Ərdoğan yenə siyasi piyara işlədi

Baş nazir yaxşı bilir ki, ABŞ Güləni Türkiyəyə verməyəcək





Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Amerikanın Fətullah Güləni Türkiyəyə təhvil verməsini istəyir. Bu barədə Amerikada səfərdə olan baş nazir "PBS” kanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, F.Gülənlə telefon danışıqlarından başqa görüşləri olmayıb:

"Bələdiyyə sədri olarkən görüşlərimiz olmuşdu. İlk vaxtlarda o qrupla münasibətlərimiz də yaxşı idi. Əslində problem 2010-cu ildə Konstitusiyaya referendum məsələsindən sonra başladı. Məqsədləri bütün qüvvələri öz əllərində birləşdirmək idi. Bir çox müxtəlif təşkilatları ələ keçirməyə çalışdıqlarının fərqində idik, amma pis niyyətlərinin olduğunu düşünmürdük. Sonralar bunu hiss etdik və tədbirlərimizi görməyə başladıq.

Bunlar artıq hücum xarakteri daşıyırdı. Əgər mən xarici ölkədən qayıdanda bütün bu hadisələrə müdaxilə etməsəydim, olay çox fərqli istiqamətlərə yönələ bilərdi”. Baş nazir ümid edir ki, Amerika Fətullah Güləni ona təhvil verəcək: "Ən azından, onu ölkədən deportasiya etməlidir”. Politoloq Natiq Miri "Şərq”ə bildirib ki, ABŞ indiyə kimi maraqlarına xidmət edən şəxsləri heç bir ölkəyə verməyib, bundan sonra da verməyəcək: "Qeyri-rəsmi məlumatlara görə, Gülən Vaşinqtonun xüsusi xidmət orqanları mərkəzi kəşfiyyat idarəsi ilə bir çox əməliyyatlarda iştirak edib. Nəzərə almaq lazımdır ki, baş nazirin bu məsələdə səmimi olmadığını ABŞ bilir. Çünki AKP yaxın zamanlarda yaradılmış təşkilatdır. Belə gənc qurumun təkbaşına hakimiyyətə gəlməsi inandırıcı deyil. Hakim partiya F.Gülənin və xidmət etdiyi qlobal şəbəkələrin köməyi ilə hakimiyyətə gəlib. Hazırda AKP ilə gülənçilər arasında müəyyən ziddiyyətlər var. Ərdoğanın hakimiyyətə gəlməsində Gülənin rolunun olmasını Amerika bilir. Ona görə də AKP liderinin iddiasını Vaşinqton ciddi saymayacaq. Ərdoğanın istəyinə adekvat addım atmayacaq”. Amerikanın Güləni Türkiyəyə verməyəcəyini söyləyən ekspert bildirib ki, Ərdoğanın istəyi reallaşarsa, Vaşinqton siyasi imicini itirmiş olar: "Bu cür ciddi dövlətlər onlarla münasibəti olan şəxslərə sahib çıxırlar. Gülənin təhvil verilməsi ABŞ-ın dünyadakı mövqeyinə zərbə olar”. Politoloq onu da diqqətə çatdırıb ki, Güləni istəməklə Ərdoğan prezident seçkiləri öncəsi Amerikanın boynuna mənəvi öhdəlik qoymaq istəyir: "Baş nazir gözəl bilir ki, ABŞ onu Ankaraya verməyəcək. Məsələnin seçkiqabağı ortaya atılması siyasi piardan başqa bir şey deyil. Bunu Vaşinqton da anlayır”.

Ayyət Əhməd