Cəbhədə partlayış...

3 nəfərin həlak olması, 6 nəfərin yaralanması ilə nəticələnən partlayışa tank əleyhinə mina səbəb olub


Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlamasının nəticələrini şəxsən araşdırmaq üçün dünən hadisə yerində olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və bir qrup zabit heyəti Bakıya qayıdıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ilkin araşdırmaya əsasən, partlayışa müharibə dövründən qalma tank əleyhinə mina səbəb olub.

"Mina çox dərində yerləşdiyindən, onun xüsusi avadanlıqla aşkar edilməsi mümkün olmayıb, ərazidə aparılan qazıntı nəticəsində partlayış baş verib”, - deyə məlumatda bildirilir.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir.

Qeyd edək ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb.

Həlak olan hərbi qulluqçular:

- kapitan Orucəliyev Ceyhun Cəlil oğlu;

- əsgər Kərimov Seyfəddin Nəvai oğlu;

- əsgər Abdullayev Novruz Qurban oğlu.

Yaralı hərbi qulluqçular:

- əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu;

- əsgər Mirzəyev Alı Pənah oğlu;

- əsgər İsgəndərzadə Azər Eyyub oğlu;

- əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu;

- əsgər Cəbrayılov Sadiq Misirxan oğlu;

- əsgər Talıbov Emin Talıb oğlu.

Milli ordumuzda baş verən bədbəxt hadisə ilə bağlı "Şərq”ə danışan hərbi ekspert Azad İsazadə isə hesab edir ki, bir neçə hərbiçinin bir yerdə minaya düşməsi çox ciddi məsələdir və mütləq hadisənin nədən baş verdiyi araşdırılmalıdır: "Bütün hərbiçilər, xüsusən də cəbhə bölgəsində xidmət edən hərbiçilər minalanmış ərazilərdə özlərini qorumaqla bağlı xüsusi təlimlər keçirlər. Hər bölükdə, hər taborda ayrıca mina axtaranlar da var. Ola bilər ki, hansısa hərbiçi tapşırıq yerinə yetirən zaman minaya düşsün. Amma eyni zamanda 3 hərbiçinin kütləvi şəkildə mina partlamasından həyatını itirməsi və 6 əsgərin müxtəlif bədən xəsarətləri alması, heç şübhəsiz, təhlükəsizlik qaydalarına tam əməl etmədiklərinin göstəricisidir. Görünür, həmin hərbiçilər hansısa qaydanı yerinə yetirməyiblər. Birdən-birə minanın ətrafında o qədər hərbiçinin olması o deməkdir ki, həmin ərazi minadan yoxlanılmayıb. Həmin hərbiçilər səngərbərkitmə zamanı minaya düşüblər. Deməli, köhnə mina hardasa torpağın altında imiş, qazıntı zamanı da ona toxunulub və partlayıb. Hər halda cinayət işi açılıb və istintaqın nəticəsində dəqiq məlumat əldə olunacaq. Hələlik isə mənim ilkin versiyam bu cürdür”.

A.İsazadənin sözlərinə görə, mülki şəxslərin minaya düşməsini müəyyən mənada normal qəbul etmək olur. Çünki mülki şəxslərə minalanmış ərazidə necə davranacaqlarına dair təlimlər keçirilmir. Hərbiçi isə minalanmış ərazidə necə davranmaq lazım olduğunu bilməli və minalı ərazilərdə hər zaman ehtiyatlı davranmalıdır: "Bu səbəbdən də sözügedən faciəli hadisə ilə bağlı istintaq aparılmasını zəruri hesab edirəm. Həmin hərbiçilərə nə zaman mina ilə bağlı hərbi təlimlər keçirildiyi araşdırılmalıdır. Hər bir hərbi hissədə mina təhlükəsizliyinə cavabdeh olan insanlar və təlim jurnalı var. Bütün bunlar istintaq materialı kimi işə cəlb olunmalıdır”.

Şəymən