MTN qərar verməlidir

Ermənistana sığınan Orucovun Azərbaycana dönmək istəməsində başqa səbəb ola bilər



Bir müddət əvvəl həyat yoldaşı və üç azyaşlı uşağı ilə bərabər Ermənistana sığınan Cavid Orucov seçimindən peşman olduğunu deyərək Azərbaycana qayıtmaq istədiyini bildirib.

Ermənistanda üzləşdiyi problemlər, kasıbçılıq, işsizlik, pis yaşayış şəraiti və təhlükəsizliyin təmin olunmaması onu bu qərara gəlməyə vadar edib. Hazırda qaçqınlar yataqxanasında yaşadığını deyən C.Orucov vəziyyətinin dözülməz olduğunu qeyd edib: "Qorxumuz var, cinayətkar xalqdan qorxuruq. Burada təhlükəsizliyimiz təmin olunmur, bizə yardım etmirlər. Öz hesabıma dolanıram. Bu cür yaşamaq çətindir. Belə getsə, ailəmi Ermənistan hökumətinə tapşırıb, Azərbaycana qayıdacam”.

Orucovlar ailəsinin peşmançılığını şərh edən millət vəkili Aqil Abbas deyir ki, onların Azərbaycana qayıtmaq istəməsi artıq milli təhlükəsizlik məsələsidir. Çünki həmin ailənin Ermənistana hansı məqsədlə getdiyi bəlli olmadığı kimi, hansı niyyətlə qayıtmaq istədikləri də məlum deyil: "Azərbaycanı bəyənməyərək Ermənistana sığınan bir ailənin yenidən öz ölkəsinə geri qayıtmaq istəməsi və bizim də onu qəbul etməyimiz problemli və ciddi məsələdir. Buna MTN qərar verməlidir. Kim bilir, bəlkə ailə casusluq məqsədi ilə Azərbaycana qayıtmaq niyyətindədir. Elə arvad-uşağını Ermənistanda qoyub gəlmək istəməsi də göstərir ki, C.Orucovun başqa məqsədi var. Guya, Ermənistana sığınanda bilmirdi ki, hansı ölkəyə gedir? Bu adam ömründə qəzet, jurnal oxumayıb, televizora baxmayıb? Ermənistan Avropa ölkəsi deyil ki? Ermənilər özləri bərbad durumda yaşayır. Ona qızıl medal verəsi deyildilər ki? Buna görə də, heç kim deyə bilməz ki, Ermənistana sığınan ailə düşmən ölkənin sosial-iqtisadi durumundan xəbərsiz olub”. A.Abbas onu da vurğulayıb ki, əgər Azərbaycan Orucovlar ailəsini qəbul etsə, onlar burda heç bir problem yaşamayacaq: "Heç kim düşmənə sığındı deyə həmin adama təzyiq etməyəcək. Biz heç Azərbaycanda yaşayan erməniləri söyüb-döymürük. Öz millətimizdən olan birini öldürəsi deyilik ki? Azərbaycanda belə problem yoxdur. Azərbaycanlıları gördükləri yerdə döymək, öldürmək,

təhqir etmək ermənilərə xas olan xüsusiyyətdir. Uzaqbaşı, o ailə başçısına sual verərlər ki, bu gözəllikdə ölkəni qoyub Ermənistana niyə gedirdin?”

İsmayıl