Arayış verirlər, bir də zibil daşıtdırırlar

“JEK”-lərin bundan başqa fəaliyyəti yoxdur



Milli Məclisdən APA-ya verilən məlumata görə, Mənzil İstismar Sahələrinin ləğvi 2011-ci ildə son variantda qəbul olunan Mənzil Məcəlləsində də nəzərdə tutulduğu üçün bir qrup deputat qanunvericiliyin tələbinin icrası ilə bağlı Nazirlər Kabinetinə müraciət edəcək.

Yeni Mənzil Məcəlləsində MİS-lərlə bağlı müddəa ləğv olunub və onların fəaliyyəti ilə bağlı heç bir əsas yoxdur. "JEK”lərin səlahiyyətinin əsas hissəsi yerli bələdiyyələrə, bir qismi isə icra hakimiyyətlərinin ərazi nümayəndəliklərinə həvalə olunur. Milli Məclisin bir sıra deputatı bununla bağlı hökumətə müraciət edərək, yeni ildən qanunvericiliyə əsasən MİS-lərin ləğv olunmasını istəyəcəklər. Hazırda ölkədə 200-ə yaxın MİS var və bunlardan 150-si paytaxtda fəaliyyət göstərir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov da APA-ya bildirib ki, hazırkı Mənzil Məcəlləsi birmənalı olaraq MİS-lərin fəaliyyətini qadağan edir: "Çünki Məcəllədə MİS-lərin fəaliyyətinə icazə verəcək heç bir müddəa yoxdur. Buna görə də mövcud hüquqi baza əsasında Nazirlər Kabinetinin tək sərəncamı yetərlidir ki, bu qurumlar ləğv olunsun və səlahiyyətləri bələdiyyələrə keçsin. Çünki indiki qanunvericiliyə və mövcud quruluşa əsasən MİS-lər izafi bir qurumdur. Bununla bağlı bir sıra deputatlarla yanaşı, mən də mövcud qanunun icrasına əsasən bunun ləğvini istəmişik”.

"Konstitusiya Araşdırmaları Mərkəzi”nin sədri Əliməmməd Nuriyev "Şərq”ə MİS-lərin yalnız zibil daşınması və arayış verilməsindən başqa digər xidmətlər göstərə bilmədiyini deyib: "Yeni qanun qəbul edildikdən sonra faktiki olaraq "JEK”lər artıq ənənəvi funksiyalarını yerinə yetirmək üçün səlahiyyətləndirilməyiblər. Həmin ərazilərin MİS-ləri onsuz da abadlaşdırma işləri ilə məşğul olmurdular, zibilləri daşıtdırırdılar. Həm də sakinlərə həmin ərazilərdə yaşamaları ilə bağlı müvafiq dövlət qurumlarına təqdim etmək üçün arayışlar verirdi. Bu ənənəvi funksiyalarını yerinə yetirməkdə davam edirlər. Başqa əhəmiyyətli işlər görə bilmirlər. Çünki onların digər istiqamətlərdə çalışmalar həyata keçirməsi üçün yetərincə maliyyəsi və resursları yoxdur. Həmçinin MİS sahəsində çalışanların sosial müdafiəsi ilə bağlı vəziyyət ağırdır, onların əməkhaqqı minimum müəyyən olunmuş səviyyədədir. 100-120 manat maaş alırlar. Bu da işçilərə fəaliyyətlərini yüksək səviyyədə həyata keçirtməyə əlavə stimul vermir. Çoxmərtəbəli mənzillərin idarə edilməsi ilə bağlı yeni formalar qanunda öz əksini tapsa da, onun reallaşdırılması imkanları mövcud deyil. Ona görə də mənzil-kommunal sektorunda, xüsusilə də MİS sahəsində islahatların aparılması zəruridir. Formal da olsa, bu sahədə fəaliyyətlər davam etdirilir”.

Ə.Nuriyevin qənaətincə, MİS-in səlahiyyətlərinin yerli icra hakimiyyətlərinə və bələdiyyələrə verilməsinə baxmayaraq bələdiyyələr həmin səlahiyyətləri həyata keçirməsi üçün zəruri texniki, maliyyə resursları ilə təmin edilməyib: "Bələdiyyələr deyilən istiqamətdə real olaraq fəaliyyət göstərmək imkanlarına malik deyillər. Ona görə də bələdiyyələrin maddi-texniki bazası gücləndirilməlidir. Həmçinin yeni məcəllənin normalara uyğun olaraq tətbiqinin sürətləndirilməsini tələb edir. Adıçəkilən qurum ləğv edilənə qədər MİS-i əvəzləyə biləcək, onun vəzifələrini tam həcmdə yerinə yetirə biləcək yeni bir struktura ehtiyac var.

Düzdür, Sənaye və İqtisadiyyat Nazirliyi bir neçə pilot layihə həyata keçirir, yeni çoxmərtəbəli binaların müasir üsulla idarə edilməsinin tətbiqinə çalışır. Amma hələki bu məsələləri tam surətdə tənzimləmək mümkün olmur, buna görə də böyük işlər aparmaq lazımdır. Yeni qurumu yaratmazdan öncə nəzərə almaq lazımdır mənzil-kommunal sahələrini ləğv etmək hansı nəticələrə gətirib çıxaracaq. Belə olandan sonra MİS-lərin tamamilə ləğv edilməsi ilə bağlı danışmaq olar”.

Vüqar Şahinoğlu