Azyaşlıları da “tora” salıblar

“Nurçular”ın mənzillərdə toplaşması şübhələrə yol açır



Paytaxt polisi "nurçular”a qarşı əməliyyat keçirib. Bakının Yasamal rayonunda "İnşaatçılar” metrosu olan ərazidə, Şərifzadə-Talıblı, Xıdır Mustafayev küçələrinin kəsişməsində, "Capsella” mağazasının yaxınlığında 2 mərtəbəli yaşayış evində Yasamal rayon polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində 30 nəfərdən çox insan tutularaq polis maşınları ilə şöbəyə aparılıb.

Daxili İşlər Nazirliyi aprelin 12-də Yasamal rayonunda "nurçulara” qarşı keçirilən əməliyyatla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X.Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində "nurçuluq” dini təriqətinin "sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib. E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma davam edir.

Olayı şərh edən İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay "Şərq”ə açıqlamasında qeyd edib ki, görünür, dindarların davranışında hüquqazidd meyllər aşkarlanıb: "Azərbaycanda dini etiqad azadlığı var, insan hüquqları qorunur. Bizdə digər dinlərə və etiqadlara qarşı tolerantlıq da yetərincə qorunur. Heç bir dindarı sadəcə, ibadət etdiyinə görə, məsuliyyətə cəlb etməzlər. Görünür, bu insanlar hərəkətləri, davranışları ilə ibadətin hüdudlarını keçiblər. Bilirsiz, hər bir məsələ, hər bir işin öz hüdudları, əhatəsi var. Hər kəs öz əməlində hüdudlar daxilində hərəkət etməlidir. Nə zaman ki, hüdudlar aşılır, artıq cəmiyyət həyatı üçün təhlükə başlayır. Kiminsə əməli, davranışları ictimai təhlükəsizliyi təhdid halına gəlirsə, hüquq-mühafizə orqanları fəaliyyətə keçirlər. Məlumdur ki, hazırda Azərbaycan cəmiyyəti üçün çətin dövrdür. Cəmiyyətimiz formalaşma mərhələsini hələ tam başa vurmayıb. Bu mənada Azərbaycan cəmiyyətini kövrək hesab etmək olar. Belə vəziyyətdə təriqətlər vasitəsilə cəmiyyətin parçalanması əlbəttə, yolverilməzdir.

Dindarlar zərərli, araya nifaq salmağa səbəb olacaq çağırışlar etməməlidir. Təriqətçilik dövlətimizin xarici siyasətinə də təsir edir, qonşu dövlətlərlə münasibətlərə xələl gətirir. Şiə təriqətinə mənsub dindarlar tutulanda İran işə qarışır, sünni təriqətinin mənsubları tutulanda Türkiyə. Bu o qədər incə məsələdir ki, hədsiz ehtiyatlılıq tələb edir. Hüquq-mühafizə orqanları istəməz ki, əsaslı sübut, dəlil olmayan yerdə kimisə məsuliyyətə cəlb etsin. Hüquq-mühafizə orqanları daxildə təriqət mənsublarını hüquqa hörmətə dəvət etməkdənsə, daha vacib məsələlərin həlli ilə məşğul olmağı üstün bilirlər. Amma son vaxtlar Suriyada cərəyan edən hadisələr və soydaşlarımızın da bu ölkəyə getmələri və proseslərdə iştirakı, həmçinin də Türkiyədə son zamanlar təriqətlərin dövlət siyasətinə müdaxiləsi, şəbəkələşmə və s. Azərbaycan xüsusi xidmət orqanlarından hədsiz ehtiyatlı davranmağı və çeviklik tələb edir”.

Ekspertin sözlərinə görə, dindarların dövlət siyasətinə qarışması yolverilməzdir: "Dinin din yeri var, siyasətin də siyasət. Din ideoloji, mənəvi, ruhi zənginlik üçün insanlara aşılanan xidmət sahəsidir. Din pərdəsi altında atılan addımlar dövlətin maraqlarına toxunanda, şübhəsiz ki, hüquq-mühafizə orqanları onların önünü almalıdır. Xalq da dövlətin bu mövqeyini dəstəkləməlidir. Vaxtı ilə Mavi Mərmərə gəmisi ətrafında baş verən qanlı münaqişənin araşdırması ilə məşğul olan zaman

sözügedən təriqətçilərin bir hissəsi ilə əlaqələrim olub. Həm Türkiyəyə, həm də İsrailə səfərlərim zamanı onlarla görüşmüşəm və onlar məndə heç də xoş təsir yaratmayıb”.

İ.Altay bir qrup dindarın məsuliyyətə cəlb olunmasına həm də ictimai maraqlardan yanaşmanın vacib olduğunu deyib:

"Dini etiqad azadlığı haqqında” qanuna görə, icmaların mənzildə toplaşmaları qadağandır. Məscidlər, ibadət yerləri var, kim istəyir, gedib sərbəst ibadətlə məşğul ola bilər. Bilirsiz, evlərdə, şəxsi mənzillərdə insanların toplaşması onlara nəzarət imkanlarını azaldır. Məscid, digər kütləvi ibadət yerləri isə cəmiyyətə açıqdır. İnsan normal qaydada ibadətlə məşğul olursa, onun kimdənsə gizlənməsinə ehtiyac yoxdur. Hamının gözü qarşısında ibadətini edəcək. Bir qrup insanın şəxsi mənzillərdə toplaşması isə cəmiyyəti də narahat edir, insanlarda şübhə yaradır. Ölkədə kifayət qədər məscid, ibadət yerləri var. Açıq-aydın halda kim istəsə, gedib ibadətini yerinə yetirə bilər. Hesab edirəm ki, Azərbaycan hüquq-mühafizə orqanları da, xüsusi xidmət orqanları da dindarlarla həm də ehtiyatlı davranmalıdır. Bu məsələlərdə bir sıra incə məqamlar olduğunu nəzərə alıb "qızıl orta” tapılmalıdır. Elə olmasın ki, səbəbsiz yerə dindarlar incidilsin və elə də olmasın ki, tutarlı əsas olduğu halda kimlərsə məsuliyyətdən kənarda qalsın. Təriqət mənsublarının hansı səbəbdən məsuliyyətə cəlb olunduğu da cəmiyyətə izah edilməlidir. İctimaiyyətin daim məlumatlı olması lazımdır ki, hadisələrə düzgün yanaşa bilsin. Azərbaycan hakimiyyətinin, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının bu işlə ciddi məşğul olmasını təqdir edirəm”.

Şəymən