Tanınmış jurnalist Zülfüqar Rüfətoğlu komaya düşüb. Şəkər xəstəliyindən əziyyət çəkən jurnalist hazırda "Caspian Hospital” klinikasında müalicə edilir. Jurnalist Zülfüqar Rüfətoğlu Londonda yaşayır. Anasının dəfni üçün 10 gün olar Bakıya gəlib. Şəkərinin qalxması, vəziyyətinin ağırlaşması səbəbindən "Caspian Hospital” klinikasına yerləşdirilib. Orada müalicə alır.
"Caspian Hospital”ın həkim anestezioloq-reanimatoloqu Səlimə Səfərova Modern.az saytına tanınmış jurnalist Zülfüqar Rüfətoğlunun vəziyyətinin olduğu kimi, hələ ki ağır və komada olduğunu deyib: "Bizə gətiriləndə də çox ağır idi. Səhhətində hansı dəyişikliklərin olacağı ilə bağlı nəsə demək tezdir. Klinikaya gələndən bir az yaxşılaşıb, amma hələ ki, kritik ağırdır. Tibbi sığortası da yoxdur”.
Qeyd edək ki, Zülfüqar Rüfətoğlu 30 ildir ki, peşəkar jurnalist fəaliyyəti ilə məşğul olur. Həmçinin, Zülfüqar Rüfətoğlu "Şirbalanın məhəbbəti” filminin ssenari müəllifidir.
"APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı qəzetimizə Zülfüqar Rüfətoğlunu tanımadığını bildirib: "Şəxsi münasibətlərim olmadığına görə xəstəxanaya gedib, onu ziyarət etməmişəm, maraqlanmamışam. Bu barədə mətbuatdan oxumuşam. Onun bizim şirkətdə işləyən dostları var, onlar vəziyyətinin ağır olduğunu deyirlər. Bununla bağlı müəyyən müraciətlərin olunduğunu bilirəm. Məsələ Mətbuat Şurasının da diqqətindədir. Şəfa diləyirəm, Allah köməyi olsun!”
V.Mahirqızı əlavə edib ki, mətbuat jurnalistə yardımla bağlı aksiya keçirsə, "APA Holdinq” olaraq iştirak etməyə hazırdırlar: "Məsələ ilə əlaqədar kampaniya təşkil olunsa, məmnuniyyətlə həmin aksiyada iştirak edərik. Bacardığımız qədər maddi yardım edə bilərik. Buna qədər bir çox jurnalistlərimizin və tanınmış şəxslərin də problemlərini hər zaman informasiya dəstəkçisi kimi gündəmdə saxlamışıq. İndi də gücümüz çatan qədər maddi yardım etməyə hazırıq”.
Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev "Şərq”ə belə məsələlərdə jurnalist həmrəyliyinə ehtiyacın olduğunu bildirib: "Bildiyiniz kimi, Nicat Dağların da səhhəti ilə bağlı problemi var idi. Mətbuat Şurası bununla bağlı məsələni gündəmə gətirdi və ölkə rəhbərliyi də sağ olsun dəstək verdi. O, artıq sağalıb evinə qayıdıb. Qeyd olunan məsələni də hökumətin üzərinə yönəltmək fikrim yoxdur. Hər halda hər vətəndaşın, vətəndaş və həmkar olaraq birlik nümayiş etdirməyə ehtiyacı var. Son zamanlar səfərdə olduğuma görə, MŞ-də az olmuşam, buna görə də deyilən məsələ ilə bağlı hər hansı işlər görülüb-görülmədiyini deyə bilmərəm. Ancaq Əflatun müəllimlə danışacam və bununla bağlı müzakirələr aparıb nə isə etmək olar.
Çox güman ki, Əflatun müəllim də məsələ ilə əlaqədar müəyyən addımlar atıb. Hansı addımlar atıldığından isə xəbərim yoxdur. Dəstək yalnız maddiyyatla deyil, mənəvi dəstək də lazımdır. İnsanın çətin günlərində onun yanında dayanmaq, ziyarət etmək lazımdır. Özü komada olsa belə, yaxınlarının ziyarətə gələnləri görməsi, mənəvi güc verir. Şəxsən tanımıram, buna baxmayaraq həmkarıq, dəstək olmalıyıq”.
Vüqar Şahinoğlu