“Məni ümidsiz qoymayın, amandır!”

“Oğlumu yol polisləri öldürüb”


"Polislər oğlumu gözümün önündə vurub öldürdülər. Əlaqədar qurumlar bu cinayəti açıq-aşkar gizlətdilər. Respublikanın nüfuzlu məmurlarına müraciətlərim isə nəticəsiz qaldı”. Bu sözlər "Şərq”ə daxil olmuş şikayət ərizəsindəndir. Şikayət ərizəsini yazansa 2010-cu ilin 28 dekabr tarixində oğlu gözləri önündə can vermiş Əli Əlif oğlu Hüseynovdur. Həmin tarixdə Bakının Binəqədi rayonu ərazisində baş vermiş hadisə barədə mediada geniş məlumat verilib. Söhbət yol polislərinin yol-hərəkət qaydasını pozduğunu iddia etdikləri avtomobili saxladıqları zaman sürücünün qəfil həyatını itirməsi olayından gedir.

Oğlunu itirmiş ata 3 ildir hüquq-mühafizə orqanlarına müraciət etdiyini, lakin övladının ölümünə bais olan polislərin ədalət məhkəməsindən yayındığını bildirir.

Redaksiyaya təqdim etdiyi şikayət məktubunda Ə.Hüseynov həm hadisə, həm də sonrakı istintaq hərəkətləri barədə ətraflı məlumat verib.

Şikayətçinin yazdığına görə, göstərilən tarixdə oğlu Hüseynli Elşənin idarə etdiyi maşını, heç bir qanun pozuntusuna yol vermədiyi halda, Bakının 9-cu kilometrində, Binəqədi rayonu ərazisində yol polisinin 773 saylı patrul xidməti maşınında xidmət edən Ələkbərov Vüqar Çingiz oğlu saxlatdırıb. Həmin vaxt ata da maşında olub. Sürücü yol hərəkəti qaydasını pozmadığı halda niyə saxlanılması ilə bağlı yol polisləri ilə mübahisə edib. Maşında əyləşmiş ata bir də onu görüb ki,

oğlu polis maşınının sağ tərəfində yerə yıxıldı. Elşən Hüseynli elə oradaca keçinib. Ata şikayət ərizəsində yazır ki, hadisənin başvermə təfərrüatını polis maşınının sürücüsü Ağayev Azad Əziz oğlu öz izahatında anladıb. Sürücü izahatında təsdiq edib ki, saxlanılan maşının sürücüsü polis maşınına yaxınlaşıb, gülə-gülə "rəis, nə olub, nə qulluq?” soruşub. Ağayev Azad deyib: "Keç maşının sağına, rəislə danış”. "Bu vaxt polislər maşının içərisində olublar. Maşından düşmüş olsaydılar, özləri sürücüyə yaxınlaşardılar. Elşən Hüseynli maşının qarşısından sağ tərəfə keçib, qapının şüşə yerindən içəri əyilib. E.Hüseynli bundan sonra yerə yıxılıb və vəfat edib. İndi mən sizə inanım, yoxsa öz gördüklərimə? Yaxınlıqdakı emalatxananın işçisi də polis maşınının içərisindən oğluma qəfil zərbə vurulduğunu görüb”. Şikayətçinin dediyinə görə, işi araşdıran müstəntiq atanın başına gəlmiş qəfil faciədən məharətlə istifadə edib, sözlərini başqa cür yazıb və onu aldadıb.

"Mənə yazıblar ki, oğlunuz işemiya xəstəliyindən, yəni, ürək çatışmazlığından dünyasını dəyişib. Halbuki oğlumda heç vaxt ürək xəstəliyi olmayıb. Oğlum ABŞ səfirliyində çalışırdı və səfirliyin xətti ilə 2010-cu il oktyabrın 22-də Bakı Beynəlxalq SOS-da tibbi müayinədən keçmişdi. Onun ürəyində problem olsaydı, ABŞ səfirliyində işə qəbul etməzdilər. Oğlumun işemiyadan vəfat etməsinin səbəbi ani zərbə və ya güclü stressdən yaranır. Oğlum polis maşınının içərisindən vurulan qəfil zərbə ilə yerə yıxılıb, qəfil zərbə nəticəsində beyinə gedən damarlarda tromb yaranıb və ürək fəaliyyətini dayandırıb. Bunu kardioloqlar da təsdiqləyir. Amma tibbi ekspertizanın rəyində oğlumun guya, ürək çatışmazlığı olduğu və bundan vəfat etdiyi yazılıb”. Şikayətçi ata bildirir ki, oğlunun sifətində burunun yuxarı çuxur yerində çapıq, gicgahında isə zədə izi olub. Lakin müstəntiq bunların heç birini ciddiyə almayıb. Hadisə baş verən gün ata Binəqədi rayon prokurorluğuna ərizə ilə müraciət edib, lakin həmin yol polisləri saxlanmayıb, cinayət işi açılmayıb, polislər də sorğuya alınmayıb. Sübutların qorunması, tədqiqatı və toplanması üçün heç bir hərəkət yerinə yetirilməyib. Prokurorluq dərhal hadisə yerinə gəlməli, isti izlərlə təhqiqat aparmalı olduğu halda, bunların heç birini etməyib. Müstəntiq Elşən Məmmədov hadisə yerinə baxış keçirmədən, yalnız ekspertin rəyindən istifadə edərək ilkin baxış protokolunu ailənin təkidindən 15 gün sonra yazıb verib. Ölümün hansı səbəbdən baş verməsinə dair ekspert rəyi isə ailəyə 27 gün sonra təqdim edilib. Əli Hüseynov iddia edir ki, ekspert rəyinin bu qədər gecikdirilməsi də ölümün əsl səbəbinin gizlədilməsi ilə bağlıdır. "Bunu ona görə etdilər ki, təkrar analiz götürmək mümkün olmasın. Çünki hüceyrələr tez məhv olur. Müstəntiq hadisə yerindən 150 metr kənarda dayanmış şəxsin ifadəsinə güvənir, amma emalatxana işçisinin şahidliyini qəbul etmir. Uydurma və bənzətmələrə istinad edən ibtidai istintaqda yol verilmiş nöqsanlar ədalətli məhkəmə araşdırmasına mane olub. Binəqədi tibbi eksperti, prokuror və müstəntiq bu cinayəti gizlətdilər”.

Şikayətçi indiyədək bir sıra dövlət strukturları rəhbərlərinə dəfələrlə müraciət etdiyini, lakin oğlunun ölümünə bais olanların ədalət məhkəməsi qarşısına çıxmasının təmin edilmədiyini yazır. 2011-ci ilin fevralında isə Ə.Hüseynov respublikanın baş prokuroru Zakir Qaralovun qəbulunda olub. Baş prokuror göstəriş verib ki, iş Binəqədi rayonundan alınaraq başqa rayona verilsin. Təəssüf ki, baş prokurorun göstərişinə də indiyədək əməl olunmayıb. Dərdli ata baş prokurorun qəbuluna düşmək istəsə də, o gündən sonra buna nail ola bilməyib. "Baxmayaraq ki, məni baş prokurorun qəbuluna bilavasitə Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsindən göndərirlər. Qəbula yazılıram, hər dəfə adımı siyahıdan çıxarırlar”. Əli hər yerdən üzülmüş ata Prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya, yenə də baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Milli Məclisin sədri Oqtay Əsədova müraciət edərək işin ədalətlə araşdırılmasını və günahkarların cəzalandırılmasını istəyir. Oğul itkisi yaşamış gözüyaşlı ata məktubunun sonunda bu cümlələri yazıb: "Qarşınızda diz çöküb yalvarıram, haqq-ədalət naminə bu cinayətin açılması üçün bütün imkanlarınızdan istifadə edəsiniz. Məni ümidsiz qoymayın, amandır!”

Məlahət Rzayeva