Bahalaşma olacaq

Benzinin qiyməti bütün məhsullara təsir edir
Vahid Əhmədov: “Növbəti artım sosial gərginliyə səbəb olacaq”


"Avro-4” standartın tətbiqindən sonra benzinin qiymətinin artacağı ilə bağlı səsləndirilən proqnozlar özünü doğrultdu. Aprelin 4-ü axşam saatlarında Aİ-95 markalı benzin bahalaşdırılıb. Əvvəl 80 qəpikdən satılan Aİ-95-in Tarif Şurasının qərarı olmadan qəfil 93 qəpiyə qədər bahalaşdırılıb.

Bundan sonra Aİ-95 markalı benzin Avropa standartlarına uyğun "Premium” markası olaraq satışa çıxarılacaq. Benzin satışında baş verən bu dəyişiklik əhali arasında ciddi narazılıq doğurub. Aİ-95 markalı benzinin bahalaşmasının nəticələri ilə bağlı danışan Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, yanacağın bahalaşması hər bir şeyə təsir edən amildir. Nə qədər desələr də ki, digər məhsullar bahalaşan deyil, bu qaçılmazdır, bahalaşmalar olacaq və benzinin qiyməti bütün sahələrə təsir edəcək. Deputat benzinin bahalaşmasının kommunal xidmət haqlarına təsirindən danışarkən bildirib ki, Azərbaycanda sözügedən xidmətlərin qiyməti kifayət qədər yüksəkdir: "Növbəti artım sosial gərginliyə səbəb olacaq. Əhali hətta ödənişlərdən imtina edə bilər. Düşünürəm ki, bu da əlavə problemlər yaradacaq”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, Azərbaycan bazarlarında Aİ-95 markalı benzinə tələbat çox olmadığı üçün qiymət artımı əhalinin cibinə o qədər də təsir etməyəcək. Eyni zamanda, ekspertin qənaətincə, qiymət artımının obyektiv səbəbləri var və qiymət artımı gözlənilən idi: "Hələ iki ay əvvəl Dövlət Neft Şirkəti Azərbaycan hökuməti qarşısında məsələ qaldırmışdı ki, yüksəkoktanlı (Aİ-95) benzinin istehsalını dayandırır. Azərbaycanda iki neftayırma zavodu olsa da, yalnız birində - Heydər Əliyev adına zavodda benzin istehsal olunur. Bu zavoddakı texnoloji xətlər yüksək oktanlı avtomobil benzini istehsal etməyə imkan vermir. Orda istehsal olunan Aİ-95 əslində Aİ-92 markalı benzinə aşqarlar qatılmaqla əldə olunurdu. Bu, oktan dərəcəsi müəyyən müddət üçün artırılmış benzin idi. Yəni, bu, Avropada gördüyümüz Aİ-95 deyildi. Neft Şirkəti daxili bazarın tələbatını ödəmək üçün bütün imkanlarını Aİ-92-nin istehsalına yönəldib... Bu baxımdan martın 31-də Nazirlər Kabineti qərara alıb ki, Aİ-95 və Aİ-98 benzinlərinin qiymətini dövlət tənzimləməsin. Beləliklə də, həmin markalı benzinlərin qiymətləri sərbəstləşdirilib. İndi Aİ-95-in qiyməti 91 qəpiyə də düşə bilər, 95 qəpik də ola bilər. Hazırda 93 qəpiyə satılan benzin Rumıniyadan gətirilir. Rusiyadan da, Türkmənistandan da, daha başqa yerlərdən də gətirilə bilər. Bu baxımdan qiymətlər daim dəyişəcək. Xaricdən yanacağı gətirənlər Azərbaycan bazarına nə təklif edəcəksə, qiymət də elə olacaq”. Aİ-95 markalı benzinə Azərbaycanda tələbatın nə qədər olmasına gəldikdə isə Mərkəz rəhbəri deyib ki, bu markanın Azərbaycan bazarında xüsusi çəkisi çox azdır: "Heydər Əliyev adına zavod sözügedən markadan cəmisi 60-65 ton istehsal edirdi ki, bu da ümumi bazarda təxminən 5 faiz yer tuturdu. Yəni Aİ-95-ə tələbat 5 faizdən artıq deyil. Aİ-98-ə tələbat isə hədsiz

aşağıdır, demək olar ki, yoxdur. Statistika və Gömrük komitələrinin rəsmi məlumatlarına görə, 2013-cü ildə Azərbaycana cəmi 180 ton Aİ-98 markalı benzin gətirilib. Ümumi ölkə üzrə götürsək, Azərbaycanda Aİ-92-yə 70 faiz, dizelə 25 faiz tələbat var. Daxili bazarda ümumilikdə 1 milyon 300 min ton benzin satılır. Bu səbəbdən də Aİ-95 markalı benzinin bahalaşması bazarlarda heç bir neqativ təsir göstərməyəcək. Sözügedən benzini ancaq böyük motorlu və bahalı avtomobillər istehlak edir ki, bu cür avtomobil sahibləri əgər keyfiyyətli benzin əldə etmək istəyirlərsə, avtomobillərinin çəkisinə uyğun xərc çəkməlidirlər”. Aİ-95 markalı benzinin "Premium” markası kimi satılmasının sürücülər arasında narazılıq doğurmasına gəldikdə isə İ.Şaban deyib ki, onlar arasında kifayət qədər keyfiyyət fərqi var: "Əslində Aİ-95-i Avropada "Premium” markası adlandırırlar. Amma bizimki ilə onun arasında yerlə göy arasında keyfiyyət dəyişikliyi var. Əvvəllər SOCAR-ın istehsal etdiyi Aİ-95 "Avro-2” standartlarına uyğun gəlirdi. Yeni marka isə "Avro-5” standartındadır. Əvvəlki benzinin okdan dərəcəsi kimyəvi maddələr artırmaq hesabına təmin edilirdi. Hazırda gətirilən isə texnoloji yolla alınmış yüksək keyfiyyətli və təbiidir”.

Şəymən