxşıdır (gülür).

- "Mən qadınların gözlərinə baxmaqdan qorxub, bədəninə baxan kişilərlə dolu dünyadanam...” Görəsən, bunu çox qadınlar düşünür, yoxsa sizə elə gəlir?

- Məncə, qadınlar artıq düşünmür... (gülür). Gözlərə baxmaq çətindir. Çünki gözlərdən ürəyə yol gedir. Həmin yol qadına görə dəyişir. Bəzilərində kəşməkəşli, bəzilərində uzun, bəzilərində qaranlıq... O yolu qət etmək çox çətindir. Bu çətinliyə dözən kişilər bəli, azdır.

Yaxşı yadıma saldınız. Əli Xəyyamın "Kəsil qollarım” adlı mahnının sözlərindəndir. Və həmin mahnıdan bir neçə daha misra ağlıma gəldi.

Sən sevişənə, mən sevənə qədərəm

Sən pulu görənə, mən ölənə qədərəm

Sən arxanda durana, mən tanrıma qədərəm

Biz eyni dünyada yaşamamalıydıq...

Bu sözləri yazan insanın ürəyinə sağlıq.

- 8 Martla bağlı nə gözləyirsən? Çiçəkdən başqa?

- Özümü nəyəsə məcbur etməyi bacarmıram. O ki qaldı 8 marta, mənim üçün elə də qeyri-adi gün deyil. Məncə, əsl xanım hər gün ətrafından diqqət qazanmağı bacarmalıdı. Bunu bacarmayanların təsəllisi də elə 8 martdı.

Mən çiçəkləri hədsiz dərəcədə çox sevirəm. Bir də məni sevindirmək üçün çox böyük şeylərə əl atmaq lazım deyil. Mən həmişə rəfiqələrimə də deyirəm, məni kiçik bir daş parçası da sevindirə bilər. Amma gərək onun bir anlamı, mənası olsun. Mənim könlümü almaq o qədər də çətin deyil.

Bir söz də deyim. Əslində gülməlidir. 8 martda qadınlar adətən məcbur edirlər ki, bəylər onlara hədiyyələr alsın. Hətta kişilər arasında belə bir zarafat da var, "qadınların ümumdünya matəm günü”. Nəyə lazımdır, yalançı təbəssüm?

Mənim atam işi ilə əlaqədar çox vaxt xaricdə olur. Amma inanırsız, mənim elə bir 8 Mart yadıma gəlmir ki, anamız bizə hədiyyə almasın. Heç vaxt atamızın uzaqda olmağını bizə hiss etdirməyib. Allah heç kimi anasız, ana nəvazişsiz, ana məsləhətindən ayrı qoymasın. Öz anamın timsalında bütün anaları təbrik edirəm.

Turan