Fövqəladə Hallar Nazirliyi "Sahil” ticarət mərkəzinin yerləşdiyi çoxmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb. Nnazirliyin saytının verdiyi məlumata görə, Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 2000 kvadratmetr olan ticarət mərkəzində mağazalar və geyim malları 800 kv.m sahədə yanıb.
Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən binadan 37 nəfər təxliyə olunub. Üçüncü mərtəbənin qalan hissəsi, ticarət mərkəzinin 1,2-ci mərtəbələri və yuxarı mərtəbələrdəki mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıda "Sahil” Ticarət Mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə bir neçə yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın tircarət mərkəzinin 3-cü mərtəbəsində başlayıb. Ticarət mərkəzi ətrafında avtomobillərin və piyadaların hərəkəti məhdudlaşdırılıb. Eləcə də, baş verən yanğın zamanı 4 nəfər xəsarət alıb. Xəsarət alanlardan 2 nəfəri Polşa vətəndaşıdır.