Gözümüzlə də gördük...

Türkiyəli müğənni Azərbaycan manatını masanın üstünə töküb “yanıq” verdi


Türkiyənin pop müğənnisi Tuğba Əkinçi Azərbaycandan apardığı pulların fotosunu şəxsi instaqram səhifəsində paylaşıb. Şəklin altından isə yazıb ki, "Bu hələ harasıdır?! Bir qismini unutmuşam, Azərbaycanda qalıb”. Azərbaycanın bəzi iş adamlarının, pullu "kişilərinin” xarici müğənnilərə, modellərə ağlasığmaz pullar xərclədiyini eşitmişdik.

İndi gözümüzlə də gördük. Tuğba Əkinçi onları Türkiyədəki rəqiblərinə və biz fağır azərbaycanlılara nümayiş etdirib "yanıq” verdi. Yəni, görün nə qədər pul qazanmışam. Fotodan

görünür ki, xeyli böyük məbləğdir. Masanın üzərindəki pul dəstələrindən orada milyonlarla manat - Azərbaycanın milli valyutası olduğu aydın görünür. Tək bir 100 AZN-lik dəstə bəlkə də 10 min manatdır. Tuğba Əkinçiyə Bakıda bir restoranın açılışına qatılmaq üçün bu qədər pul peşkəş edənin kimliyi hələ bir yana qalsın (hansısa harınlamışın biridir - red.), bəs bu pullar gömrükdən necə keçib? Məlumdur ki, pullar nağd formada ölkədən çıxarılıb. Köçürülmə yoluyla Tuğba Əkinçiyə Türkiyə bankları Azərbaycan manatı verəsi deyil ki!.. Nağd şəklində milyonlarla manatın ölkədən çıxarılmasına icazə varmı?

Bir məqamı da qeyd edək ki, Tuğba Əkinçi Azərbaycan manatlarının fotosunu paylaşdığı vaxtlarda azərbaycanlı bir işi adamı 6 milyon dollarla İstanbul aeroportunda saxlanılıb. Türkiyə polisi pulun ölkədən çıxarılmasının qarşısını alıb. Deyəsən, Tuğba Əkinçinin "arxası” çox möhkəm olub ki, manatlarımızı yol çantasında rahatca daşıyıb.

Miqrantlara Yardım Mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev "Şərq”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə görə, ölkədən çıxarılan milli valyuta 10 min manatdan artıqdırsa, rəsmiləşdirilməlidir, "gömrük bəyannaməsi” tərtib olunmalıdır. "Amma bu cür adamlar Azərbaycana elə şəxslər vasitəsilə dəvət olunur və yola salınır ki, onlara güzəşt edilir, nə apardıqlarına, necə apardıqlarına da göz yumulur”.

Qeyd edək ki, "Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və çıxarılması qaydaları”nda qeyri-rezident şəxslərlə bağlı müddəada göstərilir ki, bu kateqoriyalı şəxslər sənəd təqdim etmədən yalnız 1000 ABŞ dolları ekvivalentinədək valyutanı Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilər. Digər hallarda müvafiq sənədləşmə aparılmalıdır.

Tuğba Əkinçiyə fotosunu nümayiş etdirdiyi Azərbaycan valyutasını bu qədər böyük məbləğdə ölkədən çıxarmağa kimlər "dəstək” verib? Bunu aidiyyətli orqanlar araşdırmalıdır. Tuğba Əkinçiyə milyonlar, Ebru Polata "Ferrari” peşkəş edən azərbaycanlılar kimdirsə, pul paylamaq "qeyrətləri”ni ölkəmizdə də nümayiş etdirsinlər. Müğənnilərə, modellərə pul paylamaq savab qazandırmaz, kasıb birisinin ehtiyacını ödəməyin, bir xəstəni müalicə etdirməyin savabı isə sorğu-sual günü bəlkə kara gəldi.

Məlahət Rzayeva