Hər əsgər, zabit həlak olanda zərbə alırıq

Orduda islahatlar gücləndirilməlidir, bunun alternativi yoxdur



Son zamanlar Müdafiə Nazirliyində gedən kadr dəyişikliklərinə baxmayaraq yenə də orduda ölüm halları azalmır, əksinə, indi də zabitlər özünə qəsd etməyə başlayıblar.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc "Şərq”ə bildirib ki, belə problemlərin aradan qaldırılması üçün dövlətlə birgə cəmiyyət də yardımçı olmalıdır: "Etiraf etmək lazımdır ki, ordu kütləvi heyəti əhatə edən bir sahədir. Yəni burada yüz minlərlə insanın problemlərindən, baxışlarından, psixologiyasından söhbət gedir. Müdafiə Nazirliyinin rəhbər strukturlarında dəyişiklik sadəcə kadrların əvəzlənməsi deyil, özü-özlüyündə vəzifə və qanuni münasibətlərin daha da ciddi şəkildə bərqərar olunması, bütün məsələlərə hüquqi nöqteyi-nəzərdən yanaşılması, eyni zamanda dövlət rəhbərinin qoyduğu tapşırıqların ünvanlı olaraq yerinə yetirilməsinə xidmət edəcəyinə əminəm. Bu islahatlar müəyyən zaman istəyir.

Cəmiyyətin çox böyük dəstəyi, dövlət rəhbərliyinin məsələlərə baxışı, fəal müdaxiləsi və yardımı fonunda bizim arzu etdiyimiz məsələlər gerçəkləşəcəkdir. İlk növbədə orduda qeyri-mülki itkilərin sayı sıfıra və ya minimuma enməlidir. Bunun alternativi yoxdur. Hər hansı itki hallarını hardasa anlayışla qarşılamaq olar, ancaq Azərbaycanda həyatını itirən, özünə qəsd edən əsgər və ya zabit sanki özü boyda bir məkanı boş qoyması nəticəsində düşmən qarşısında hansısa mənada zərbə alırıq. Bu, Ermənistanın və yaxud Qarabağda səngərdə dayanan erməninin gülləsindən yox, özümüzün günahından baş verir. Ona görə də orduda islahatlar sürətləndirilməlidir. Zakir Həsənovun keçdiyi yol, tərcümeyi-halı, karyerası, beynəlxalq baxışı, Azərbaycanın bu dövr ərzində Türkiyə və digər dövlətlərlə apardığı danışıqlar, əlaqələr, onların gördüyü işlər sözügedən məsələni həll etməyə imkan verəcək.

Hamının mövqeyini anlayıram. İndiki gerçəklikdə əsgərin mənəvi-psixoloji gərginlik altında intihara cəhd etməsi, həmçinin əsgər yoldaşını öldürməsi, ümumən həmin hərbi hissədəki duruma təsir edir. Bununla yanaşı, ordu əleyhinə olan qüvvələri fəallaşdırır və düşmənin mövqeyini də gücləndirir. Ancaq məsələyə bir isterika içərisində yanaşsaq, hər bir bu cür ölüm hallarını ordu əleyhinə təbliğat vasitəsinə çevirsək, həqiqi mənada Azərbaycanı diz çökdürmək istəyən dairələrin qalib gəldiyini görərik. Biz kömək etməliyik. İndiki gerçəklikdə alternativ yolumuz yoxdur”.

Onun qənaətincə, orduya rəhbərlik edən şəxslər bu milləti sevən şəxslərdir: "Buna şübhə etmirəm. Keçmiş dövrlərdə ordu sistemini kəskin tənqid edənlərdən biri də mən olmuşam. Heç zaman şəxsi qərəz və digər xarakterli amillərdən xilas etmirdik. Niyyətimiz güclü Azərbaycan ordusunun formalaşması idi. Mövcud gerçəklikdə Azərbaycan dövlət başçısının çox yaxından prosesləri təqib etməsi, hətta, bölgələrə ziyarəti zamanı səngərlərə getməsi, Zakir Həsənovla hökumətin görüşləri nəticəsində qeyd olunan problemlərin qalmayacağını zənn edirəm”.

Vüqar Şahinoğlu