Moskvadan geri dönmək bəhanədir

Erməni hərbiçilərinin Bakıdakı konfransda iştirak etməyə nə üzü var, nə də mənəvi haqqı


Bakıda keçirilən MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti yığıncağına yollanan Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvadan geri qayıtmalı olub. Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda deyilib ki, Azərbaycan erməni hərbçilərini qəbul etməyə maraqlı olduğunu təsdiqləmədiyindən, onlar İrəvana qayıdıblar.

Məlumata görə, Bakıya getmək üçün Ermənistan hərbi nümayəndə heyəti aprelin 7-də Moskvaya gedibmiş. Lakin MDB Nazirlər Şurası katibliyinin dəvət etməsinə və Azərbaycan Müdafiə Nazirliyinə rəsmi bildiriş göndərməsinə baxmayaraq, qəbul edən tərəf Ermənistan nümayəndə heyətini qəbul etməyə hazır və maraqlı olduğunu təsdiq etməyib. Bu səbəbdən Ermənistan nümayəndə heyətinin Bakıya uçuşu ləğv edilib və heyət üzvləri İrəvana qayıdıb.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, ermənilər bu cür bəhanələrlə Azərbaycanın beynəlxalq arenadakı nüfuzuna zərbə vurmağa və dünyada Azərbaycan haqqında mənfi imic yaratmağa çalışırlar: "Birinci dəfə deyil ki, ermənilər Azərbaycana buraxılmadıqlarını iddia edirlər. Onların bəhanələri saysız-hesabsızdır. Hesab edirəm ki, Azərbaycan tərəfi bu cür mənasız şeylərə əhəmiyyət verməməlidir. Ermənilər nə etdiklərini çox gözəl bilirlər. Onu da yaxşı başa düşürlər ki, həyata keçirdiyi işğalçılıq siyasətinin müqabilində bütün dünya onlara qarşıdır. Digər tərəfdən də elə onların yarı yoldan qayıtması daha məqsədəuyğundur. Guya ki, erməni hərbiçiləri həmin tədbirə qatılıb, nə edəcəkdilər? Hansı üzlə həmin tədbirdə fikir mübadiləsi aparacaqdılar? Onların azərbaycanlıların qarşısına çıxıb, söz deməyə üzləri olmadığı üçün bu cür mənasız və əsassız bəhanələrlə tədbirdə iştirakdan imtina ediblər. Erməni silahlı qüvvələri Azərbaycanın 20 faizdən artıq torpaqlarını işğal edib və hələ də həmin ərazilərdə bu siyasətlərini davam etdirirlər. Guya ki, Azərbaycan tərəfi şərait yaratmadığı üçün onlar Moskvadan geri qayıdıblar. Məncə, bu, ermənilərin növbəti hiyləsidir. Ermənilərə tədbir üçün dəvət çoxdan göndərilmişdi. Onlar isə tədbirə bir-iki gün qalmış hay-küy salıblar ki, Azərbaycan erməni hərbiçiləri qəbul etməyə maraqlı olduğunu təsdiqləmədiyi üçün nümayəndə heyəti Moskvadan geri qayıtmalı olub. Hansı ki, tədbirə sədrlik rəsmi Moskvaya məxsus idi. Əgər erməni hərbiçilərinin Azərbaycana gəlməsinin qarşısını almaq üçün doğrudan da Bakıya uçuş ləğv edilsə idi, onlar öz havadarlarına müraciət edərək şüvən salardılar. Onlara faktiki olaraq Ermənistandan çıxmaq lazım idi ki, guya, bunların getmək niyyəti olub, Azərbaycan onları Bakıya buraxmayıb”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc isə deyib ki, erməni diplomatlarının buna qədərki dönəmlərdə, müxtəlif tədbirlər çərçivəsində ölkəmizə gəlişi hər nə qədər fərqli reaksiyalara səbəb olsa da, dövlət öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib və heç bir halda Azərbaycanın qapalı ölkə olmadığını göstərib: "Azərbaycan ermənilərə qarşı hər zaman dözümlü münasibət sərgiləyib. Erməni millətçilərinin Azərbaycana gələn nümayəndə heyətinin həyatına təhlükələrlə bağlı hay-küylərinin də əsassız olduğunu dünyaya nümayiş etdirib”.

Millət vəkilinin sözlərinə görə, diplomatlarından və təşkilat rəhbərlərindən fərqli olaraq, erməni hərbiçilərinə qarşı dözümlü münasibət göstərmək o qədər də asan məsələ deyil. Xüsusən də, cəmiyyətin onlar barəsində düşüncələrinin çox həssas olduğunu vurğulayan Z.Oruc bunun da kifayət qədər real və əsaslı köklərinin varlığını qeyd edib: "Faktiki olaraq, Azərbaycanın ərazi

bütövlüyünə qarşı təcavüz aktları və işğalçılıq məhz erməni ordusu tərəfindən həyata keçirilib. Hətta mümkündür ki, yaşı əllini keçmiş, müxtəlif orden və medallı, böyük rütbə daşıyanların əksəriyyəti məhz Qarabağ hadisələrində real əməliyyatlar həyata keçiriblər. Həmin nümayəndə heyətinin gələcəyi təqdirdə tədbirdə Azərbaycan əleyhinə bəyanatlar səsləndirəcəyi və erməni mənafelərini də burada təbliğ edəcəkləri istisna deyildi. Şəxsən bir parlament üzvü olaraq, mənim üçün hadisənin real tərəfi bəlli deyil. Azərbaycana gələcək nümayəndə heyətinin konkret olaraq, hansı səbəbdən Moskvadan geri qayıtdığını deyə bilmərəm. Əslində, onların yarı yoldan geri qayıtması daha yaxşı olub və zənnimcə, Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Bakıda keçirilən MDB ölkələri Silahlı Qüvvələrinni Qərargah Rəisləri Komitəsinin növbəti yığıncağında iştirak etməməsini əlahiddə hadisə kimi dəyərləndirməyə heç bir əsas yoxdur. Əslində erməni generalları və yaxud hərbi rəhbərliyinin Azərbaycanın da iştirak etdiyi hər hansı bir proqrama qoşulmasının özü sual doğuran məsələdir”.

Şəymən