Başı hələ çox ağrıyacaq

Yalan danışırsa, heç kim onu müdafiə etməz




Moskvada "Matrosskaya tişina”da məhkəməsini gözləyən 30 yaşlı azərbaycanlı Orxan Zeynalov gürcü əsilli "qanuni oğru” Miton Qorqidze ilə mübahisə edib. 61 yaşlı gürcü avtoritet soydaşımıza kamera yoldaşları ilə daim yalan danışdığına görə xəbərdarlıq edib.

Rusiya KİV-ində verilən məlumatda qeyd edilir ki, Azərbaycan vətəndaşı olan Orxan saxlanıldığı zaman polislərin ona qarşı qanunsuz hərəkətlər etməsindən danışıb, ancaq sonradan Zeynalovun polis əməkdaşlarını təhqir etdiyi üzə çıxıb. Bundan sonra Miron ona xəbərdarlıq edib, Orxan isə

buna əhəmiyyət verməyib, nəticədə gürcü "qanuni oğru” əsəbləşib. Məlumata görə, oğru qanunlarını başa düşməyən Zeynalov döyülməliymiş. Amma təcridxananın əməkdaşları təhlükəsizliyini nəzərə alaraq onu karserə salıblar. Məhbuslara Yardım Fondunun prezidenti Məmməd Zeynalov "Şərq”ə açıqlamasında məhbus həmyerlimizin müdafiə olunacaq tərəfi qalmadığını bildirib: "Əgər o, yalan danışandırsa, başı hələ çox ağrıyacaq. Cinayət aləmində yalan danışanlara çox pis baxırlar. Orxan Zeynalov həbsxanada özü-özünə hörmət qazanmalıdır. Dövlətin, yaxud da hüquq müdafiəçilərinin onunla bağlı atacağı bir addım yoxdur. Azərbaycan tərəfi nə deyə bilər axı? Desin ki, Orxan orada nə qədər istəyir yalan danışsın, ona dəyib-toxunmayın? Görünür, onun psixologiyası zəif olduğu üçün yalan danışır. Onun heç bir hüquqi müdafiəsi yoxdur. Yalançıya cəmiyyət də heç yaxşı münasibət göstərmir, o ki qaldı oğru dünyasında. Orxan Zeynalova sadəcə müəssisə rəhbərliyi nəzarət edə bilər ki, onu orda döyüb, öldürməsinlər. Əgər o da başının ağrımağını, "qanuni oğru”ların qəzəbinə tuş gəlməyi istəmirsə, yalan danışmasın. Şərt deyil ki, o, bütün oğru qanunlarını başa düşsün. Sadəcə, yalan danışmamaqla da özünü onların təzyiqlərindən qoruya bilər. Əgər həmyerlimiz həbsxanada belə bir təsirlərə məruz qalıbsa, bu birmənalı şəkildə özünün günahıdır. Yalanın günah olduğunu o da hamı kimi bilməli və özünü islah eləməyi bacarmalıdır. Bunun başqa yolu yoxdur”.

Şəymən