Kamal Kılıçdaroğluna yumruq atdılar

Ərdoğan“Keçmiş olsun” dedi


Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasında hücuma məruz qalıb. K. Kılıçdaroğlu CHP parlament fraksiyasının toplantısının keçirildiyi salona gedərkən qəflətən naməlum şəxsin yumruq zərbəsinə tuş gəlib. Zərbədən sonra müxalifət liderinin eynəyi yerə düşüb. Zərbə endirən şəxsin saxlanıldığı bildirilir.

Türkiyə Böyük Millət Məclisinin binasında CHP lideri Kamal Kılıçdaroğluna yumruq zərbələri endirən adamın şəxsiyyəti müəyyənləşdirilib. Müxalifət liderinə hücum edən şəxsin Ankarada yaşayan 1986-cı il təvəllüdlü ərzurumlu, əvvəllər silahlı hücum və narkotik cinayətləri ilə məhkum edilmiş Orxan Övən olduğu müəyyən edilib. O. Övən polisə ilkin ifadəsində "Alpərən Ocaqları”nın üzvü olduğunu bildirib: "CHP qrup toplantısına gəldiyimi söyləyərək parlamentə daxil oldum. Mən alpərənəm. Kılıçdaroğlunu yumruqlamağı qərara aldım, o səbəblə gəldim. Onun girişini gözlədim və fürsət yaranan kimi yumruq vurdum”. (Qeyd edək ki, "Alpərən Ocaqları” mərhum Muhsin Yazıçıoğlunun yaratdığı millətçi-islamçı Böyük Birlik Partiyasına yaxın qurumdur.)

Hadisə zamanı K. Kılıçdaroğlu sol gözünün altından bir neçə yumruq zərbəsi alaraq yerə yıxılıb və onun pencəyi cırılıb. K. Kılıçdaroğlunun mühafizəçisi O. Övəni yaxalayıb və CHP üzvləri

onu döyməyə başlayıblar. Bəzi CHP millət vəkilləri ağlayıb. Polis O. Övəni oradan uzaqlaşdıra bilib. İnsidentə baxmayaraq, K. Kılıçdaroğlu CHP millət vəkili İhsan Özkesin pencəyini geyinərək fraksiya toplantısına qatılıb və çıxış edib. O, hər kəsi sakitliyə çağırıb: "Demokratiya yolu əngəllərlə doludur. Hücumlar, təzyiqlər bizim qarşımızı kəsə bilməz. Bu, CHP liderinə edilən ilk hücum deyil. Rəhmətlik İsmət İnönüyə də daşlar atıldı, başı yarıldı. Biz kimisə önündə diz çökən, geri çəkilən deyilik”.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun hücuma məruz qalmasına münasibət bildirib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan demokratik parlamentar sistem içərisində bu cür hərəkətlərin yolverilməz olduğunu deyib: "Belə əməlləri qətiyyətlə pisləyirik. Mən hörmətli Kılıçdaroğluna keçmiş olsun deyirəm. Ona telefon açaraq bunu söyləyəcəyəm”.

Prezident Abdullah Gül isə K. Kılıçdaroğluna zəng edərək "keçmiş olsun” diləklərini çatdırıb. Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və parlamentdə təmsil olunan siyasi partiyalar da hadisəni pisləyən açıqlama veriblər.