Azərbaycanın ədəbi-mədəni inkişafı tarixində əhəmiyyətli yer tutan Əli bəy Hüseynzadə eyni zamanda Şərq və Qərb dəyərlərinə dərindən bələd olan görkəmli mütəfəkkir, istedadlı nasir, şair, rəssam, tərcüməçi, publisist, musiqişünas, tənqidçi kimi tanınır. O, dövrünün məşhur redaktor və müəllimi kimi də böyük rəğbət qazanmış, ictimai-siyasi həyatda və milli şüurda islahatların aparılmasında ardıcıl fəaliyyət göstərmiş şəxsiyyət nümunəsi, hətta bir fenomendir.
Əfsuslar olsun ki, təkcə Azərbaycan xalqının deyil, türk-islam dünyasının övladı Əli bəy Hüseynzadə gördüyü böyük işlərdən dolayı öz həqiqi qiymətini almayan şəxsiyyətlərdəndir. Hələ Azərbaycan öz müstəqilliyini bərpa etmədiyi 1990-cı illərin əvvəlində Rafiq Zəka Xəndan bu böyük şəxsiyyətin, elm-ürfan insanının, filosofun bizlərə miras qoyduğu irsə rəğmən onun bilərəkdən unudulduğunu yazır və haqlı olaraq Əli bəy Hüseynzadəni "unudulmuş dahi” adlandırırdı. O dahi unudulurdu ki, türk-islam dünyasının inkişafını, diriliyini, həmişəyaşarlığının formulunu müəyyənləşdirib. O dahi unudulurdu ki, islam əxlaqlı, Avropa təfəkkürlü, türkqanlı insanların yeni cəmiyyətinin mədəni-siyasi strukturunu formalaşdırıb, kanonlarını yazıya alıb. O dönəmlər Rafiq Zəka Xəndanın narahatçılığının əsası vardı. 1930-cu illərdən ta 1990-cı ilə qədər Əli bəy Hüseynzadə öz vətəni Azərbaycanda senzorların "qara kitabı”nda qeydiyyatda idi. Adı çəkilə bilməzdi. Çəkilsəydi belə, gərək onun ismi qarşısında panislamist, pantürkist, burjua mühərriri və millətçisi kimi "qırmızı yalanlara” bürünən sözlər, epitetlər yazılaydı. 30 ildən çox Qafqazın Şeyxülislamlığını həyata keçirən Əhməd Hüseynzadənin nəvəsi olduğundan və "Qurani-Kərim”i mükəmməl bilməsindən dolayı, bu böyük ədibin ədəbi-fəlsəfi irsinə xürafat damğası vurulurdu. Türklərin bu gün də bir araya gəlməməsinin əsas amilinə çevrilən vahid türkcə ətrafında fikir yürüdüb, dəlil və fakt ortaya qoyduğu üçün pantürkist adlandırılırdı. Çar Rusiyası da, Böyük
Osmanlı imperatorluğu da, Sovetlər imperiyası da Əli bəy Hüseynzadədən qorxurdular. Ona görə ki, bu böyük şəxsiyyətin ortaya qoyduğu fəlsəfi-siyasi sistem türk-müsəlman dünyasının köləliyinə qarşı idi. İslamla türkçülüyü vəhdətdə götürüb Avropanın müasir siyasi sisteminə söykənən dövlətçilik xəttini irəli sürürdü. Türk-islam xalqlarının dövlətçilik sistemini, ideologiyasını bu gün bəzi alimlərin "3-lü düstur” kimi qəbul etdikləri "islamlaşmaq, türkləşmək, müasirləşmək” prinsipləri əsasında qururdu. Və qurdu, yaratdı da...
Salyandan başlayan və sonu olmayan bir yolun yolçusu
XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, türkçülük məfkurəsinin böyük carçısı Hüseynzadə şərəfli ömrünü türk millətinin, o cümlədən Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, istiqlal mücadiləsinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli dövlətçiliyin formalaşdırılmasına həsr edib. 24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında, Kür çayı sahilində yerləşən Salyan şəhərində doğulan ideoloq öz bioqrafiyasında nəsil-şəcərəsi barədə faktları o qədər də geniş sadalamayıb. Salyandan keçən Kür çayı onun həyatından, taleyindən də keçib gedib. Əvvəlcə bu çayın mənsəbindən mənbəyinə doğru - Tiflisə üz tutub. Bir gün ordan daha uzaqlara yollandı. Beləliklə, bu yollar onun həyatında axıracan yazıb bitirə bilmədiyi bir şeirə çevrilib.
Ayıltmadı qələmim
Şu türk ilə əcəmi.
Nə qoydular yazalım,
Nə qırdılar qələmi.
O ilk təhsilini türk, fars, ərəb və bir az da rusca Tiflis Müsəlman məktəbində; orta və lisə təhsilini isə Tiflis 1-ci Klassik Gimnaziyasında (1875-1885) alıb.
Müxtəlif əsərlərdə və məqalələrdə adı Hüseynzadə Əli bəy və ya Əli bəy Hüseynzadə Turan deyə xatırlanan bu türk əri ilk və orta təhsilini Azərbaycanda tamamlayandan sonra Əli bəy həkim olmaq məqsədi ilə röyalarını bəzəyən möcüzələr şəhəri İstanbula gedib və 1889-cu ildə Hərbi Tibbi Məktəbinə daxil olub. Burada təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra təhsil aldığı məktəbdə professor kimi fəaliyyətə başlayıb. Bu təhsil ocağında xeyli müddət çalışdıqdan sonra 1903-cü ildə Azərbaycana geri dönüb. O, türk dünyasının içində olduğu ağır vəziyyəti həzm edə bilmir, bundan xilas olmaq üçün nələrisə etməyin vacib olduğunu düşünür, durmadan bu haqda fikirləşirdi. Azərbaycanda olduğu illərdə müxtəlif fikir adamları ilə görüşür, onlarla fikir mübadiləsi aparır, mütləq bir çıxış yolu axtarırdı. Onsuz da həmin əsnada Rusiyada da işlər yaxşı getmirdi. Rusiya bir ovuc yapon qarşısında böyük bir məğlubiyyətə uğramış, bu məğlubiyyət isə Rusiyada bolşevik (sosialist) meyillərin daha da güclənməsinə səbəb olmuşdu. Həm Türkiyə, həm Azərbaycan, həm də Rusiyanın müxtəlif yerlərində yaşayan türk milliyyətçiləri ilə əlaqələr yaradan Əli bəy, bu görüşlər, fikir mübadilələri sayəsində özündə türkçülük fikirlərini daha da inkişaf etdirirdi. Əvvəlcə 1905-ci ildə "Həyat” qəzetinin, dalınca da "Füyuzat” kimi jurnalın nəşr olunmasının təşəbbüskarı olan Əli bəy Hüseynzadə türklər üçün tək çıxış yolunun elm və savadda olduğunu, maariflənməyə böyük ehtiyac duyulduğunu, ayrıca türklərin birlikdə hərəkət etmələrinin vacib olduğunu müdafiə edirdi. Buna görə də, bu iki mətbu orqan - "Həyat” qəzeti və "Füyuzat” dərgisi türk dünyasının savadlanma və maariflənmə tarixində son dərəcə əhəmiyyətli bir yerə malikdir.
O, Azərbaycan xalqının milli oyanışında, əsası Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabi tərəfindən qoyulan milli maarifçilik hərəkatının, islamçılıq və qərbçilik ideyalarının inkişaf etdirilməsində müstəsna rol oynayan, millətimizin islam ümmətçiliyindən islam milliyyətçiliyinə və oradan türk milliyyətçiliyinə keçidinin əsas ideya və əməl rəhbərlərindən biri olub. O, "türkləşmək, islamlaşmaq, avropalaşmaq” milli dirçəliş və milli istiqlal formulu ilə türkçülüyün siyasi məramnaməsini, elmi-nəzəri əsaslarını və milli istiqlal mücadiləsinin "Ana Yasası”nı hazırlayıb və adı şanlı tariximizə "türkçülüyün atası” kimi yazılıb. Sonralar milli dövlətçilik ideologiyasına
çevrilən bu üçlük bayrağımızdakı rənglərdə əbədilik qazanaraq qan yaddaşımıza çevrilib. Türkçülüyün böyük ideoloqu Ziya Göyalp Əli bəyi özünün ustadı sayaraq həmin üçlü qayəni belə ifadə edib: "Millətini tanı, ümmətini tanı, mədəniyyətini tanı!”, yəni "türk millətindənəm, islam ümmətindənəm, Batı - Avropa mədəniyyətindənəm”.
"Biz ki, türk oğlu türkük,
biz ki, millətlərin ən
qədimi və ulusuyuq”
İctimai-siyasi düşüncə sistemində, məfkurə ədəbiyyatında Əli bəy Hüseynzadəyədək turançılıq anlayışı olmayıb. Türkçülərin bu gün də sevə-sevə oxuduqları turançılığın tarixi kökləri ilə bağlı mülahizələrində istifadə etdikləri "Turan” şeiri 1892-ci ildə Əli bəy Hüseynzadə tərəfindən qələmə alınıb. Bu bir tarixi faktdır. Əli bəy Hüseynzadənin turançı düşüncəsi, fəaliyyətinə nəzər salan böyük türk mütəfəkkiri Yusuf Akçura bu mənzumə barəsində yazır: "Əli bəy tibbiyə məktəbində ikən türk millətçiliyi, türkçülük, ya da turançılıq fikrini daşıyırdımı və yaydımı? Bu suala cavab verməkdən ötəri "panturanist” mənzumədən başqa əldə heç bir material yoxdur. Əli bəy bu mənzuməni hələ tibbiyə məktəbində oxuduğu dövrdə yazmış olduğunu söyləyir. H.Əlibəyin tibbiyə məktəbində təbib yüzbaşı rütbəsində diplom alıb çıxması, 1895-ci ilə təsadüf etdiyindən bu mənzumənin nəşrindən on-on beş sənə öncə meydana gətirilmiş olduğu anlaşılır”.
Tədqiqatçılardan Əsgər Quliyev qeyd edib ki, "türk” kəlməsinin hətta dilə belə gətirilmədiyi bir tarixi məqamda Əli bəy Hüseynzadə "Həyat” qəzetinin səhifələrində çap etdirdiyi "Türklər kimdir və kimlərdən ibarətdir?” adlı əsəri ilə türk xalqlarına, o cümlədən Azərbaycan türklərinə üz tutaraq "Biz ki, türk oğlu türkük, biz ki, millətlərin ən qədimi və ulusuyuq”, - deyə hayqırır, bəzi mətbuat orqanlarında Çingiz xanın və Əmir Teymurun monqol kimi göstərilməsini tənqid edir, onların türk olduqlarını və nəsillərindən olan şəxsiyyətlərin də adlarını çəkərək onların hər zaman türkcə danışdıqlarını və türkcə yazdıqlarını bildirirdi. Məşhur Amerika tarixçisi Tadeuş Svyatoxovski Azərbaycan tarixi ilə bağlı araşdırmalarında xüsusi olaraq qeyd edir ki, "XX əsrin əvvəllərində türk xalqlarına kimliyini bildirən bir nəfər var idi. O da Əli bəy Hüseynzadə idi”.
Y.Akçuranın yazdığı kimi, Əli bəy təbii ki, türk birliyi ideyasını, turançılıq amalını hələ gənc olduğu zaman geniş siyasi-nəzəri aspektdə əsaslandıra, ortaya qoya bilməzdi. Fikirlərin, düşüncələrin ifadəsinin ən yaxşı yolu poeziya idi ki, Əli bəy də məhz, bu variantdan yararlandı.
Ə.Hüseynzadə yaradıcılığının ən əhəmiyyətli nailiyyətinin yeni türk milləti ideologiyası sisteminin yaradılması, daha doğrusu, vahid üçlüyün - türkçülük, islamçılıq və Avropalaşma (müasirlik) ideyasının irəli sürülməsi olduğunu vurğulayan tarixçi Aydın Balayev belə deyir: "Nəinki xalq kütlələrinin əksər hissəsinin, həmçinin ziyalı təbəqəsi nümayəndələrinin bir çoxunun öz millətlərinin mənşəyi və kökü ilə bağlı kifayət qədər məlumata malik olmadığı, hətta azərbaycanlıların ümumi qəbul edilmiş etnoniminin belə mövcud olmadığı bir şəraitdə... Əli bəy Hüseynzadə artıq "Həyat” qəzetinin ilk nömrəsində açıq şəkildə bəyan etmişdi: "Biz həm də türkük, ona görə də bütün türklərin inkişafına, tərəqqisinə və xoşbəxtliyinə ümid etmək istəyirik”.
Bu gün ola bilər ki, bu formulun irəli sürülməsi qeyri-adi və orijinal səslənməsin. Lakin ötən əsrin əvvəllərində problemin məhz bu cür qoyulması həm azərbaycanlıların, həm də digər bir sıra türkdilli xalqların milli özünüdərkinin inkişafının yeni mərhələsinin bünövrəsini qoydu. Bu, türk xalqlarının inkişaf perspektivlərinin dəqiq səciyyəsi idi. Və görünür ki, türk xalqlarının gələcək tərəqqisinin yolları ilə bağlı ideyanı hələ heç kim belə dəqiqliklə müəyyənləşdirə bilməyib.
Əli bəy özlüyündə mükəmməl bir tarixdir
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili, akademik Nizami Cəfərov da böyük ideoloqun türkçülük, turançılıq uğrunda apardığı sonsuz mücadiləni yüksək qiymətləndirərək bildirib: "Əli bəy Hüseynzadə türkçülük ideologiyasının banilərindən biri, hətta birincisidir. Bu ideyanı ilk dəfə formulə etmiş bir şəxsiyyətdir. Əli bəy təbiəti etibarilə təkamülçü filosofdu. Əli bəy özlüyündə mükəmməl bir tarixdir. Türk dünyası üçün böyük bir hadisədir. Təsadüfi deyil ki, "türkləşmək, islamlaşmaq, avropalaşmaq” formulunun türk milli-ideoloji-fəlsəfi fikrinə aşılanması ilk olaraq Əli bəyin adı ilə bağlıdır. O, bu üçlük şüarı ilə azərbaycançılığın tərkibini müəyyən edən bir şəxsiyyətdir. Türkçülük ideyasının yayılması, millətin özünü dərk eləməsində müstəsna əməkləri olub. O, hər zaman ideologiyasına da sadiq olub. Əli bəy Hüseynzadənin digər ideoloqlardan üstün cəhəti odur ki, o, üsyankar olmayıb. Heç vaxt siyasi münaqişələrdə iştirak edib də mənasız söz-söhbətlərə aludə olmayıb. O daha çox intellektual ziyalı mövqeyini tutub. Çox gözəl rəssam, istedadlı həkim olub. Yəni, Əli bəy böyük bir insandır. Əvəzsiz şəxsiyyətdir. Əli bəy Hüseynzadənin mənsub olduğu nəsil, ümumiyyətlə, çox istedadlıdır, görkəmli bir nəsildir. Əli bəyin babaları Qafqazın şeyxülislamı olub. Ömrünün qalan hissəsini Türkiyədə yaşayan Əli bəy Hüseynzadə orada da çox böyük nüfuz sahibi olub”. Əfsuslar olsun, keçmiş Sovetlər dövründə Əli bəy Hüseynzadə diqqətdən kənarda qalıb, ona düşmən gözü ilə baxılıb. Ancaq nə yaxşı ki, haqq-ədalət öz yerini tapdı və Əli bəyə layiq olduğu münasibət göstərilir. 150 illik yubileyinin ölkə başçısının xüsusi sərəncamı ilə qeyd olunması onun ən doğal haqqıdır.
Şəymən Bayramova
P.S Yazı, Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) "Əli bəy Hüseynzadə və türk dünyası” mövzusunda birgə keçirdiyi müsabiqəyə təqdim edilir.