40 yaşından sonra qadınlar ana ola bilməz?

Baş ginekoloq yayılan məlumatların əsassız olduğunu deyib




Sovet dövründə Azərbaycanda 40 yaşdan sonra övlad dünyaya gətirən qadınıların sayı çoxluq təşkil etsə də, son illər ölkəmizdə, nəinki 40, hətta 35 yaşdan sonra ana olanların sayının azalması müşahidə edilir.
1970-ci illərdə ölkədə yeni doğulmuş 150-180 min körpənin orta hesabla 6000-8000-nin anasının yaşı 40-dan çox olurdu. Ötən il isə ölkədə doğulan 1299 uşağın anası 40-44 yaşlı olub. Son 17 il ərzində yaşı 40-dan çox olanlarla yanaşı, yaşı 35-dən çox olan qadınların dünyaya gətirdiyi uşaqların da sayı azalıb.
Qeyd edilən müddətdə ölkədə il ərzində doğulan uşaqların sayı artsa da, 35-39 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayında azalma müşahidə olunub. Uşaqlar daha çox 20-35 yaşlı qadınlar tərəfindən doğulub.
Qeyd edək ki, qadının reproduktiv bir dövrü var. Mütəxəssislərə görə, qadınlarımız ən yaxşı halda 35 yaşa qədər, ya da 38-40 yaşlarına qədər doğuşu başa vurmalıdır. Qadın cavan qala, 50-60 yaşında çox gözəl görünə bilər, ancaq onun reproduktiv funksiyası əvvəlki fəaliyyətdə olmaz. Qadın yaşa dolduqca onun hamilə qalmaq şansı azalır. Yumurta-hüceyrələr qocaldığına görə genetik xəstə uşaqların dünyaya gəlmə riski də artır. Ona görə qadınlarımız çalışmalıdır ki, müəyyən yaş dövrünə qədər hamilə qalıb dünyaya uşaq gətirsinlər.
Respublika Perinatal Mərkəzinin baş həkimi, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova isə "Şərq”ə açıqlamasında yayılan məlumatların əsassız olduğunu deyib və ortada şərh ediləcək bir məsələ olmadığını qeyd edib: "Gün ərzində sözügedən məsələ ilə bağlı mənə çoxsaylı müraciətlər daxil olur. Ancaq rəsmi bir məlumat olmadığı üşün şərh vermək istəmirəm. Baş mama-ginekoloq olaraq ancaq rəsmi məlumatlara əsaslanaraq izah verə bilərəm. Bu statistikanın necə hesablandığını, nəyə əsasən konkret rəqəmlər göstərildiyini bilmirəm. Bizim əlimizdə bu cür göstəricilər yoxdur”.

Şəymən