Ya torpaq, ya Masazır...

“Sovetski”nin balaca evləri hələ sökülməyib


"Sovetski” sakinləri, deyəsən, verilən məbləğlə razılaşmaq məcburiyyətində qalıblar. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehtiyevin APA-ya açıqlamasında köçmək üçün müraciət edən "Sovetski” sakinlərindən 110 nəfərin artıq pulunu aldığını söyləyib: "İndiyədək pulları ödənilmiş sakinlərdən 20-nin evi sökülüb, 15 evin də bir neçə günə sökülməsi nəzərdə tutulub. Bir aydan sonra, pulları ödənilmiş digər sakinlər də özlərinə ev tapdıqdan sonra onların da evlərini sökəcəyik.

Artıq "Sovetski” məhəlləsindəki camaat Yasamal Rayon İcra Hakimiyyətinə axışır ki, pulumuzu verin, köçürük. Hər gün ən azı 25-30 nəfər müraciət edir. Ümumiyyətlə, hazırda 150 nəfər növbədə dayanıb. Bu gün komissiya onların da müraciətlərinə baxacaq və sənədlər banka təqdim olunacaq ki, onların da pulları verilsin. İşimiz yaxşı gedir, camaat da razılıq edir”.

İ.Mehtiyev evlərinin sahəsi az olan "Sovetski” sakinləri ilə bağlı məsələnin hazırda Nazirlər Kabinetində müzakirə olunduğunu qeyd edib: "Nazirlər Kabineti hələ bununla bağlı bizə təklif təqdim etməyib. Güman edirəm ki, dövlətimiz bu məsələyə müsbət rəy verəcək. Camaatımız narahat olmasın, prezident bu məsələyə çox humanist yanaşır. Humanist yanaşmasaydı, bu məsələ də gündəmə gətirilməzdi”.

Xatırladaq ki, "Sovetski” məhəlləsində söküləcək evlərdə 1 kvadrat metr üçün 1500 manat təklif olunub. Sakinlərin bir qrupu bu məbləğlə razılaşmır.

"Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin sədri Ramil Osmanlının "Şərq”ə "Sovetski”nin unikallığı ilə seçildiyini söyləyib: "Yəni burada evlərin böyük əksəriyyəti kiçik ölçülü yaşayış sahələrinə aiddir. Belə evlərin ölçüləri təxminən 40 kvadrata qədərdir. Bu da o deməkdir ki, əhaliyə ödəniləcək kompensasiyanın həcminin təxminən 30 faizi altmış min manat və ondan aşağı rəqəm təşkil edəcək. Həmin qiymətlərlə də mənzil sahibi olmaq mümkün deyil. Yalnız şəhərin mərkəzindən kənar 1 və ya 2 otaqlı kiçik evlər almaq olar. Və yaxud onlar ancaq Masazır və digər kənar yaşayış massivlərində torpaq alıb, ev tikə bilər. Yeganə çıxış yolu bundan ibarətdir. Ona görə də adıçəkilən yaşayış massivinin sakinləri bununla razılaşmır və prinsipiallıq göstərir”.

Vüqar Şahinoğlu