Qurultaya az qaldı, kimi seçəcəksən?

Seyran Səxavət: “Sədr kimi Anarı görürəm, ona səs verəcəm”
Aqşin Yenisey: “Mən nə qız evindənəm, nə də oğlan evindən. Heç toya da çağırmayıblar”



Son vaxtlar Azərbaycan Yazıçılar Birliyində (AYB) qurultay keçiriləcəyi haqda müxtəlif tarixlər göstərilirdi. Heç biri də düz çıxmadı. Amma deyəsən, bu dəfə sondu. AYB həvəsdi bəsdi deyib, nəhayət ki, konkret tarix açıqlayıb. Belə ki, Azərbaycan Yazıçılar Birliyində Katibliyin ötən toplantısında Yazıçılar Birliyinin qurultayının və yubiley tədbirinin keçiriləcəyi gün, iştirak edəcək ölkələr və dəvət olunacaq xarici qonaqların siyahısı müzakirə olunub.

Qərara alınıb ki, qurultay iyun ayının 17-də, Yazıçılar Birliyinin 80 illik yubiley tədbiri isə iyun ayının 18-də keçirilsin. Beləliklə, Azərbaycan Yazıçılar Birliyinin qurultayı iyun ayının 17-də Gənc Tamaşaçılar Teatrında, 80 illik yubiley tədbiri isə iyun ayının 18-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Bəs, görəsən yazarların qurultaydan gözləntiləri nədir. Ümumiyyətlə qurultay nəyi dəyişəcək? 
Qocaman yazıçı Seyran Səxavət AYB-də qurultayın keçirilməsini vacib hesab edir:
 "Qurultayın formal xarakter daşıdığını düşünmürəm. Məncə, müəyyən qədər dəyişikliklər olacaq. Hansıki, artıq "Ədəbiyyat” qəzetində biz həmin dəyişikliklərin şahidi olduq. Mən məhz qurultayın özünü gözləyirəm. Ancaq qurultay sona yetəndən sonra onu dəyərləndirmək olar. İndidən dəyişikliklər barəsində danışmaq üçün tezdir”. Qeyd edək ki, Seyran Səxavət AYB sədri olaraq, Anarı gördüyünü və ona səs verəcəyini bəyan edib.

AYB sədrliyinə namizədliyini verəcəyinə dair haqqında söyləntilər gəzən "Ədəbiyyat” qəzetinin baş redaktoru Elçin Hüseynbəyli isə yayılan məlumatların əsassız olduğunu deyib: "Mən namizədliyimi verməyəcəm. Hələlik mövqeyini bəyan etməsə də, çox güman ki, Anar müəllim namizədliyini verəcək və biz də onu dəstəkləyəcəyik”.

Tədricən AYB-də dəyişikliklər aparıldığını vurğulayan E.Hüseynbəylinin sözlərinə görə, bu proses qurultayda da, qurultaydan sonra da davam edəcək. Gənc şair Qismət isə qurultayla əlaqədar Yazıçılar Birliyində hər hansı radikal dəyişikliklər olacağını düşünmür. Sədr postunda kimi görməsinə gəlincə isə şair konkret mövqeyi olmadığını deyib: "Uzun müddətdir ki, müxtəlif bəhanələrlə AYB-nin qurultayını ləngitdilər. İndi də özləri bilərlər. Kimi istəyirlər seçsinlər”.

Yazar Aqşin Yeniseyin cavabı isə unikal oldu: 
"Mən nə qız evindənəm, nə də oğlan evindən. Heç toya da çağırmayıblar. Ona görə də öldür məni oynamaram bu toyda...”. Yazıçılar Birliyində heç vaxt ədəbiyyat söhbəti getmədiyini vurğulayan şair bildirib ki, sadəcə, büdcədən havayı pul ayrılır: "Bu günə qədər heç vaxt söhbətlərə qoşulmamışam. Hər gün qurultay keçirə bilərlər, istəsələr, o qurultayın vaxtını 20 il də uzada bilərlər. Ədəbiyyatdan söhbət getsə, məmnuniyyətlə qoşularam. Azərbaycanda hamı bilir ki, Yazıçılar Birliyində hamısı müftə pul yeyən, xalq şairi və yazıçılar bandasından ibarətdi”.

Gənc yazar Əsəd Qaraqaplan AYB-nin qurultayının keçirilməsini mənasız sayır. Onun fikrincə, AYB-də ən ideal namizəd elə hazırkı sədr Anardır: "AYB-də haçan adamlar bir-birinin dediyini təsdiq ediblər ki? Onlar elə həmişə bir-birinə zidd gediblər - özləri də bilmədən. Əslində orda mahiyyət elə budur. Qaldı qurultayın AYB-də nələri dəyişib-dəyişməyəcəyinə, bunun nə əhəmiyyəti var axı? Hamı hər şeyi bilir və bütün bunlar doğrudan çox əhəmiyyətsiz şeylərdi. Qurultay oldu-olmadı, heç nəyə bunun təsiri olmayacaq. Anar sağ-salamatdırsa, yenə sədr seçiləcək. Əslində Anardan daha ciddi namizəd də yoxdu orda tərslikdən. Ona görə boş vermək lazımdır. Məncə, içmək daha maraqlıdır. Ən ciddi ədəbiyyat və həyat söhbətləri içki məclislərində olur. Dünyanın bütün böyük yazarları kafelərdən - içki məclislərindən çıxıb. Həm də zirzəmi kafelərdən. Anar dördmərtəbəli AYB-nin beşinci mərtəbəsidi”.

2004-cü ilədək AYB-nin üzvü olan, sonradan birliyin fəaliyyətindən narazılıq edərək üzvlükdən rəsmi şəkildə imtina edən şair Elnur Astanbəyli isə hesab edir ki, indiyə qədər qurultayın keçirilməsini uzatmaqla birliyin və yazıçı Anarın bu postdakı ömrünü uzatdılar: "Məncə, Yazıçılar Birliyi hazırda daha çox şadlıq evi kimi xeyirli ola bilər. Çünki ora toplaşanlar "bəy tərifi deyənlərdir” və onlar ədəbiyyatın adı ilə "xaltura” edirlər.

Mən bu birliyin üzvü olarkən quruma ayrılan dövlət vəsaitinin hansı təyinat üzrə xərclənməsinin hesabatını istədim, konkret bir rəqəm deyən olmadı. Yeni sədrin seçilməsinə gəlincə, bu müddət uzanacaq və Anar ömürlük sədr elan ediləcək. Fikrimcə, ədəbiyyat nazirliyi funksiyasını yerinə yetirən bu formal quruma yeni sədr seçilməsinə ehtiyac yoxdur. İntellektin inkişafına əngəl yaradan, kölə psixologiyasını təbliğ edən bu qurumun dağılmaq vaxtı çoxdan çatıb”.

Şəymən