Turan ordusunun “ayaq səsləri” eşidilməyə başlayıb





Türkiyə ilə Azərbaycan arasında son vaxtlarda aparılan yüksək səviyyəli müzakirələrin və əməkdaşlığın daha bir ciddi məqamı üzə çıxıb. İki ölkə arasında siyasi və iqtisadi sahələrdəki əməkdaşlıqla yanaşı, hərbi sferada da ciddi işbirliyi davam etməkdədir. Yayılan məlumatlara görə, yaxın vaxtlarda Azərbaycanın sərhəd bölgələrində, o cümlədən Naxçıvanda ortaq hərbi təlimlər başlayacaq. Bunun üçün xeyli zamandır hazırlıqlar da aparılır.

Azərbaycan ictimaiyyətinə az bəlli olsa da, hazırda 4 dövlətin (Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan) qurduğu ortaq hərbi missiya mövcuddur. Ötən ilin avqustunda qurulan TAQM hərbi təşkilatı qərb mediasında "Turan Ordusu” adlandırılır. Hətta 3 ay öncə qeyri-rəsmi olaraq "Turan Ordusu”nun mərkəzinin Azərbaycana keçirildiyi də iddia edilir. Ordunun simvolu at heykəlidir. Ortaq hərbi birliyə daxil olan ölkələrə hər hansı bir təhdid olarsa, "Turan Ordusu”nun əsas vəzifəsi həmin ölkəni müdafiə etmək olacaq. Qeyd edək ki, bu məsələnin yenidən gündəmə gəlməsi Rusiyanın Krımı özünə ilhaq etməsi, Ukraynanı parçalaması və Cənubi Qafqaz regionunu hədələməsi ilə bağlıdır. "Turan Ordusu”nun reallaşmasından danışan hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov bu cür hərbi birliyin formalaşmasını mütləq sayır: "Xüsusən, son vaxtlar Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi və Kremlin aqressivləşməsi türk ölkələrindən ibarət ordu birləşməsinin yaradılmasını zəruri edir. Əslində bu məsələ xeyli müddətdir müzakirə olunur.

Xatırlayırsızsa, Bakıda Azərbaycan, Türkiyə, Qırğızıstan, Monqolustanın müdafiə nazirləri görüşdülər və təşkilatın konturlarını cızdılar. Amma sonradan bu məsələ bir qədər arxa plana keçdi. Düşünürəm ki, gec-tez "Turan Ordusu”, yaxud adı hər necə olur-olsun, bu ideya mütləq reallaşacaq”. Ü.Cəfərov deyir ki, ideyanın praktiki tətbiqindən daha çox bu təşkilatın mövcud olması önəmlidir. Çünki belə bir ordunun formalaşması tək bizim üçün yox, digər türk dövlətləri, ümumilikdə region üçün faydalı addımdır: "Dörd ölkənin birlikdə hərbi təlimlər keçməsi nəzəri və praktiki baxımdan da mümkündür. Düzdür, "Turan Ordusu”na qısqanclıqla yanaşan, bu ideyaya ağız büzən qüvvələr var və bundan sonra da olacaq. Amma onların qarşı çıxmağı sözügedən hərbi təşkilatın yaranmayacağı anlamına gəlməməlidir. Yeganə narahatlığım odur ki, mən bu qurumun GUAM çərçivəsində passiv bir təşkilata çevrilməsini istəmirəm. Əgər GUAM öz sözünü deməyi bacaran güclü təşkilat olsaydı, Rusiya Ukraynaya bu qədər asanlıqla müdaxilə edə bilməzdi”.

Hərbi ekspert qeyd edir ki, Türkiyə NATO-nun aparıcı dövlətidir. Ona görə də, bu projedə NATO-nun xəttini inkar etmək olmaz: "Bizim üçün əsas olan qardaş Türkiyədir. Azərbaycan gənc dövlətdir, Qırğızıstan zəifdir, Monqolustan isə passivdir. Bu dördlükdə yeganə əsas fiqur Tükiyədir. Ona görə də, "Turan Ordusu”nda NATO-nun bir parçası olan türk ordusunun böyük rolu və əhəmiyyəti olacaq. Birmənalı şəkildə deyirəm, Orta Asiya ölkələrinin bu birlikdə təmsil olunmasını istəmirəm. Çünki hesab edirəm ki, son zamanlar Qazaxıstanın nümayiş etdirdiyi sürüşkən münasibət, Özbəkistanın proseslərdən kənarda qalması və tərəddüdlü mövqe sərgiləməsi bu təşkilatın nüfuzuna zərər gətirəcək. Hazırkı dördlük kifayət qədər güclü və təsirlidir”.

Millət vəkili Sabir Rüstəmxanlı da türk dövlətlərinin ortaq hərbi birliyinin yaradılmasını normal qarşılayır: "Bu gün Avropada dilləri, milli kimlikləri tamamilə ayrı olan xalqlar savaş olmaması, iqtisadiyyatlarının inkişaf etməsi üçün birlik yaradırlar. Nədən biz bunu etməyək? Çoxları "konfederasiya” sözündən qorxur. Ancaq dövlət müstəqillikləri, dövlət atributları qorunmaq şərti ilə bir çox digər məsələlərdə Azərbaycan Türkiyə ilə birləşə bilər. Məsələn, ordu birliyi, iqtisadi birlik, maliyyə birliyi ola bilər. Vahid valyuta məkanı yaradıla bilər. Bunlar təbii və normal şeylərdir”.

S.Rüstəmxanlının sözlərinə görə, gələcəkdə bu birliyə Mərkəzi Asiyadakı türk dövlətləri də qoşula bilər: "Balkanlardan ta Çinin içərilərinə qədər Avrasiya deyilən məkan türkün torpağıdır. Rusiya Avrasiya İttifaqı yaratmaq istəyir, ancaq bu əslində türkün Avrasiyasıdır. Bu gün Türkiyə ilə Azərbaycanın konfederasiyada birləşməsinin qarşısını bir çox dövlətlər almağa çalışır. Çünki Mərkəzi Asiyanın enerji qaynaqlarına türkdən əvvəl Avropa əl qoymaq istəyir. Ancaq türk dövlətləri bir araya gəlib öz torpaqlarına, öz sərvətlərinə sahiblik etməyi bacarmalıdırlar. Türk dünyanın gələcəyi haqqında danışdığımız türk birliyi ilə bağlıdır”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə hesab edir ki, Azərbaycan-Türkiyə yaxınlaşması, Qərbin və Rusiyanın ölkəmizə təzyiqi ilə nəticələnə bilər: "Türkiyə ilə hərbi tərəfdaşlıq müqaviləsinin imzalanması inandırıcı görünmür. Çünki birincisi, Türkiyənin bunu etməsi üçün NATO ilə müəyyən anlaşması olmalıdır. Əgər bu müqavilə imzalanacaqsa, ola bilər ki, belə bir anlaşma artıq var. Anlaşma yoxdursa, mümkün olmayacaq. Çünki belə bir müqavilə olacağı halda Azərbaycana xaricdən təhlükə yaranarsa, Türkiyə avtomatik hərbi gücündən istifadə etməlidir. Ancaq Türkiyənin bu addımı atması NATO müqaviləsinin 5-ci bəndinə əsasən bu quruma daxil olan bütün ölkələrin Türkiyəni müdafiə etməsi deməkdir”.

İsmayıl