Bu dəfə ölkədə və dünyada baş verən proseslərlə bağlı "Şərq”in suallarını Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı cavablandırıb. Ölkə mətbuatında müzakirə olunan mövzuları özünəməxsus şəkildə şərh edən deputat maraqlı məqamlara toxunub.
- Türkiyə baş naziri Ərdoğanın qondarma erməni soyqırımı ilə bağlı söylədikləri cəmiyyətdə birmənalı qarşılanmadı. Baş nazirin sözlərini "ermənilərə jest” kimi görənlərlə yanaşı, siyasi məqsədlər üçün deyildiyini düşünənlər də oldu. Bəs siz Ərdoğanın soyqırımla bağlı dilə gətirdiklərini necə dəyərləndirirsiniz?
- Ərdoğan bir çox məsələlərdə olduğu kimi erməni problemində də Türkiyə dövlətinin uzun illər apardığı siyasətə qarşı çıxdı. 1915-ci il I Dünya Savaşının ən qızğın vaxtı idi. II Nikolay Şərqi Anadoluya ordu göndərəndə ermənilərə müraciət edərək demişdi ki, silahlanın, Osmanlı torpaqlarında sizə dövlət quracağıq.
Bu müraciətdən sonra təxminən 200 minə yaxın erməni silahlandı. Həmin qüvvələr dinc müsəlman əhaliyə, türklərə və kürdlərə divan tutdu. Üstəlik, Osmanlı ordusunda olan erməni paşalar, əsgərlər türk dövlətinə arxadan zərbə vurdular. Türk kişiləri çar Rusiyasına qarşı ön cəbhədə vuruşduğu zaman ermənilər arxa cəbhədə qadın-uşaq, yaşlı demədən dinc əhaliyə divan tutdular. Buna görə də, Osmanlı dövləti erməniləri Anadoludan köçürdü. Bu, hərbin tələbi idi. Çünki ermənilər arxa cəbhədə dövlətə xəyanət etmişdi.
- Bəs ermənilər nəyi əsas gətirərək "soyqırım” məsələsini ortaya atıb təbliğ edirlər?
- Ermənilərin Anadoludan digər ərazilərə köçürülməsi zamanı ölüm-itim olub. Bunu heç kim inkar etmir. Ancaq Osmanlıda ermənilər məhz erməni olduğu üçün öldürülməyib. Onlara qəsd olunmayıb. Köçün ağır şərtləri ilə yanaşı, yolda ermənilər kürd aşirətləri ilə savaşmalı olublar. Ötən əsrin 20-ci illərində şişirdərək deyirdilər ki, Osmanlıda 300 min erməni itkin düşüb. Halbuki həmin savaşlarda ermənilərin əli ilə 700 min dinc müsəlman əhalisi qətlə yetirilib. Bu tarixi gerçəkliyi sübut edəcək yüzlərlə fakt olduğu halda necə erməniləri zərərçəkmiş kimi tanımaq olar? O zaman Anadolu və Qafqaz daxil olmaqla bölgədə 1 milyon 200 min erməni yaşayıb. Bu gün Türkiyədə soyadını dəyişən, dəyişməyən yüzminlərlə erməni var. Əgər soyqırım olubsa, bu qədər erməni 100 ildə necə arta bilər? Türkiyə arxivləri açmağa hazır olduğunu dəfələrlə bəyan edib. Ancaq təəssüf ki, bu gün dünya həqiqəti axtarmır. Burada üzr istəniləcək türk və müsəlman əhalidir. Özü də, üzr borcu Türkiyə dövlətinin deyil, I Dünya Savaşını başlayan Rusiyanın və Avropa ölkələrinin üzərindədir.
- Bəzi ekspertlər söyləyir ki, Ərdoğanın ermənilərlə bağlı dedikləri Türkiyə-Ermənistan sərhədlərinin açılmasına hesablanıb. Baş nazirin sözləri Türkiyə-Ermənistan yaxınlaşmasına töhfə verə bilərmi?
- Yox, mən düşünmürəm ki, Türkiyə ilə Ermənistan arasında hər hansı yaxınlaşma olacaq. Bilirsiz ki, bütün ermənilər 2015-ci ildə qondarma soyqırımın yüzilliyinə hazırlaşır. Ərdoğanın bu açıqlaması da həmin prosesə hesablanmış qabaqlayıcı mesaj xarakteri daşıyır. Türkiyə nə qədər kompramis addımlar atsa da, Ermənistan tərəfi öz niyyətindən əl çəkməyəcək. Ümumiyyətlə, erməni dünyasında türklərə qarşı olan düşmənçilik münasibətinin normallaşacağını gözləmək yersizdir. Buna görə də, Türkiyə ermənilərin "soyqırım” iddiaları qarşısında təslimiyyət yolu tuta bilməz. Həm də nəzərə almaq lazımdır ki, zaman-zaman gündəmə gələn bu cür bəyanatlar Türkiyə əleyhinə planlaşdırılır. Erməni məsələsi öz həllini tapsa belə, kürd və digər etnik problemlər süni şəkildə yenidən gündəmə gətiriləcək. Bu baxımdan Ərdoğanın ermənilərə başsağlığı verməsi Türkiyəyə
qarşı olan bütün güclərə qol-qanad verir. Əgər bu tutum daha da irəli gedərək dövlətin və millətin əleyhinə çevriləcəksə, türk ictimaiyyəti bunu qəbul etməyəcək.
Mətbuatda müzakirə olunan önəmli məsələlərdən biri də Rusiya prezidenti V.Putinin keçmiş SSRİ məkanında yaşayan rusdilli əhaliyə pasportların verilməsi qaydalarının sadələşdirilməsidir. Bunu nəzərə alaraq, S.Rüstəmxanlının diqqətini ölkə daxilinə yönəltdik.
- Azərbaycanda rus pasportu üçün yanıb-tutuşan Rusiyameyilli qüvvələr varmı?
- Azərbaycandakı vəziyyət hamıya məlumdur. Putinin fərmanı olsa da, olmasa da, ölkəmizdə keçmiş SSRİ həsrəti ilə yaşayan bir dəstə var. Amma onların sayı o qədər çox deyil. Buna görə də, həmin şəxslərin rus vətəndaşlığını qəbul etməsi Azərbaycandakı ictimai duruma təsir göstərməyəcək.
- Gündəmin əsas mövzularından biri də məmur övladlarının müxtəlif yerlərdə sərgilədikləri xoşagəlməz davranışlardır. Bu cür hadisələrin ictimailəşməsinə və qınaq obyektinə çevrilməsinə münasibətiniz necədir? Yüksək vəzifəli məmurların bu şəkildə ifşa edilərək cəzalandırılmasına haqq qazandırırsınızmı?
- Şübhəsiz ki, hər ailə öz şərəfini qorumalıdır. Valideynlər övladlarının hərəkətlərində məsuliyyət daşıyır. Ancaq mən istəyirəm ki, mətbuatda bu kimi hadisələrə xoş niyyətlə yanaşılsın. Yəni ailələr arasında, atalar, babalar arasında yaşanan ziddiyyətlər, münaqişələr onların övladlarının taleyinə yansımasın. Çünki belə olan halda normal və mədəni insanlar barəsində də məqsədyönlü şəkildə ortaya atılmış bir sıra yalanlar və uydurmalar mətbuata sızdırılır. O adamlar da cəmiyyətin üzvləridir. Kiminsə övladıdır deyə, hansısa gənci birmənalı şəkildə ittiham etmək, qaralamaq onların ictimai nüfuzuna zərbə vurur. Əlbəttə, bu, doğru yanaşma deyil. Buna görə də, hesab edirəm ki, tanınmış şəxslər barəsindəki məlumatlar dəqiq yoxlanıldıqdan sonra mətbuatda dərc olunmalıdır. Belə şeylərə görə heç kimə cəza vermək olmaz. Çünki bu məsələ hüquqi yox, mənəvi mahiyyət daşıyır. Bu cür davranışların qarşısını yalnız o insanların özü ala bilər.
İsmayıl