Arif Hacılı oyundan kənar vəziyyətdə qalacaq

Müsavatda Qubad İbadoğlu səsləri yüksəlməyə başlayıb


Mayın 24-də Müsavat Partiyasının qurultayı keçiriləcək və nizamnaməyə uyğun olaraq yeni sədr seçiləcək. Artıq qurum daxilində başqanlıq uğrunda mübarizə başlayıb. Öz iddialarını ortaya qoyan namizədlərin sayı çox olsa da, əsas iki namizəd ətrafında söhbət gedir. Bunlar partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı və Divan üzvü, tanınmış iqtisadçı Qubad İbadoğludur. Ancaq indiyə qədər partiya daxilində tanınmış şəxslərin heç birinin konkret olaraq A.Hacılını dəstəkləməməsi onun partiyada nüfuzunun o qədər də yüksək olmadığını ortaya qoyub.

Yaranmış mənzərə isə göstərir ki, başqan postuna daha çox şansı olan Q.İbadoğludur. Çünki onu dəstəkləyənlər deyir ki, Q.İbadoğlu tanınmış iqtisadçıdır və ictimai-siyasi sektorda kifayət qədər hörmətə malikdir. Nəinki Müsavat daxilindəki şəxslər və digər müxalifət partiyalarının nümayəndələri, hətta iqtidar partiyasının təmsilçiləri belə başqan olaraq Q.İbadoğlunu görürlər. Məsələn, YAP-ın Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə başqanlıq uğrunda gedəcək mübarizədə Q.İbadoğlunun qələbə qazanacağını deyib. Millət vəkili qeyd edib ki, digər namizədlərin partiyada heç bir dəstəyi yoxdur.

Müsavat daxilində isə Q.İbadoğlunu dəstəkləyənlərin sayı gündən-günə çoxalır. Başqan müşaviri, Məclis üzvü Hüseyn Məlik namizədlər arasında seçim etdiyini və Q.İbadoğlunu dəstəklədiyini bəyan edib: "Qubad bəy birləşdirici fiqurdur, dağıdıcı fiqur deyil. Ziyalıdır, kompromisə gedəndir. Müsavatın dəyərlərindən biridir. İntellektual səviyyəsi çox yüksəkdir. İndiyə qədər Müsavat daxilində heç bir konfliktdə iştirak etməyib. Ona görə də, onu dəstəkləyirəm. Onun təbliğatçısı kimi çıxış edəcəm. Qubad bəy Müsavatın başqanı olarsa, partiyamız bundan ancaq udar”.

Partiyanın divan üzvü Vurğun Əyyub da Q.İbadoğlunu dəstəklədiyini bildirib: "Fikrimi dəyişməmişəm. Əvvəl də Qubad bəyi dəstəkləyirdim, indi də. Qurultaya hazırlıq işlərinə start veriləndə mövqeyimi daha açıq formada bildirəcəm. Qubad bəyin bir çox müsbət keyfiyyətləri var. Savadı, təmkini, siyasi proseslərdə tərəfsizliyini qoruya bilmək qabiliyyəti, beynəlxalq əlaqələri, təşkilatçılıq qabiliyyəti və s. Onun başqan seçilmək şansını yüksək qiymətləndirirəm”.

Divan üzvü, tanınmış həkim Adil Qeybulla da İbadoğlunu dəstəkləyib. Başqanlığa iddialılardan Q.İbadoğlunun gücünü xüsusilə vurğulayan A.Qeybulla hesab edir ki, partiyanın rəhbəri gənc olsa, daha yaxşı olar: "Qubad bəyin üstün cəhətləri çoxdur. Onun beynəlxalq əlaqələri, xarici dil bilməsi, xarizması müsbət haldır. Hər halda, zamanında sözümüzü deyərək, vəziyyətə uyğun addım atacağıq”. Son günlərə qədər açıq şəkildə A.Hacılını müdafiə edən başqan İsa Qəmbər də gənclərin təkidi ilə geri çəkilməli olub. O, Q.İbadoğlunun namizədliyini müdafiə edəcəyini deyib. Bu qərardan narazı qalan A.Hacılı başqan seçilməyəcəyi təqdirdə, öz tərəfdarları ilə birlikdə partiyadan gedəcəyini açıqlayıb. AXCP də A.Hacılının namizədliyinə sərt təpki göstərir və Q.İbadoğlunun namizədliyinə daha isti yanaşır.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də Q.İbadoğlunun tərəfində olduğunu bəyan edib: "Mən istəyirəm ki, Qubad bəy Müsavat başqanı olsun”.

İsmayıl