Televizoru söndürün!

Baxdıqca gənc nəsil cəmiyyət üçün dəyərsiz insana çevrilir


Ölkə telekanallarında mentalitetimizə, dinimizə zidd verilişlərin hazırlanması, mövzuların ictimailəşdirilməsi xeyli müddətdir müzakirə olunan məsələdir. Lakin vəziyyət gərgin olaraq qalıb. Bütün iradlara rəğmən televiziya kanallarımızda hələ də bayağı verilişlər yayımlanır. Onların sayı

azalmaqdansa, əksinə, gündən-günə artır. Məsələ ilə bağlı çox deyilib, çox yazılıb. Amma nədənsə, hələ də ortada "dişə dəyər” bir nəticə yoxdur.

Yerli kanallarımızda hər gün efirə verilən şit reklamlar, "əttökən”, bayağı verilişlər, soyunmaqla, efirdə hər cür oyundan çıxmaqla özlərinə reklam qazanan müğənnilər artıq tamaşaçıları yorub. Bu gün Azərbaycan telekanalları peyk vasitəsilə xarici ölkələrə yayımlanır. Azərbaycan telekanallarını seyr edən insanlarda xalqımıza qarşı bizim verilişlərin səviyyəsinə uyğun münasibət formalaşır. Ucuz şou-proqramlarla efiri zəbt etmiş bəzi telekanallarımız insanların zövqünü məhv etməklə məşğuldur. Cəmiyyət televiziya kanallarından yenilik, maarifləndirici, gənclərin tərbiyəsinin formalaşmasında rol oynaya biləcək proqramlar gözləyir. Amma nədənsə, bizim kanallar öz mövqelərindən dönmək istəmirlər.

Televiziya böyük qüvvədir. Televiziya efirdə nəyi təbliğ edirsə, tamaşaçılar, xüsusən də gənclər həmin yolla gedir. Televiziya hər bir gəncin dünyagörüşünün formalaşmasına, milli hisslərinin oyanmasına, vətənpərvərlik duyğularının yaranmasına xidmət etməlidir. Amma bu gün bizim televiziya kanallarının heç birində bu prinsip gözlənilmir. Əksinə, onlar daha da gənclərin tərbiyəsinin korlanmasına xidmət edir.

Ümumiyyətlə, Azərbaycan televiziyalarına baxmadığını deyən "Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, Azərbaycanın efir məkanında qadınlar diskriminasiya edilir: "Verilişlərdə qadınlar təhqir edilir, onların mənəviyyatı alçaldılır. Həmçinin verilişlərə dəvət olunan ekspertlərin səviyyəsi də çox aşağı olur. Verilişlərin mahiyyəti başdan-ayağacan şou xarakterlidir. Kanalların heç birində maarifləndirici proqrama rast gəlinmir. İnsanları problemlərini həll etmək bəhanəsi ilə verilişlərə çağırırlar, sonda da onları yarı yolda qoyurlar ki, bu da onların psixoloji durumuna mənfi təsir edir”.

Efir məkanının cəmiyyətimizə çox ciddi zərər vurduğunu iddia edən M.Zeynalovanın sözlərinə görə, xüsusən də regionlarda bayağı verilişlər insanları öz təsir dairəsinə alıb.

Media eksperti Azər Həsrət bu cür mənəviyyatdan uzaq verilişlərə nə özünün, nə də ailəsinin baxdığını bildirib. Onun sözlərinə görə, belə verilişlərin intellektual səviyyəsini, evlərə daşıyacağı bilgi və vərdişlərin aşağı səviyyədə olduğunu nəzərə alaraq, onlara baxmaqdan imtina edib: "Mənim və ailəmin düşüncəsinə görə, belə verilişlər çox zərərlidir. O baxımdan ki, yetişməkdə olan nəslin beyninə faydasız, eyni zamanda, xurafatla dolu bilgilər yeridilir və bu da nəticə etibarı ilə o nəslin nümayəndələrinin Azərbaycan cəmiyyətində dəyərsiz insanlara çevrilməsinə səbəb ola bilər. Elə verilişlərin, ümumiyyətlə, yayılıb-yayımlanmaması, yaxud yayımlanmasının nə dərəcədə zərərli olması ilə bağlı məsələyə gəldikdə, əlbəttə ki, xurafatla dolu verilişlərin efirə yol tapmasının əleyhinəyik. Belə verilişlər insanları pessimizmə, dindən kənar qüvvələrə inanmağa sövq edə bilər. Bu da cəmiyyətin deqradasiyasına, aşınmasına gətirib çıxara bilər. Biz artıq bilgi çağında yaşayırıq, belə bir zamanda o cür verilişlərin yayımlanması cəmiyyətə heç bir fayda verə bilməz. Lakin təəssüflər olsun ki, o verilişlər xeyli populyarlıq qazana bilib, bu da onun göstəricisidir ki, həmin verilişlərə efir verən adamlar istədiklərinə nail ola biliblər. Ona görə də o cür verilişlərin geniş əl-qol açmasının qarşısını almaq üçün çoxdan həyəcan təbili çalınmalıdır. Xüsusən də Milli Televiziya və Radio Şurası müəyyən addımlar atmalıdır”.

Şəymən