Rüşvət dəzgahı tələbələri sıxırdı

Heç bir məzun İqtisad Universitetindən müsbət bir şey danışmadı


Xəbər verdiyimiz kimi, bir müddət öncə millət vəkili, Azərbaycan İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev ölkə başçısının sərəncamı ilə rektorluq vəzifəsindən uzaqlaşdırıldı. Universitet rəhbəri postundan xaric olunduqdan sonra mətbuata açıqlamasında idarəçiliyi dönəmində şəffaf və demokratik mühit formalaşdırdığını bildirib. O, Universitetdə korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınması istiqamətində bir sıra addımlar atdığını söyləyib.

Bir neçə müəllimi adının rüşvət qalmaqalında hallanmasına görə təhsil ocağından xaric etdiyini vurğulayıb. Amma bir sıra faktorlar sabiq rektorun iddiasının yanlış olduğunu ortaya çıxarır. Bu yaxınlarda Ş.Hacıyevin bir neçə tələbəyə saxta diplom verməsi faktı pərdələnən bütün qaranlıq məqamlara aydınlıq gətirdi. Üstəgəl, keçmiş rektorun dönəmində məzun olmuş tələbələr onun söyləntilərinin həqiqəti əks etdirmədiyini iddia edirlər. Onlar məhz Ş.Hacıyevin Universiteti "bazar”a çevirdiyini və burda təhsilin səviyyəsinin aşağı olduğunu deyirlər.

2012-ci ildə Maliyyə-kredit fakültəsini bitirmiş Günel Məhərrəmova adıçəkilən universitetdə rüşvətin kütləvi hal aldığını deyib: "Bir şeyi anlaya bilmirəm ki, universitetdə rüşvət olan yerdə ali savaddan, bilikdən, elmdən necə söhbət gedə bilər?! Təhsilin səviyyəsi də çox aşağıdır. Tələbələrin əksəriyyəti imtahandan keçmək üçün Ş.Hacıyevin pul dəzgahının üstünə qalxmalı

olurlar. Müəllimlərdən tutmuş bir çox dekanlara qədər rüşvətxorluq baş alıb gedir. Heç kim şikayət edə bilmir. Çünki kimdən kimə şikayət edəcəyimizi bilmirik”.

Universiteti ötən il bitirən Ramiz Qurbanov universitetdə rüşvətin sərhəd tanımadığını qeyd edib: "Bu ali təhsil ocağında imkanlı şəxslərin uşaqları oxuyur. Biri də mənim qrup yoldaşım idi. İldə bir dəfə üzünü görürdük. Onlar hər imtahana 200-300 manat pul verirdilər. Bir sözlə, pulun yoxdursa, imtahandan kəsiləcəksən. Hər imtahan sessiyasında yüzlərlə tələbə kəsirdilər”.

Universiteti iki il öncə bitirmiş Əfqan Hacıyev vurğulayıb ki, sözügedən təhsil müəssisəsində qiymətlərin də öz "qiyməti” var: "Mən tələbə olanda "yuxarı”dan əmr gəldi. Əmrdən sonra universitet rəhbərliyi müəllimlərə tapşırıq vermişdi ki, rüşvət qismən yığışdırılsın. Ancaq müəllimlər rəhbərliyin qoyduğu qadağaya qəzəblənərək imtahan verən tələbələrin əksəriyyətini kəsdilər. Sonradan həmin tələbələrdən ikiqat çox pul tələb etdilər. Burada qiymətə görə pulun məbləği də dəyişir. Rüşvət tələb edən müəllim əvvəlcədən tələbəyə qiymətləri açıqlayır. Biznesin təşkili və idarə edilməsi fakültəsini bitirmiş tələbələrdən biri deyir ki, burada oxumaq üçün gərək əlin cibində olsun: "Bizim universitetdə rüşvət olub. Elə indi də var”.

Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin tələbəsi olmuş Fidan Mahmudova isə qəbahətin tələbələrdə olduğunu düşünür: "Həmişə müəllimləri günahkar hesab etmək olmaz. Bəzi tələbələr özləri müəllimə rüşvət təklif edir. Fikrimcə, hər şey tələbənin özündən asılıdır. Əgər savadlı, hüquqlarını tələb edən birisənsə, o zaman oxuyub, qiymət də alacaqsan. Oxuyan tələbə üçün rüşvət problem deyil. Rüşvəti verməsək, müəllim də almaz”.

Təhsil eksperti Etibar Əliyev təhsilin bütün pillələrində rüşvət və korrupsiyanın yolverilməz olduğunu deyib: "Ali təhsildə rüşvət halları hələ sovetlər dövründən mövcud idi. Həmin dönəmdə bu, özünü daha çox tələbə qəbulunda göstərirdi. Rüşvət halları semestrlərdə o qədər də büruzə verilmirdi. İndi tam əksinədir”.

Ali təhsil ocaqlarındakı korrupsiyanın təhsilin keyfiyyətinə mənfi təsir göstərdiyini deyən E.Əliyevin qənaətincə, rüşvət halları tələbələrin oxumağa, öyrənməyə stimulunu yox edir: "Tələbələr arasında öyrənmək rəqabətini sıfıra endirir. Korrupsiya istedadlı tələbə ilə zəif tələbə arasında fərqləri yox edir, birincinin heç bir imtiyazı olmur. Çünki hamı korrupsiya sistemi qarşısında bərabərdir. Ona tabe olanlar və müqavimət göstərənlər var. İkincilərin sayı az olduğundan bu müqavimət heç hiss olunmur. İndi oxumayan tələbələr sadə şəkildə rüşvət verərək, istədiyi qiyməti alır. Bu da savadsızlığın artmasına gətirib çıxarır”.

Ali təhsildə korrupsiyanın azaldılması yollarına gəlincə, ekspert düşünür ki, rüşvətin kökünün kəsilməsi üçün QHT-lərə işləmək imkanı yaradılmalıdır: "Bütün rektorlar ictimaiyyət qarşısında hesabat verməlidirlər ki, rəhbərlik etdikləri ali təhsil ocağında hansı problemlər var. Hansıları həllini tapıb. Bu məsələ isə birbaşa yuxarıdan verilən göstərişlərlə olmalıdır”.

Ayyət Əhməd