Dünya qarışıb, Qarabağ unudulub

Faktiki olaraq, bu münaqişənin həlli heç bir dövlətin gündəliyində durmur


Aprelin 4-də ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü keçirilib. Bu danışıqlardan əvvəl aprelin 3-də Vyanada həmsədrlərin özlərinin görüşü keçirilib. Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqlarında ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (RF), Jak For (Fransa) və Ceyms Uorlikdən (ABŞ) başqa ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Həmsədrlər yenə nazirləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli, dinc yolla həlli üzərində işi davam etdirməyə çağırıb. Onlar yaxın gələcəkdə prezidentlər səviyyəsində görüş keçirilməsi ehtimalını müzakirə ediblər və əsas məsələlər üzrə irəliləyiş əldə etməyin aktuallığını qeyd ediblər. Həmsədrlər yenidən nazirlərin bölgədə gərginliyin azalması üzrə konkret addımlar atması və sülh prosesini irəlilətməsi zərurətini vurğulayıblar.

Moskva görüşünü sıradan bir görüş kimi dəyərləndirən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, XİN başçılarının budəfəki görüşü heç əvvəlcədən də planlaşdırılmamışdı: "Sadəcə, MDB xarici işlər nazirlərinin toplantısı çərçivəsində ATƏT həmsədrləri Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlara nail oldular. Əvvəlcədən heç bir planlaşdırma olmadığı üçün bu görüşdən Dağlıq Qarabağ probleminin həllinə dair hansısa bir irəliləyiş də gözləməyə dəyməzdi və olmadı da”.

Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prososesinin xeyli intensivləşdiyini vurğulayan politoloqun sözlərinə görə, problemin həllinə dair həmsədrlər tərəfindən müntəzəm açıqlamalar gəlir və görüşlərin sayı da ötən illə müqayisədə xeyli artıb: "Amma bütün bu fəallıqlara rəğmən danışıqlar prosesində heç bir irəliləyiş yoxdur, münaqişə yerindəcə sayır”. E.Şahinoğlunun sözlərinə görə, son zamanlar dünyada baş verən proseslər Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi şəkildə mane olur. Böyük dövlətlərin başı Ukraynanın ərazi bütövlüyünə Rusiyanın hərbi təcavüzü və Krımın ilhaqına qarışıb və müəyyən mənada Dağlıq Qarabağ münaqişəsi arxa plana atılıb. Faktiki olaraq, bu gün münaqişənin həlli heç bir dövlətin gündəliyində deyil. Sadəcə olaraq, həmsədrlər nəticəsiz görüşlər keçirməklə görüntü yaradır”.

Şəymən