Qulu Ağsəs “Ulduz”u tamam dəyişdi

Hər nömrədən sonra məsul ekspertlər irad və təkliflərini verəcək



"Ulduz” jurnalının aprel sayı dərcə hazırlanır. Qulu Ağsəs "Ulduz”a baş redaktor təyin edildikdən sonra jurnalda bir çox dəyişikliklər baş verib. Bir çox yeni gənc yazarlar qonorar əsasında işə qəbul olunub. Jurnalın dərc olunacağı mətbəə də dəyişdirilib. Bundan sonra dərgi "Təhsil” nəşriyyatında çap olunacaq. Redaksiyanın strukturlarında da dəyişikliklər olunub. Belə ki, yazıçı İlqar Fəhmi baş redaktorun müavini, Təranə Vahid isə şöbə müdiri təyin edilib.

Daha ətraflı yeniliklər barəsində Qulu Ağsəs "Şərq”ə danışaraq bildirib ki, bu nömrədə daha çox layihələrə üstünlük verilib: "Ümumiyyətlə, jurnalı layihələr üzərində qurmaq fikrim var. Jurnalın bir buraxılışında 5 layihə olacaq.

Əvvəllər jurnalda fotolar yox idi, bundan sonra çoxlu şəkillər olacaq. Layihələrlə bağlı kənardan müəlliflər işə cəlb olunub. Onlardan Pərvin, Pərviz Hüseyn, rəhbəri olduğum tərcümə ilə bağlı da layihələr olacaq. "Ədəbiyyat” qəzeti ilə birlikdə Alla Axundovadan tərcümələrə start vermişik. Bundan əlavə, "Ayb.az” saytı ilə birlikdə İlham Abbasovun təqdimatında Nobel mükafatları laureatlarını tanıdacağıq. Həmçinin "525-ci qəzet”lə birlikdə "Pərvinin Benefis”i olacaq, ayda bir dəfə Fərid Hüseynin aparıcılığında qonaqlarla müsahibə olacaq. Bununla yanaşı, başqa saytlarla da əməkdaşlığa yer verəcəyik. İlkin olaraq "Ədəbiyyat” qəzetinin, "525.az” və "ayb.az” saytları ilə də iş birliyimiz olacaq.

Q.Ağsəsin söylədiyi yeniliklər bununla bitmir. Onun sözlərinə görə, "Ulduz” jurnalı gələn nömrədən "Naşir” jurnalı ilə bərabər "Diskussiya” klubu təşkil edəcək: "Burada qonağı olduğumuz hər hansı tamaşa, sərgi və konsert haqqında gənc yazarların iştirakı ilə fikir mübadiləsi aparacağıq”.

Yeni baş redaktorun rəhbərliyi ilə çıxacaq ilk nömrədə sürprizlər də gözlənilir: "Artıq bu nömrədən başlayaraq dərginin içərisində gənc yazarların yaradıcılığı geniş şəkildə öz əksini tapacaq. Başlanğıc olaraq dərginin içərisində şairə və tərcüməçi Könül Həsənqulunun şeirlər kitabını dərc edəcəyik. Televiziya proqramı da düşünmüşük. APA TV-də ayda iki dəfə veriliş efirə gedəcək. Verilişin adını hələ açıqlamaq istəmirəm”.

Müəlliflərin məvaciblərinə də münasibət bildirən baş redaktor daha az müəllif yazıları nəşr etməklə qonorarların məbləğini artıracaqlarını söyləyib: "Buna görə də yazarlara veriləcək qonorar avtomatik artacaq. Yazının həcminə görə normal qonorarlar veriləcək. Müəlliflər bunu özləri hiss edəcəklər”. Q.Ağsəs jurnalda daha bir yeniliyə imza atıb: "Jurnalın vizual olaraq poliqrafiya baxımından dizaynı və nəşr olunacaq mətbəəsi dəyişib. Bu nömrədən başlayaraq dərgi haqqında məsul ekspertlər irad və təkliflərini bildirəcəklər. Aprel sayının məsul eksperti tənqidçi Əsəd Cahangirdir”.

Vüqar Şahinoğlu