DİN "Şərq"də dərc olunan atanın müraciətinə reaksiya verib




"Şərq"in bu günkü sayında "Məni ümidsiz qoymayın, amandır" başlıqlı yazı dərc olunub. Qəzetimizə müraciət edən 2010-cu ilin 28 dekabrında oğlu gözləri önündə can vermiş Əli Əlif oğlu Hüseynovdur. Həmin tarixdə Bakının Binəqədi rayonunda baş vermiş hadisə barədə mediada geniş material verilib. Söhbət yol polislərinin yol-hərəkəti qaydasını pozduğunu iddia etdikləri avtomobili saxladıqları zamanı sürücünün qəfil həyatını itirməsi olayından gedir. Oglunu itirmiş ata 3 ildir hüquq-mühafizə orqanlarına müraciət etdiyini, lakin övladının ölümünə bais olan polislərin ədalət məhkəməsindən yayındığını bildirir. Müraciət qəzetimizdə dərc olunandan dərhal sonra DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov reaksiya verib. 
-Oğlunu itirmiş atanın acı hisslərini biz də bölüşürük, ona və ailəsinə səbr diləyirik. Amma Əli Hüseynovun bəzi fikirlərilə razılaşmaq mümkün deyil. Onun, mərhum oğlu Elşən Hüseyinlinin vəfat etməsi faktının hüquq-mühafizə orqanlarında obyektiv araşdırılmaması, həmçinin bununla əlaqədar aidiyyatı dövlət qurumlarına etdiyi çoxsaylı müraciətlərə baxılmaması haqqda dedikləri həqiqəti əks etdirmir. Belə ki, mərhumun ailə üzvləri, eləcə də atası Əli Hüseynovun Daxili İşlər Nazirliyinə, Respublikanın Baş Prokurorluğuna, o cümlədən bu dövlət orqanlarının yerli qurumlarına indiyədək etdiyi bütün müraciətlərlə bağlı dərhal obyektiv araşdırmalar aparılmış və nəticələri barədə səlayihətli şəxslər tərəfindən müraciət müəlliflərinə vaxtında ətraflı məlumatlar, cavablar verilmişdir.

Yenə də, təkrar olsa belə, bildirirəm ki, 2010-cu il dekabrın 28-də qeydə alınmış bu faktla bağlı Binəqədi rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları ekspertin iştirakı ilə hadisə yerində olmuş, meyitə baxış keçirilərək fotoşəkilləri çəkilmiş, hadisənin şahidi olmuş şəxslərin dairəsi müəyyənləşdirilərək onların izahatları alınmış, məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər təxirəsalınmaz zəruri tədbirlər həyata keçirilmişdir.

Araşdırmalarla müəyyən edilmişdir ki, həmin gün E.Hüseynli atası Əli Hüseynovla birlikdə Bakı-Şamaxı yolunun 11-ci kilometrliyində idarə etdiyi avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə xidmətdə olan yol polisinin əkdaşları tərəfindən saxlandıqdan sonra avtomobilindən düşüb polisin xidməti avtomobilinə yaxınlaşmış və qəflətən yerə yıxılmışdır. Dərhal polis əməkdaşları bu barədə sürücünün atasına məlumat verməklə, onu öz avtomobilində hadisə yerinin yaxınlığında yerləşən Təcili Tibbi Yardım Stansiyasına çatdırıblar. Həkimlər tərəfindən E.Hüseynli müayinə olunarkən onun artıq öldüyü müəyyən edilmişdir.

Məhkəmə-tibbi ekspertizasının rəyində mərhumun burununda aşkar edilmiş sıyrığın sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğu üçün dərəcəsinin təyin edilmədiyi və həmin xəsarətin mərhumun ölümü ilə hər hansı bir əlaqəsinin olmadığı, sıyrığın müxtəlif şəraitdə, eləcə də onun yıxılaraq hər hansı küt əşyaya dəyməsi nəticəsində əmələ gələ bilməsi göstərilmişdir. Yekun rəydə E.Hüseynlinin ölümünə səbəb işemiya xəstəliyi nəticəsində baş vermiş kəskin ürək çatışmamazlığının olması bildirilir.

Aparılan araşdırmalarla yol polisi əməkdaşlarının xidməti vəzifələrini qanunamüvafiq qaydada icra etməklə qanun pozuntusuna yol verilməməsi, mərhumla onlar arasında hər hansı mübahisənin baş verməməsiı və E.Hüseynlinin ölməsi faktında cinayət tərkibinin olmaması müəyyən edildiyindən toplanmış materiallar üzrə 24 yanvar 2011-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Həmin qərardan Ə.Hüseynovun nümayəndəsi tərəfindən Binəqədi rayon və Bakı Apellyasiya məhkəmələrinə şikayət verilmiş, lakin qərar dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.

Bundan başqa, Ə.Hüseynovun oğlunun yol polisi əməkdaşları tərəfindən əsassız saxlanılmaqla, aralarında yaranmış mübahisə zamanı zorakılığa məruz qalmasına dair əvvəllər Daxili İşlər Nazirliyinə ünvanladığı müraciəti əsasında qeyd edilən ünvanda həmin gün xidmətdə olan iki nəfər YPX inspektorları barəsində də xidməti təhqiqat aparılmış, lakin müraciətdə göstərilən xüsusatların heç biri öz təsdiqini tapmamışdır.