Leyla Yunus əməllərinə görə cavab verəcək

Bəs, ABŞ və Fransa səfirlikləri niyə “əl-ayağa” düşüb?




Aprelin 29-da Sülh və Demokratiya İnstitutunun (SDİ) Bakı ofisinin rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus istintaqa cəlb edilib. A.Yunus İstintaq İdarəsində səhhəti ilə bağlı dindirilməsə də, L.Yunusun ifadəsi alınıb. Sonra isə hüquq müdafiəçisi sərbəst buraxılıb. L.Yunusun ifadə verdikdən sonra mətbuata açıqlamasından da, rəsmi qurumların məsələ ilə bağlı yaydığı məlumatdan görünür ki, SDİ rəhbəri, Vətənə xəyanətdə günahlandırılan jurnalist Rauf Mirqədirovun işi ilə bağlı dindirilib.

Məsələ burasındadır ki, R.Mirqədirovun həbs edilməsindən sonra onun hüquq müdafiəçisi Elçin Behbudovla görüşündə Ermənistandakı səfərində tək olmadığı barədə dedikləri özündə bir çox məqamları üzə çıxardı. Yəni Mirqədirov bununla eyham vurdu ki, onu bu işə cəlb edənlər məhz Leyla və Arif Yunuslar olub.

Bundan sonra hüquq-mühafizə orqanları aidiyyəti üzrə hərəkətə keçib. Aprelin 28-də L.Yunus Baş Prokurorluğa dəvət olunub. Ona Vətənə xəyanətdə ittiham olunan jurnalist R.Mirqədirova qarşı açılmış cinayət işində adının keçdiyi, izahat üçün prokurorluğa dəvət olunacağı deyilib və ölkəni tərk etməməsi barədə xəbərdarlıq söylənilib. L.Yunus isə bildirib ki, tələb olunan vaxtda Baş Prokurorluğa gəlməyə və izahat verməyə hazırdır. Amma hüquq müdafiəçisinin sözü ilə əməli uyğun gəlməyib. Belə ki, L.Yunus öz əri ilə birlikdə, xəbərdarlığa baxmayaraq, aprelin 28-dən 29-

na keçən gecə saat 23:00 radələrində, gizli şəkildə Azərbaycanı tərk etməyə cəhd göstərib. Məhz hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra onların Azərbaycandan çıxmaq cəhdlərinin qarşısı alınıb. L.Yunus Baş Prokurorluğun İstintaq İdarəsinə aparılaraq ondan şahid qismində izahat alınıb. Lakin hər zaman olduğu kimi, SDİ rəhbəri bu dəfə də arxalandığı Qərb dairələrinə ümid bəsləyərək, sudan quru çıxacağını sanıb.

Məlumatlara görə, R.Mirqədirovun həbsindən sonra Fransanın Azərbaycandakı səfirliyi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Leyla və Arif Yunusların Azərbaycandan çıxarılması ilə bağlı xüsusi plan hazırlayıblar. Məsələnin ilginc məqamı da budur ki, məhz aprelin 28-də, yəni L.Yunusdan izahat alındığı gün səfirliklər bunu bildikləri halda, Fransanın Azərbaycandakı səfirliyi L.Yunus və A.Yunusa 5 illik viza rəsmiləşdirib. Həm də vizanın rəsmiləşdirilməsi normalda bir gün vaxt aparsa da, səfirlik hüquq müdafiəçisi ilə bağlı sənədləşməni cəmi iki saata həyata keçirib.

Səfirlik bunu inkar edə bilmir. Çünki aprelin 28-də Yunuslar Fransanın Azərbaycandakı səfirliyinin katibi və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili və "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına gediblər. Həmin gün Parisə təyyarə reysi olmasına baxmayaraq, şübhə doğurmamaq üçün Yunusların Bakıdan Dohaya, oradan isə Parisə çıxarılması planlaşdırılıbmış. Beləliklə, ABŞ və Fransa səfirliklərinin nümayəndələri SDİ rəhbəri və onun həyat yoldaşının hava limanından maneəsiz keçməsini təmin etməyi öz üzərlərinə götürüblər. Məhz Azərbaycan hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra plan baş tutmayıb və L.Yunus Baş Prokurorluğa aparılaraq, ondan izahat alınıb.

Maraqlıdır, dünyaya demokratiya dərsi keçməklə bütün demokratik qanunları pozan ABŞ və Fransa kimi ölkələrin səfirlik nümayəndələri L.Yunusa görə, hətta qəbul edilmiş konvensiya qanunlarını da kobud şəkildə pozublar. Çünki ABŞ və Fransa səfirliklərinin fəaliyyəti Azərbaycanın daxili işlərinə kobud müdaxilə və "Diplomatik xidmət haqqında” 1961-ci il Vyana Konvensiyasının müddəalarının rəsmi olaraq, kobud şəkildə pozulmasıdır.

L.Yunusun hər zaman Azərbaycan əleyhinə fəaliyyət göstərməsi, ermənilərlə iş birliyində olmasını artıq ölkə cəmiyyəti bilir. Bu haqda hər kəs məlumatlıdır. Bu, məsələnin başqa tərəfidir. Amma sual olunur ki, Azərbaycandan çıxışına qadağa qoyulan, istintaqla bağlı sorğuya dəvət edilən bir vətəndaşı ölkədən gizli şəkildə çıxarmaqda Fransa və ABŞ səfirliyinin marağı nədir?

Ümumilikdə isə ictimaiyyəti səfirliklərin belə bir addım atması narahat etməkdədir. Təbii ki, ictimaiyyət Fransa və ABŞ səfirliklərinin öz əməkdaşlarının qeyri-qanuni əməlləri ilə bağlı rəsmi izahat verməsini tələb edir.

İctimai xadimlər bildirirlər ki, L.Yunus əməllərinə görə cavab verməlidir. Ehtiyac yaranan anda, o, istintaqa da cəlb edilə bilər, ifadəsi də alına bilər, lazım olarsa, həbsə də alına bilər. Çünki Azərbaycan qanunları fərdlər üzərində tətbiq edilmir. Hər kəs qanun qarşısında etdiyi hərəkətlərə görə cavab verir. Həmçinin müşahidəçilər xarici ölkə səfirliklərinin ölkəmizin daxili işlərinə qarışmasını da yolverilməz sayırlar.

"Mən hər zaman demişəm, indi də deyirəm ki, Leyla Yunus Azərbaycanın dövlət maraqlarını, milli maraqlarını Ermənistana satan Azərbaycan vətəndaşıdır”. Bu sözləri Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı məsələyə münasibət bildirərkən söyləyib. Deputat bildirib ki, L.Yunus Ermənistanın işğalçı siyasətini müdafiə edən, Dağlıq Qarabağı, Naxçıvanı, digər yerləri Ermənistanın ərazisi hesab edən qeyri-hökumət təşkilatları ilə bir masa arxasında oturub, bir layihəni işləyib, ona imza atıb həyata keçirirsə, deməli, onlardan biridir: "Mən onun haqqında həyata keçirilən istintaq tədbirlərini, ifadəsinin alınmasını onun fəaliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirirəm. Düşünürəm ki, biz milli maraqlarımızın yanında olmalıyıq və L.Yunus haqqında istintaqın sona qədər aparılmasını tələb etməliyik. Onun haqqında Azərbaycan qanunları çərçivəsində bütün həqiqətləri özündə əks etdirən qərar verilməlidir”. Xarici ölkə səfirliklərinin əndazəni aşdığını bildirən F.Ağamalı qeyd edib ki, istər Fransanın, istər ABŞ-ın, istərsə də digər ölkələrin Azərbaycandakı nümayəndəlikləri ölkəmizin daxili işlərinə qarışmamalıdırlar: "Buna həmin ölkə səfirliklərinin haqq və hüququ çatmır. Ümumilikdə isə L.Yunusla bağlı Fransa

səfirliyinin atdığı addım qanunun kobud şəkildə pozulmasıdır. Azərbaycanın hüquq-mühafizə orqanları təhlükəsizliyin qorunması üçün, sabitliyin qalması üçün istənilən addımı təbii ki, hüquqi çərçivədə atır. Maraqlıdır ki, Azərbaycanın maraqlarını düşmənlərə satan L.Yunusu ölkədən qaçırmaq Fransanın nəyinə lazımdır? Niyə bu ölkənin səfirlik əməkdaşları Azərbaycanın da, elə Fransanın özünün də qanununu kobud şəkildə pozur? Buna səfirliyin aydınlıq gətirməsi mütləq şəkildə lazımdır”.

Millət vəkili Aydın Mirzəzadə isə təəssüflə deyib ki, müstəqil Azərbaycan dövlətində milli maraqlara öz şəxsi prizmasından baxan müəyyən qruplar var. Deputatın qənaətincə, həmin qruplar üçün Ermənistan düşmən deyil və Azərbaycanın beynəlxalq aləmdə imici heç bir əhəmiyyət daşımır: "L.Yunus da bu cür qrupların nümayəndələrindən biridir. SDİ rəhbəri həmişə xaricdən mənbəyi şübhəli olan fondların qrantları ilə ölkəmiz haqqında mənfi imic yaradan layihələr həyata keçirməklə yanaşı, düşmən ölkə ilə birbaşa əlaqələr quraraq, ölkə vətəndaşlarını bu işlərə hərtərəfli cəlb etməyə çalışıb. Belə qruplar, şəxslər şübhəli fəaliyyətlərini "xalq diplomatiyası” adı altında pərdələməyə çalışırlar. İfşa olunduqları zaman ictimai qınağa tuş gələndə isə şou düzəldərək beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Hesab edirəm ki, bu qəbildən olan addımlar heç bir halda cəmiyyətdə qəbul edilə bilməz”.

Xarici ölkə səfirliklərinin bu cür insanlara "qayğıkeşlik” göstərməsinə gəlincə isə millət vəkili deyib ki, səfirliklər hər hansı bir qurumların, ya da fərdlərin vəkilləri rolunda çıxış etməməlidirlər: "Xarici ölkə səfirlikləri də bu tip qrupların fəaliyyətlərinin nədən ibarət olduğunu yaxşı anlayırlar. Səfirliklər nə mühafizə idarəsi, nə də vəkillər kollegiyasıdır. Hər bir vətəndaş etdiyi əmələ, söylədiyi fikrə görə məsuliyyət daşımağı bacarmalı, ilk növbədə, dövlət qarşısında hesabatını verməlidir”.

Anar Bayramoğlu