Vəfa Quluzadə: “Putini Hitlerin taleyi gözləyir”

“Putini Hitlerin taleyi gözləyir” Vəfa Quluzadə: “Qərbin Rusiyaya yönəlik alternativ variantı qalmayıb”


Rusiya beynəlxalq aləmin təpkilərinə baxmayaraq yenidən Ukraynada fəallaşıb. Ukraynanın ərazi bütövlüyü sözün həqiqi mənasında sual altındadır. Krımı Ukraynadan söküb alan Putin "parçala, hökm sür” siyasətini ölkənin şərq vilayətlərində həyata keçirir. Son günlər ölkənin şərq regionlarında separatçılar ayağa qalxıb. Görünür, Putin Donetski, Luqanskı və Xarkov kimi əraziləri Ukraynadan ayırmaq niyyətindədir.

Artıq Ukraynanın Donetsk vilayətinin Xalq Şurası etiraz aksiyaları keçirərək Donetsk respublikasının yaradılması və bölgənin Rusiyaya birləşdirilməsi haqda qərar qəbul edib. Ötən gün Xalq Şurasının gözlənilməz qərarı Ukrayna ilə yanaşı, bölgədə də ciddi narahatlıq yaradıb. Rusiya-Ukrayna mübarizəsi getdikcə alovlanır. Faktiki olaraq, beynəlxalq prinsiplərə məhəl qoymadan əndazəni aşan "şimal ayı”sı açıq-aşkar dünyaya meydan oxuyur. Ukraynanın ərazi bütövlüyünə təcavüz etdiyi, Krımın Rusiyaya birləşdirilməsi haqqında qərar çıxartdığı azmış kimi Rusiya hərbiçiləri indi də Ukraynanın şərq regionlarını öz təsiri altına alıb. Siyasi analitiklər isə Krımdan sonra Donetskin də Rusiyaya birləşdirilməsini Ukraynanın sonu kimi qiymətləndirir, Kremlin hiyləgər parçalama siyasətinin xoşagəlməz nəticələrə səbəb olacağını düşünürlər. Xalq Şurasının Rusiyaya birləşmək qərarı Qərb, eləcə də dünya güclərinin ciddi narahatlığına səbəb olub. Təbii ki, Rusiyanın bölgədə əsas güc mərkəzinə çevrilməsi böyük dövlətləri narahat etməyə bilməzdi. Krımdan sonra Donetskin taleyinin necə olacağı indidən bilinməsə də, vilayətin Rusiyaya birləşib-birləşməməsi mayın 11-dək bəlli olacaq. Belə ki, Donetsk vilayətinin Xalq Şurasının verdiyi qərara əsasən, mayın 11-nə qədər referendum keçiriləcək. Bu isə artıq Kremlin Ukraynaya qarşı təcavüzünün dayandırılmasını tələb edən Qərbə meydan oxuması anlamına gəlir. Belə olan halda proseslərin gedişi nə vəd edir?

"Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadənin qənaətincə, Vladimir Putin ABŞ və Qərbin Rusiyanın Krımı işğal etməsinə göz yummasını arzu edir. Politoloq hesab edir ki, Kreml başçısının arzularında həmçinin bunun müqabilində Qərblə Rusiya arasında əməkdaşlığın davam etdirilməsi də var. Rusiyanın bununla öz siyasi maraqlarına legitimlik qazandırmaq və davam etdirmək niyyətində olduğunu deyən V.Quluzadənin sözlərinə görə, Qərb isə Krımın işğalı faktı ilə barışmaq niyyətində deyil: "Rusiyanın Ukrayna sərhədlərinə qoşun yığması Qərbə təzyiqdir. Rusiya bunun Ukraynanı bütövlükdə işğal etmək gücündə olduğunu nümayiş etdirmək istəyir. Rusiya isə bu cür gedişlərlə Ukraynanın bütövlükdə işğalı üçün zəmin hazırlayır. Yanukoviç və Putin bütün imkanlarını ortaya qoyub Ukraynanın Şərq və Cənubunda vəziyyəti stabillikdən çıxarmaq istəyirlər. Bu regionlarda yaşayan ruslar arasında əvvəlcədən yerləşdirilmiş qruplaşmalar müəyyən maddi qarşılıq müqabilində aktivləşdirilirlər. Həmin qrupla Ukraynadan ayrılmaq, Rusiya ilə birləşməyi tələb edirlər. Rusiya təxribat qrupları ilə Ukrayna və

Qərbi açıq şəkildə hədələyir. Belə gedişlər isə Donetsk və digər regionlarda qarşıdurma hallarını artırır. Rusiya isə geri çəkilmək fikrində deyil. Qərb Rusiyaya qarşı sanksiyalarının icrasına başlasa, Kreml Ukraynada vəziyyəti daha da gərginləşdirəcək. Ukraynada bu müstəvidə olduqca həssas vəziyyət yaranıb. Qərb də məsələnin Rusiyanın lehinə həll edilməsini istəmir və təkidlə rusların geri çəkilməsinə çalışır. Bu isə Qərbin Rusiyanı məhv etmək planının başlanması deməkdir. Putin bunu çox gözəl bilir. Putini isə Hitlerin aqibəti gözləyir. Çünki Qərb Kremlin geosiyasi layihələrinin məhv edilməsi planının reallaşdırılmasında istəkli kimi görünür. Ukraynanın işğal edilməsi Rusiya Federasiyasının dağılmasına səbəb olacaq”. Vəfa Quluzadə bildirib ki, Ukraynadakı həssas vəziyyət Qərblə Rusiya arasında silahlı müharibənin başlanmasına zəmin yarada bilər. Politoloq qeyd edib ki, region dövləti Çexiya da təhlükəsizliyinin təmini üçün NATO qüvvələrinin bu ölkədə yerləşdirilməsini istəyir: "Rusiya işğalçılıq siyasətindən geri çəkilməsə, NATO regionda möhkəmlənməklə Şərq və Cənubdan Ukraynaya qoşun yeridəcək. Şimali Atlantik Alyansının məsələyə qarışması vəziyyəti daha da gərginləşdirir. Rusiya axıradək Qərblə düşmənçilik siyasətinə sadiq qaldı. Ona görə də Qərbin Rusiyaya yönəlik alternativ variantı qalmayıb. Qərb gərək Putin Rusiyasını məhv etsin. Müttəfiqlər Rusiyanı dayandırmaq üçün bütün imkanlardan istifadə edəcəklər”.

Ekspert hesab edir ki, Qərb axıra qədər Rusiya ilə müharibə aparmağa hazırdır. Sanksiyalar, iqtisadi müharibə, lazım gəlsə, lap qaynar müharibə də ola bilər. Putin isə atdığı addımlarla özünü çıxılmaz vəziyyətə qoyur: "Necə ki, Hitler öz təcavüzlərinə başlayandan sonra çıxılmaz vəziyyətə düşdü. Artıq ona qarşı koalisiya yaranmışdı. Ona görə də Hitler 1945-ci ilin mayın 8-nə qədər yer altında bunkerdə gizləndi. Sonra başına bir güllə vurub öldü. Putin də bu vəziyyətdədir. Putin də axıra qədər gedəcək və o cür qurtaracaq. Onun bu dəqiqə geri çəkilmək imkanı yoxdur. Putin geri çəkilsə, ölkədəki vəziyyət onu çıxılmaz duruma salır. Ona görə vəziyyət pisdir. Bu, ciddi qarşıdurmadır və qarşıdurmada hər şey ola bilər. İstər iqtisadi, istərsə də qaynar müharibənin nəticəsi kimi rus imperiyasının darmadağın olması labüddür”.

Şəymən