Nurçuların Azərbaycanda genişlənmələri və müəyyən idarəçilik strukturlarında yerləşməsi iddiaları Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilə bilər. Bu günlərdə keçmiş təhsil naziri Firudin Cəlilov nurçuların təşkilatı sayılan "ÇÖİ-nin Azərbaycandakı ilk fəaliyyətini açıqlayıb. Sabiq nazir publika.az-a bildirib ki, nurçuların ölkəmizdəki ilk fəaliyyəti sabiq təhsil naziri Lidiya Rəsulovanın dövrünə təsadüf edir:
"Mən təhsil naziri olan vaxtı nurçuları yaxına buraxmırdım. Hətta o dövrdə Qafqaz Universiteti açmaq istəyirdilər. Lakin buna imkan vermədim. Məndən sonra isə L.Rəsulova təhsil naziri oldu. Onun dövründə nurçular Azərbaycan təhsilində təşkilatlanmağa başladılar. Lidiya xanım bu cür siyasi proseslərdən çox da məlumatlı deyildi. Ona görə də onlar o dövrdən ölkəmizə ayaq açmağa başladılar”.
Nurçuların fəaliyyətlərinin Azərbaycana təsirləri barədə "Şərq”in suallarını Azərbaycan-Avropa Hərəkatının prezidenti Ramin Hacılı cavablandırıb.
- Ölkəmizdə nurçu şəbəkəsinin getdikcə möhkəmlənməsi, təhsil sektorunda önəmli rol oynamaları və Azərbaycanın milli maraqlarına zərərli kadrlar hazırlamaları haqda söz-söhbətlər dolaşır. Bəzi ictimaiyyət adamları bunu Azərbaycan dövlətçiliyinə ciddi təhdid sayır. Siz necə dəyərləndirirsiniz?
- Onların Azərbaycandakı missiyaları ilə bağlı araşıdırma həyata keçirmişəm. Onlar test imtahanı keçirirlər. Orta məktəblərdən ən bacarıqlı, yüksək intellektual imkanlara malik və gələcəkdə kadr ola biləcək uşaqları seçib, öz məktəblərinə cəlb edirlər. Daha sonra həmin uşaqlara maliyyə yardımı edirlər. Onlara dəstək olmaqla öz tərəflərinə çəkirlər. Kadrlarına çevirirlər. Uşaqların çoxu imkanlı ailələrin övladlarıdır. Hətta elə uşaqlar var ki, valideynləri dövlətin idarəçilik strukturunda təmsil olunur.
- Niyə məhz imkanlı ailələrin övladları seçilir. Maraq nədir?
- Çünki nurçuların məktəbində təhsil almaq üçün böyük məbləğdə pul tələb olunur. Təhsil haqqı çox yüksəkdir. Buna da aztəminatlı ailələrin maddi gücü yetərli deyil. Həmin uşaqlar məktəbi bitirdikdən sonra valideynlərinin dəstəyi ilə dövlət işlərində çalışırlar.
- Nurçular yalnız Azərbaycanda deyil, bir sıra ölkələrdə bu tipli məktəb təsis ediblər. Sizcə, həmin ölkələr sırasında Azərbaycanın yer almasını təsadüfi hal kimi qiymətləndirmək olarmı?
- Azərbaycan yenicə müstəqillik əldə edəndə, kimsə belə bir sistemi ölkəmizin içərisində qura bilməzdi. Sovet sistemindən çıxmışdıq. Sovetlərdə təhsil biznesi ənənəsi yox idi. Dövlətimiz müstəqillik əldə etdikdən sonra nurçular Azərbaycanı hədəflədilər. Müəyyən spekulyativ variantlarla yol tapıb, ölkəmizdə şəbəkələrini qurdular. Təhsil nurçuların ən böyük gəlir əldə etdiyi biznes sahəsidir. Bizneslərini qurub pul qazanırlar. Qazandıqları pulla da özlərinə kadr hazırlayırlar. Bu metodla zəngin ailələrə nüfuz edə bilirlər. Bununla da Azərbaycan elitasında çox böyük söz sahibinə çevriliblər.
- Belə iddialar var ki, indiki halda nurçu oğlanlar, yalnız nurçu xanımlarla ailə qurur. Belə hal varmı?
- Elə sistem qurublar ki, insanlar ona bağlıdır. Nurçular arasında elə təmaslar yaradıblar ki, onlar bir-birlərini istənilən halda müdafiə edirlər. Biri-birinə dəstək verirlər. Beləliklə, çox güclü şəbəkə formalaşdırıblar. Bu da onların dövlətin fəaliyyətinə müdaxilə imkanlarını çoxaldır.
- Məlumdur ki, F.Gülən Amerikaya könüllü olaraq mühacirət edib. Belə rəylər formalaşıb ki, nurçuları məhz ABŞ hökuməti maliyyələşdirir. Artıq o anlama gəlmirmi ki, onlar Azərbaycanda və yer aldıqları digər məmləkətlərdə Ağ Ev rəhbərinin tapşırığını yerinə yetirirlər?
- Hər şey gün kimi aydındı. Amerika kifayət qədər güclü və hər bir prosesə nəzarət edən dövlətdir. Şərq ölkələri, Türkiyə və islam dini ilə bağlı ABŞ-ın məxsusi dövlət strategiyası var. Kimsə Amerikanın içərisində oturub böyük bir təhsil sistemi qura bilməz. Amerika gənc ölkə deyil. Sovetləri viran qoymuş bir gücdür. Təbii ki, ABŞ-ın Azərbaycanda çox böyük maraqları var. Onu da F.Gülənin dəstəyi ilə reallaşdırır. Hər halda ilımlı islam Amerikanın işinə yarayır. Bu bir növ islamda protestanlıq deməkdir. Necə ki, xristianlığa protestantlıq gəldi və mədəni, elmi xristianlıq yarandı. Mədəni-elmi islam yaratmaq istəyirlər. Bu bir ənənədir.
- Ölkəmizə qarşı belə ənənəni ilk olaraq İngiltərə həyata keçirmişdi. İslam içərisində vəhhabizmi yaratmağa cəhd etmişdilər. İndi də Amerika bu oyunlara əl atır. Belə çıxır, Ərdoğanla F.Gülən arasındakı qarşıdurma da Amerikanın layihəsidir...
- Türkiyədə islam dini çox güclü idi. SSRİ dağılandan sonra Amerika anladı ki, Türkiyədə millətçiliyi dəstəkləməklə nəyəsə nail ola bilməyəcək. Din millətçilikdən daha yüksəkdə idi. Ona görə, dini təsirində saxlamaq strategiyasına başladı. İlımlı islama üstünlük verdi. Bu da S.Nursinin yaratdığı və F.Gülənin davam etdirdiyi xətt idi. Bunu başa düşən rəsmi Ankara preventiv addımlar atdı. Ərdoğan hakimiyyətə gəldikdən sonra partiyasını bağlamaq cəhdləri ortaya çıxdı. Görünür, Amerika müəyyənləşdirib ki, islamı Türkiyədən uzaqlaşdıra bilməyəcək. Türkiyə Osmanlı ənənələrini davam etdirən dövlətdir. Osmanlı islamı məhv olmaqdan xilas etmiş bir imperiya olub. Osmanlı olmasaydı, islam dini də olmayacaqdı. İslamı qoruyub saxlamaq və yaymaq Osmanlının fəaliyyəti ilə əlaqəlidir. Ona görə də Amerika dürüst islamı Türkiyənin əlindən almaq üçün bu cür hiylələrə əl atmaq məcburiyyətində qalıb.
- Bəzi siyasilər bildirirlər ki, xaricdən istənilən xarici dini cərəyanın ölkəmizə inteqrasiyası Azərbaycanın baş bəlasına çevrilə bilər. Söhbət hansı təhlükədən gedir?
- Heç bir müstəqil dövlət istəməz ki, onun içərisində dövlət srategiyasına təsir edən qüvvə olsun. Hesab edirəm ki, əcnəbi dini cərəyanların ölkəmizə gətirilməsinin Azərbaycan dövlətçiliyinə şübhəsiz təsiri olacaq. Azərbaycanda nurçuluq və vəhhabizm nə qədər güclü olacaqsa, ölkəmizin dövlət siyasətinə bir o qədər ziyan gələ bilər.
- Vətəndaşlarımızın belə oyunlara getməməsi üçün hökumət hansı addımları atmalıdır?
- Azərbaycan hökuməti bu məsələlərdə diqqətli olmalıdır. Vətəndaşlarına o qədər imkan yaratmalıdır ki, vətəndaşlarımız özləri azad şəkildə maariflənə bilsinlər. Sosial təminatlarını yaxşılaşdıra bilsinlər. Belə olan halda Azərbaycan insanları şəxsiyyət kimi formalaşacaq. Şəxsiyyət kimi formalaşan vətəndaş öz mənəvi dünyasına yaxın ideologiyanı seçəcək. Hansısa dövlətin dəyərlərinə əməl etməyə maraq göstərməyəcəklər.
Dövlətlə vətəndaş arasında belə boşluqlar yaranacaqsa, xarici qüvvələr yaranmış şəraitdən istifadə edib ölkəmizdə güclənəcəklər. Azərbaycan dövləti həmin sektalara qarşı mübarizə aparmazdan öncə vətəndaşlarla dövlət arasındakı münasibətlərində son dərəcə diqqətli olmalıdır. Sakinlər dövlətin sevgisini duymalıdırlar. Vətəndaş cəmiyyəti güclənməlidir. Belə olan təqdirdə güclü bir dövlət yaranacaq. Vətəndaş cəmiyyəti xaricdən gələn bu kimi təxribatların qarşısını alacaq.
- Nurçuların siyasiləşərək ölkənin mühüm dövlət orqanlarına sızmaları Azərbaycanın müstəqillik və milli maraqları baxımından nə dərəcədə problemlidir?
- Deyilənlərə görə, parlamentdə 24 millət vəkili ilə təmsil olunurlar. Bunlar həqiqətdirsə, artıq Azərbaycanda çox böyük və ciddi bir təsir imkanına sahibdirlər. Söylənənlər yanlışdırsa, vəziyyətdən çıxış yolu tapmaq mümkündür.
- Nurçuların dövlət orqanlarında yerləşmələrinin qarşısının alınması yönündə nə kimi zəruri tədbirlər görülməlidir?
- Ərdoğana qarşı aparılan təxribatları izləyəndə anlamaq olur ki, nurçuluq çox amansız, öz mənfəətini düşünən, təhlükəli, təşkilatlanmış və bir-birlərini son damla qanına qədər müdafiə edən sistemdir. Arxalarında da çox böyük maliyyə dəstəyi mövcuddur. Dövlət onların zərərini minimum həddə çatdırmalıdır. Belə olmayacağı halda Türkiyədə yaşananlar ölkəmizdə də qeydə alına bilər. Ərdoğan kimi güclü sistem qurmuş, bir adam nurçuların əlindən başını itirib. O, hazırda da həyatını xilas edə bilmir. Ərdoğanı bu hala saldılarsa, Azərbaycan kimi gənc bir ölkəni daha dözülməz vəziyyətə gətirib çıxara bilərlər. Düşünürəm ki, Azərbaycan hökuməti dərhal hərəkətə keçməlidir. "Qara yara”dan xilas olmalıdır. Azərbaycan insanlarına həqiqətləri təlqin etmək lazımdır. Onlar gerçəklikləri anlayandan sonra geri çəkiləcəklər. Heç bir azərbaycanlı öz milli maraqlarını geriyə çevirib, əcnəbinin quluna, əsirinə çevrilmək istəməyəcək. Bunu təcrübə də sübut edir.
Ayyət Əhməd