Bayden Ukraynaya səfər edəcək






ABŞ-ın vitse-prezidenti Co Bayden Birləşmiş Ştatların Ukrayna hökumətinə dəstəyini bildirmək məqsədilə aprelin 22-də Ukraynaya səfər edəcək.
ABŞ administrasiyası Ukraynada vəziyyətlə bağlı narahatlığını ifadə edib. Ağ Evin verdiyi açıqlamada Ukraynada son günlər baş verən hadisələr zorakılıq aktları və təxribat kimi qiymətləndirilib.
Rəsmi Vaşinqton Rusiya tərəfdarları fəalların zorakılıq aktlarının Rusiyanın dəstəyi ilə törədildiyinə inandığını bəyan edib.
ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Lora Maqnusonun açıqladığı bəyanatda deyilir: ”Biz Ukraynanın şərqində bu gün zorakılıq və təxribata təhrik edən və Ukrayna dövlətçiliyini pozub qeyri-sabitlik yaratmağa çalışan Rusiya tərəfdarı separatçıların belə görünür, Rusiyanın dəstəyi ilə şahidi olduğumuz birgə kampaniyaya görə narahatlıq keçiririk.”
Maqnuson açıqlamasında Rusiya silahlı qüvvələrinin Krıma gətirilməsindən öncə buna bənzər inkişafların müşahidə edildiyini qeyd edib və Rusiya prezidenti Putinə Ukraynada qeyri-sabit vəziyyət yaratmamaqla bağlı xəbərdarlıq edib.
ABŞ Dövlət katibi Con Kerri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla telefon söhbəti zamanı Ukraynanın cənub-şərqində hücumların bundan əvvəl Krım yarımadasında olduğu kimi əvvəlcədən təşkil edildiyi ilə bağlı narahatlığını ifadə edib. Dövlət Departamentinin bildirdiyinə görə, Con Kerri aydın şəkildə deyib ki, Rusiya Ukraynanın şərqində vəziyyətin sabitləşdirilməsi üçün addımlar atmadığı və qoşunlarını Ukrayna sərhəddindən çəkmədiyi halda, bunun daha ciddi nəticələri ola bilər.