Şəhadətnamələrlə kolleclərə qəbul olacaq

Məhərrəm Zülfüqarlı: “TQDK bunu necə həyata keçirəcəyini izah etməlidir”
Musa Quliyev: “Əgər TQDK ləğv olunsa, repititorluq fəaliyyətini sıxışdırmış olarıq”



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulla bağlı dəyişiklik edib. Bu təhsil pilləsinə yerləşdirmənin ümumi (9 illik) təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri əsasında aparılması nəzərdə tutulur.

Yəni bu imtahan 9-cu sinfi bu il bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, eyni zamanda həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolunu oynayacaq. Onlar imtahanı 2 fəndən - ana dili və riyaziyyatdan verəcəklər. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək. Orta ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək. Bu imtahanda da abituriyentlərin ana dili və riyaziyyat fənləri üzrə bilikləri yoxlanılacaq. Həmin imtahanın iyunun sonunda keçirilməsi nəzərdə tutulur.

Bu sistemin xarici ölkələrdə çoxdan tətbiq olunduğunu vurğulayan təhsil eksperti Məhərrəm Zülfüqarlı bildirib ki, sistem icra prosesində də özünü təsdiqləyib: "Bu gün Avropanın təhsili hər kəsə məlumdur. Ancaq Azərbaycanda bu prosesin həm icra məsələsi, həm də həyata keçirilməsi problem olaraq qalır. Çünki neçə illərdi ki, bu məsələ müzakirə olunur. Nəhayət ki, tətbiq etməyi qərarlaşdırdılar. TQDK bunu necə həyata keçirəcəyini izah etməlidir. Əvvəl uşaqlar bal toplayırdılar və buna uyğun olaraq da texnikumlara keçirdilər. Amma indi fərqli olacaq. Bu fərqlilik nəcə həyata keçiriləcək? Burada ballar olmayacaqsa, uşaqlar fakültələri və texnikumları necə seçəcək?! Bu yeniliyin mexanizmi açıqlanmalıdır. Azərbaycanda bu nə dərəcədə özünü doğruldacaq, hələ də məlum deyil”. Ekspert həmçinin bunları da əlavə edib ki, müsabiqədə iştirak edən tələbələrin taleyi universitetlərin əlinə buraxılmamalıdır. Çünki Azərbaycanda bu sistem heç vaxt həyata keçirilməyib. Nəticəsinin isə necə olacağı bilinmir”.

Deputat Musa Quliyev isə ümumiyyətlə TQDK-nın ləğv olunmasının daha doğru olduğunu vurğulayıb. Onun sözlərinə görə, sözügedən struktur Təhsil Nazirliyinə birləşdirilməlidir: "Xaricdə təhsil niyə bu qədər yüksəkdir? Çünki universitetlər öz tələbələrini seçir. Ancaq bizdə qəbul çox çətindir. Bu da ki, təhsilə öz təsirini göstərir. Bunun birləşdirilməsi isə məncə müsbət hal olacaq. İstər-istəməz məktəbdə repititorluq fəaliyyətini zəiflədəcək. Repititorluğun bu qədər genişlənməsinə səbəb isə TQDK-dır. Əgər TQDK ləğv olunsa, repititorluq fəaliyyətini sıxışdırmış olarıq. Müəllimlərin maaşı nə qədər yüksək olsa da, bu prosesi dayandırmaq olmayacaq”.

Təhsil eksperti Nabatəli Qulamoğlu isə hesab edir ki, kolleclərə qəbul prosesinin dəyişdirilməsi sosial narazılığın qarşısının alınmasına yönəlib: "Məncə, burada təhsilə və onun inkişafına xidmət edəcək elə bir nüans yoxdur. Orta məktəblərdə buraxılış imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aparır. Ali məktəblərə və orta ixtisas məktəblərinə qəbul prosesini həmin qurum keçirir. Onu da qeyd edim ki, TQDK-nın keçirdiyi imtahanlar son dərəcə etibarlı hesab olunur. Bir halda ki, hər iki imtahanı TQDK aparır, deməli, burada elə bir ciddi fərq yoxdur. Sadəcə, şagirdlərin işi asanlaşıb”.

Buraxılış imtahanlarının aparılma qaydalarında müəyyən çatışmazlıqlar olduğunu vurğulayan ekspertin sözlərinə görə, kolleclərə qəbul birbaşa həmin imtahan nəticələri ilə keçiriləcəyi üçün həmin çatışmazlıqların aradan qaldırılması şərtdir.

Şəymən