Xalq artistinin gedəcək evi yoxdu

Hərəkətsiz halda qalan Nuriyyə Əhmədova xəstəxanadan evə buraxıldıqda hara gedəcəyini bilmir

 

 11 saylı avtobusun sürücüsünün səhlənkarlığı üzündən avtobusun içində yıxılaraq bel nahiyəsindən ciddi zədə alan xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti orta-ağır olaraq qalır.
ANS PRESS-in məlumatına görə, hadisədən dərhal sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən aktrisanın vəziyyətində irəliləyiş yoxdur. Onurğa sütununun əziyi və 2, 3, 4-cü bel fəqərələrinin köndələn çıxıntısı diaqnozu qoyulan xalq artistinə dünən gibsi əvəz edən karset geyindirilib. Lakin karset geyindikdən sonra Nuriyyə xanımın halı pisləşdiyindən, onu çıxarıblar.

Aktrisanın aşağı ətraflarında hissiyyat və hərəkət olsa da, bel fəqərələrindəki çıxıntılara görə hərəkət edə bilmir. Hərəkətsiz vəziyyətdə qalan aktrisanın vəziyyəti günü-gündən pisləşir. Düşdüyü vəziyyət fəal həyat tərzi keçirməyə adət etmiş Nuriyyə xanıma olduqca pis təsir edir. Tez-tez təzyiqi yüksəlir və üstəlik də normal qidalanmaması səhhətinə birbaşa təsir edir. Bel və aşağı ətraflardakı hər hansı hərəkət etdikdə xalq artistinin güclü ağırıları tutur. Dünən qəbul etdiyi bir bananın ona dəhşətli ağrılar bahasına başa gəldiyindən, xalq artisti yeməkdən imtina edib.

Hazırda xalq artisti Nuriyyə Əhmədovaya növbə ilə bacıları qulluq edirlər. Bir müddətdən sonra xəstəxanadan evə buraxılacaq Nuriyyə Əhmədovanın isə gedəcək evi yoxdur. Zaman-zaman bacılarının, rəfiqələrinin evində yaşayan sevilən aktrisa, bu vəziyyətində xəstəxanadan buraxıldıqdan sonra hara gedəcəyini bilmədiyini deyir: "Əvvəl canım sağ idi, ordan-ora qaçırdım. Evim olmadığından əşyalarım bacılarımın, rəfiqələrimin evindədi. Bir ayaqqabım birinin evində, bir paltarım birinin. Çəkilişlərə gedəndə hara yaxın olurdusa, o yaxınımın evində əynimi dəyişirdim. İndi vəziyyət dəyişib, mən kimin evində gedib xəstə yatacam? Bacılarım da olsa, heç kimə yük olmaq istəmirəm. Sağ olsunlar, xəstəxanada növbə ilə yanımda qalırlar. Amma gedib onları öz evlərində də narahat edə bilmərəm. Bunları fikirləşdikcə daha da pis oluram..."

Qeyd edək ki, xalq artisti Nuriyyə Əhmədova aldığı xəsarətlərlə yanaşı, uzun illərdi işemiya, qalxanvari vəzi və yüksək təzyiq kimi xəstəliklərdən əziyyət çəkir.