“Qadağaya ehtiyac yoxdur”

Rauf Zeyni: “Xarici varlı ölkələrdə fəaliyyət göstərən QHT-lər Avropa Birliyindən və BMT-dən qrant alırlar”



Son günlər qeyri-hökumət təşkilatlarına rəhbərlik edən bəzi şəxslərin xarici ölkələrlə yaxın əlaqə qurması və milli mənafeyə zidd addımlar atması QHT-lərin fəaliyyətini və xaricdən maliyyələşməsi məsələsini yenidən gündəmə gətirib. Məlum olduğu kimi, ölkəmizdə çoxsaylı qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.

Fəaliyyətlərini müxtəlif istiqamətdə quran bu tip qurumlar mövcud problemləri üzə çıxardaraq onların həllinə öz töhfələrini verirlər. Hansı təşkilat olmasından asılı olmayaraq, bütün qurumların qarşısında dayanan başlıca məsələ ölkənin milli maraqlarına xidmət etmək olmalıdır. Ancaq təəssüf ki, heç də bütün QHT-lər bu prinsipə sadiq qalmır. Ölkədə bir sıra təşkilatlar ancaq xaricilər üçün çalışaraq, onların sifarişləri əsasında fəaliyyət göstərirlər. Bununla da, onlar dövlətin və millətin maraqlarından uzaq düşürlər. Vətəndaş cəmiyyəti sahəsində son günlər yaşanan arzuolunmaz prosesləri şərh edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni bu barədə "Şərq”in suallarını cavablandırıb.

- Hər hansı QHT rəhbərinin dövlət mənafeyinə zidd hərəkət etməsi ümumilikdə Azərbaycandakı vətəndaş cəmiyyətinin nüfuzuna zərbə vurur. Bu kimi halların baş verməsinə münasibətiniz necədir?

- Son illər vətəndaş cəmiyyəti uğurla inkişaf edir. QHT-dövlət münasibətləri və beynəlxalq əlaqələrin inkişafı istiqamətində önəmli addımlar atılır. Eyni zamanda "Gələcəyə baxış-2020” inkişaf konsepsiyası çərçivəsində dövlət səviyyəsində qeyri-hökumət təşkilatlarının inkişafına xüsusi dəstək verilir. QHT-lərə Dövlət Dəstəyi Şurasının və Gənclər Fondunun yaradılamsı da bu kimi qurumlara olan qayğının bir nümunəsidir. Amma müəyyən hallar var ki, qeyri-hökumət təşkilatlarının bəziləri bir sıra hallarda şəxsi mənafelərini milli və dövlətçilik mənafeyindən üstün tuturlar. Əqidəsi olmayan, heç bir milli məfkurəyə xidmət etməyən, fikirləri aydın olmayan, düşüncəsi formalaşmayan, müəyyən pul müqabilində xaricilərə xidmət edən insanlara təəssüf ki, vətəndaş cəmiyyətində rast gəlirik. Ancaq bir şeyi vurğulamaq istəyirəm ki, hər hansı qanunsuz hərəkət yalnız və yalnız həmin şəxsin özünə aid edilməlidir. Burada məsuliyyət daşıyan birbaşa o adamdır. Bir-iki şəxsin arzuolunmaz fəaliyyəti bütöv vətəndaş cəmiyyətinin fəaliyyətinə kölgə sala bilməz.

- Əgər QHT-lərə Dövlət Dəstəyi Şurası varsa, qrant layihələrinin kənardan maliyyələşməsinə hansı zərurət var?

- Əgər QHT-lərə Dövlət Dəstəyi Şurası və ya başqa milli donor təşkilatlar özəl qurumların bütün layihələrini maliyyələşdirsələr, QHT-lər xarici donorlara üz tutmaz. Heç buna vaxtları da olmaz. Tam demirik, təşkilatların vacib ehtiyacları ödənsə, avtomatik olaraq beynəlxalq donorlara ehtiyac qalmayacaq. Amma bunun üçün hələ çox yol getməliyik. Dövlət tərəfindən qeyri-hökumət təşkilatlarına ayrılan qrantlar özəl qurumların ehtiyacını qismən ödəyir. Ona görə də, qeyri-hökumət təşkilatları, o cümlədən bəzi dövlət qurumları dünya bankından, beynəlxalq donor təşkilatlardan müvafiq layihələrlə bağlı qrantlar alırlar. Bu qrantlar Avropa "Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də alınır. 2013-cü ildə QHT-lərin inkişafı və fəaliyyəti üçün 67 milyon manat vəsait ayrılıb. Bunun 44 milyonu dövlətin, qalan 23 milyon manatı isə beynəlxalq təşkilatların payına düşüb. Bu il hansı nəticələr olacaq, birlikdə görəcəyik.

- Azərbaycandakı QHT-lərin xarici donor təşkilatlardan maliyyələşməsini birdəfəlik qadağan etmək olarmı? Ümumiyyətlə, bu, mümkündürmü?

- Azərbaycan demokratik və dünyaya açıq dövlətdir. Bu səbəbdən özümüzü beynəlxalq aləmdən təcrid etmək fikrində deyilik. İstənilən xarici donor təşkilat Azərbaycandakı QHT-lərlə ünsiyyət qura bilər. Sadəcə olaraq hər şey qanun çərçivəsində olmalı və dövlətə zidd addımlar atılmamalıdır. Qadağaya ehtiyac yoxdur. Çünki bu proses dünyanın inkişaf etmiş ölkələrində də eynidir. Xarici varlı ölkələrdə fəaliyyət göstərən QHT-lər Avropa Birliyindən və BMT-dən qrant alırlar. Əlbəttə, bu qrantlar siyasi və digər məqsədlərə sərf edilməməlidir. Əldə olunmuş maliyyə yalnız nəzərdə tutulmuş istiqamət üzrə xərclənməlidir. Yəni QHT-lərin beynəlxalq standartlara və Azərbaycan qanunlarına uyğun olaraq fəaliyyət göstərməsini məqsədəuyğun hesab edirəm.

- Şəxsi mənafelərini dövlətçilik maraqlarından üstün tutan həmin QHT rəhbərlərinin cəzalandırılmasını necə qarşılayırsız?

- Təbii ki, belə qeyri-hökumət təşkilatlarını qəbul etmirik və onlara qarşı bütün fəaliyyətimizlə mübarizə aparırıq. Xariclə bağlı olan bu kimi qeyri-hökumət təşkilatlarına münasibətdə öncə ciddi ictimai qınaq tətbiq edilməlidir. Belə ictimai qınaq bizim tərəfdən daim gündəmdə olub. İctimai nəzarətlə yanaşı, bu tip QHT-lərin fəaliyyəti qanunlar çərçivəsində tənzimlənməlidir. Yəni kimin qanunazidd fəaliyyəti varsa, onlar təqib olunmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdır.

- Bəzən qanunsuz davranışlar sərgiləyən QHT rəhbərlərinin cinayət məsuliyyətinə cəlb olunması beynəlxalq aləmdə Azərbaycandakı vətəndaş cəmiyyətinin təzyiqlərə məruz qalması kimi dəyərləndirilir.

- Fərqi yoxdur. İstər dövlət nümayəndəsi olsun, istərsə də, qeyri-hökumət təşkilatının rəhbəri. Bütün vətəndaşlar dövlətin qanunları qarşısında cavabdehlik daşıyır. Hər bir azərbaycanlı öz fəaliyyəti ilə dövlətinə, xalqına xidmət göstərməlidir. Əgər kimsə, hansısa cinayət törədirsə, o şəxs həm ictimaiyyət, həm də dövlətin qurumları qarşısında cavab verməli, məsuliyyətə cəlb olunmalıdır. Bunu kim necə dəyərləndirir, dəyərləndirsin. Belə şeylərin istisnası, güzəşti yoxdur.

İsmayıl