Obama qadınların bərabər maaşla təmin edilməsinə çalışır




ABŞ prezidenti Barak Obama qadınların bərabər maaşla təmin edilməsi məqsədilə iki sərəncam imzalayıb.
Prezident Obama kişilər və qadınlar arasında gender bərabəsizliyinin utandırıcı hal olduğunu deyib. O bildirib ki, ABŞ-ın Siyahıyaalma Bürosunun rəqəmlərinə əsasən, Birləşmiş Ştatlarda tam iş günü çalışan qadın kişilərin aldığı hər bir dollar müqabilində 77 sent alır.
Prezidentin imzaladığı sərəncamlarda federal kontraktorların irq və genderə əsasən verdiyi kompensasiya haqda məlumatları təqdim etməsi və maaşları müzakirə edən işçiləri cəzalandırılmasının qadağan edilməsi nəzərdə tutulur.
Hazırda Konqresdə işçilərin qadınlara gender əsasında kişilərdən daha az maaş verən şirkətləri məhkəməyə verə bilməsinə imkan yaradan qanun layihəsi müzakirə edilir.
Prezident Obamanın mənsub olduğu Demokrat partiyası gender bərabəsizliyi məsələsini seçki mövzuna çıxarmaq istəyir. Lakin Konqresdə biznes şirkətlərinin dəstəyinə malik olan respublikaçılar gələn il səsverməyə çıxarılması gözlənilən qanun layihəsinin qarşısını almağa çalışır. Respublikaçılar 2012-ci və 2010-cu illərdə buna oxşar qanun layihələrinin qarşısını almışdı.