Xalq artistinin vəziyyəti yaxşı deyil

Hərəkətsiz vəziyyətdə uzanan Nuriyyə Əhmədova yemək yeyə bilmir


Xalq artisti Nuriyyə Əhmədovanın vəziyyətində yaxşılığa doğru dəyişiklik nəzərə çarpmır.

ANS PRESS-in məlumatına görə, ötən günlərdə reanimasiya şöbəsindən travmotologiya-ortopediya şöbəsinə köçürülən aktrisaya bu gün gipsi əvəz edən karset geyindiriləcək. Nuriyyə xanımın vəziyyəti hələ ki, yaxşılığa doğru dəyişmir. Aktrisa ağrılarından yerindən tərpənə

bilmir. Hərəkətsiz vəziyyətdə uzanan aktrisa, bu səbəbdən qida da qəbul edə bilmir. Bu hal dərman qəbul etməyə vərdiş etməyən aktrisanın vəziyyətini daha da ağırlaşdırır. Ağrılar üzündən Nüriyyə Əhmədovanın təzyiqi tez-tez yüksəlir. Həkimlər ona çox danışmağa icazə verməsələr də, aktrisa bu qadağaya məhəl qoymur. Nüriyyə xanım söhbət edərkən ağrılarını daha az hiss etdiyini deyir.

Xatırladaq ki, xalq artisti N.Əhmədova ötən gün 11 saylı marşrut üzrə hərəkət edən avtobusda gedərkən sürücü qəfildən əyləcə basıb. Aktrisa müvazinətini itirib və yıxılıb. Nəticədə onurğa sümüyü ciddi zədə alıb. N.Əhmədova dərhal 3 saylı Sabunçu rayon xəstəxanasının reanimasiya şöbəsinə, daha sonra isə palataya yerləşdirilib.