Kerri bölgəyə gəlir

Ekspertlərin ABŞ dövlət katibinin Azərbaycan və Gürcüstan səfərindən gözləntiləri var


ABŞ dövlət katibi Con Kerri yaxın günlərdə Cənubi Qafqaza səfər edəcək. Dövlət katibi səfər zamanı Azərbaycan və Gürcüstanda olacaq. Con Kerrinin Ermənistanı ziyarət edəcəyi barədə isə hələki ABŞ Dövlət Departamentindən heç bir açıqlama verilməyib. Rəsmi Tiflisdən isə bildiriblər ki, ABŞ rəsmisi Cənubi Qafqaz səfəri zamanı Gürcüstana da baş çəkəcək. Səfərin yaxın günlərdə baş tutacağı gözlənilir. Səfərin hansı məqsəd daşıdığı barəsində hələ ki heç bir məlumat verilmir.

Qeyd edək ki, dünən ABŞ-ın dövlət katibi Con Kerrinin Azərbaycana gözlənilən səfərinin təxirə salınması ilə bağlı xəbərlər yayılıb, səbəbi isə qaranlıq olaraq qalıb.

Dövlət katibinin gözlənilən Qafqaz səfərini "Şərq”ə şərh edən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu ilk növbədə, ABŞ-ın dövlət katibi Con Kerrinin Azərbaycana gözlənilən səfərinin təxirə salınması barədə dəqiq məlumatlı olmadığını deyib.

Bununla belə, Ə.Oruclu səfər təxirə salındığı təqdirdə bunun səbəbini regionda baş verən Azərbaycanın xarici siyasətinin müəyyənləşməməsi ilə əlaqələndirib.

Konkret olaraq, Kerrinin Azərbaycana səfərinin arxasında hansı məqsədin dayandığına gəldikdə isə politoloq bunun dünyada baş verən proseslərlə bağlı olduğunu deyib: "Səfərdə məqsəd ilk növbədə ABŞ-ın bölgəyə diqqətini göstərməkdir. Şübhəsiz ki, buna da birbaşa təsir edən addımlardan biri Rusiyanın Ukraynadakı davranışı, ölkənin ərazi bütövlüyünə hərbi təcavüzü və Krımı "de- fakto” işğalıdır. Digər səbəb isə Kremlin ümumilikdə post-sovet məkanına daxil olan ölkələri təzyiq yolu ilə Gömrük İttifaqına daxil etmək istəyidir”. Ə.Oruclunun qənaətincə, ABŞ dövlət katibinin Azərbaycana səfər gündəliyində Azərbaycan qazının Avropaya daşınması məsələsi də var. Politoloq C.Kerrinin bu yaxınlarda Azərbaycanla bağlı açıqlamasını da xatırladıb: "Kerri Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində ən önəmli ölkələrdən biri olduğunu bəyan etmişdi. Çox güman ki, bu məsələ ilə bağlı ABŞ Azərbaycana diqqətini daha da artırıb. Avropanın enerji təchizatının diversifikasiya olunmasına və Rusiyadan kənar layihələrin həyata keçirilməsində real təhlükələr var. Artıq Rusiya Gürcüstan ərazisində Bakı-Tbilisi-Ceyhan xəttinə yaxınlaşır, bu tərəfdən isə Ukraynaya müdaxilə edərək Cənubi Qafqaz ölkələrini də təzyiq altında saxlamaqla öz təsiri altına almağa çalışır. Dediyim kimi, səfər çərçivəsində əsas müzakirə predmetindən biri Avropanın enerji təhlükəsizliyi məsələləri olacaq. Ancaq bundan əvvəl Azərbaycanın özünün təhlükəsizliyinə təminat verilməlidir”.

ABŞ Dövlət katibinin səfər proqramında Ermənistanın adının qeyd olunmamasına gəldikdə isə politoloq bunun heç də təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, Ermənistanın son zamanlar Rusiyaya bağlılığı onu sözün həqiqi mənasında Avropanın gözündən salıb: "Con Kerrinin Cənubi Qafqaza səfər proqramında Ermənistanın adının hallanmaması bir neçə faktla bağlıdır. Birincisi, Ermənistanın Gömrük İttifaqına qoşulacağı haqqında verdiyi qərardır. Ermənistan həm də faktiki olaraq, Rusiyanın Krımı ilhaq etməsinə bəraət qazandırdı. Hətta BMT Baş Assambleyasında da məsələnin müzakirəsi zamanı Krımın işğalının lehinə səs verdi. Təbii ki, bunlar da Avropa ölkələrinin və ABŞ-ın Ermənistana qarşı münasibətində öz təsirini göstərəcək”.

Şəymən