Suriyada strateji pauza yaranıb

Qərb gec-tez Əsəd rejiminə son qoyacaq


Suriya prezidenti Bəşər Əsəd Ukraynanın keçmiş rəhbəri Viktor Yanukoviçlə bənzədilməməsini istəyərək Rusiya prezidenti Putinə "Mən Yanukoviç deyiləm, ölkəni qoyub getməyəcəm” mesajı yollayıb. Bu mesajı Putinə Əsədlə Şamda görüşən keçmiş baş nazir Sergey Stepaşin çatdırıb.

Suriya liderini yaxşı vəziyyətdə gördüyünü ifadə edən sabiq baş nazirin sözlərinə görə, Əsəd Suriyadakı müharibəni 1 il müddətinə bitirəcəyini və daxildəki terroristləri təmizləyəcəyini deyib. Əsədin qısamüddətli olaraq "unudulduğunu” söyləyən siyasi elmlər doktoru, professor Elman Nəsirli qeyd edib ki, Qərbin əsas diqqəti Ukraynadakı hadisələrə, Krımın taleyi ilə bağlı məsələlərə yönəldiyindən, Suriya olayları bir qədər kölgədə qalıb: "İstənilən hadisə bir müddət keçəndən sonra dünyanın diqqət mərkəzindən yayınır. Suriya ilə bağlı Qərbin mövqeyində sadəcə strateji pauza yaranıb. Amma bu pauza qısamüddətlidir və tufanqabağı sakitlik kimi bir şeydir. Qərb gec-tez Suriyada Əsəd rejiminə son qoyacaq. Qərblə Rusiyanın məlum qarşıdurmasında strateji yox, praktiki baxımdan Rusiya udmuş kimi görünür. Təsadüfi deyil ki, artıq ABŞ-ın özündə də hakim partiyaya müxalif olan Respublikaçılar Obama Administrasiyasını hadisələrə çox yumşaq davranmaqda ittiham edirlər. Onlar deyirlər ki, 2016-cı ildə hakimiyyətə gəldikləri zaman ABŞ-ın milli maraqlarını lazımi səviyyədə təmin edəcəklər. Çünki Obama bunu bacarmır. Bu proseslər fonunda Suriya prezidenti Bəşər Əsəddə daxili arxayınçılıq yaranıb. Həm Suriyadakı proseslərin dünyanın diqqətindən kənarda qalması, həm də Suriyanın müttəfiqi olan Rusiyanın "qələbə” qazanması Əsədi hakimiyyətdə qalacağı düşüncəsinə sövq edib. Ona görə də, o, hesab edir ki, ən azı bir il müddətinə daxildəki qarşıdurmanı tamamən aradan qaldıracaq”. E.Nəsirlinin sözlərinə görə, Yanukoviçlə özünü müqayisə edən Əsəd aralarında ciddi fərq olduğunu deməklə Qərbə və Rusiyaya mesaj göndərir: "Əsəd təzyiqlərə davam gətirdiyini söyləyərək indiki mövqeyini davam etdirəcəyini bəyan edir. Onun tezislərindən belə qənaət hasil olur ki, Əsəd və ətrafındakı komanda Rusiyanın nüvə potensialına arxalanaraq "qətiyyətli” addımlar atmaq qərarına gəlib. Arxasında güclü Moskvanın

dayandığını düşünən Əsəd qərbin onu öz taxtından endirəcəyinə inanmır. Ancaq hesab edirəm ki, Əsədin belə qənaətə gəlməsi bir qədər tələsik yanaşmadır. Düzdür, Rusiya indiki vaxtda Qərblə üz-üzə durmaqdan çəkinmir və hələlik qalib kimi görünür. Amma bunun əksinə, ABŞ məğlub olmuş kimi dəyərləndirilir. Halbuki ABŞ-ın bəzi ekspertləri Qərbin bilərəkdən Rusiyanı şirnikləndirdiyini və onu növbəti cinayətlərə sövq etdiyini deyirlər. Onların fikrincə, Rusiyanın hazırkı "qələbəsinin” arxasında birbaşa ABŞ, yəni Qərbin siyasi oyunu dayanır. Fikir verirsizsə, artıq bütün dünyada Rusiya əleyhinə fikir formalaşmaqdadır”.

İsmayıl