Bakıdan dünyaya mesaj...

Eks-prezidentlər də Azərbaycanın haqq işini dəstəklədi





Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxış edən eks-prezidentlər öz ölkələri ilə bağlı fikirlərini paylaşdıqdan sonra Dağlıq Qarabağ və digər münaqişə zonaları haqqında çağırışlar ediblər.

Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko deyib ki, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, bu gün isə Ukrayna Rusiya tərəfindən qızışdırılır: "Üç bölgədən ən əvvəl işğala məruz qalan Qarabağdır. Düz 20 ildən çoxdur ki, bu ərazi Rusiyanın dəstəyi ilə ermənilər tərəfindən zəbt olunub. Amma dünya hələ də susur”. Sessiyada çıxış edən Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov da qeyd edib ki, Azərbaycan 25 ildir müharibə şəraitində yaşayır. Bu münaqişə Azərbaycana problemlər yaradır. Avropa dövlətləri bu problemin həll olunması üçün səy göstərməlidir.

Keçirilən forum haqqında məlumat verən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, ötən il keçirilən tədbirlə müqayisədə bu forumda daha böyük uğurlar əldə olunub: "Müxtəlif bölgələrdə sərhədlərin pozulması ilə nəticələnən münaqişələr var. Dağlıq

Qarabağı, Abxaziya və Osetiyanı, Ukrayna böhranını buna misal göstərmək olar. Forumda bütün bunlarla bağlı ətraflı fikir mübadiləsi aparıb, müəyyən təkliflər irəli sürdük. Biz münaqişələrin həllini beynəlxalq prinsiplər əsasında görürük. Azərbaycanın ərazi bütövlüyü pozulub. Buna görə də, tezliklə bərpa olunmalıdır. Həmçinin gələcəklə bağlı planlarımız da qeyd olundu. Çıxış edən hər kəs vurğuladı ki, beynəlxalq qurumlar, xüsusilə BMT bəşəriyyəti narahat edən münaqişələrin həllində daha aktiv və maraqlı olmalıdır”.

Politoloq Qabil Hüseynli də deyib ki, Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Ukrayna aqressiv rus separatizminin qurbanıdır: "Bu bölgələrin hamısında Rusiyanın barmağı var və həmin ölkə bu bölgələrdəki separatizmin əsas dəstəkçisidir. Ancaq dünyanın inkişaf etmiş güclü dövlətləri sözügedən münaqişələrə biganə yanaşırlar. Bu baxımdan keçmiş prezidentlərin Bakıda keçirilən əhəmiyyətli beynəlxalq forumda Azərbaycanın mövqeyini dəstəkləməsi, həmrəylik nümayiş etdirməsi və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı çağırış etməsi olduqca təqdirəlayiq haldır. Prezident İlham Əliyev də forumun rəsmi açılışında bütün siyasi elitanın qarşısında açıq şəkildə dedi ki, beynəlxalq münasibətlərdə hüquq normaları yox, güc ön plana keçir. Bu sözlər həm Ermənistana xəbərdarlıq, həm də münaqişənin tənzimlənməsi ilə məşğul olan beynəlxalq qurumlara bir mesaj idi. İ.Əliyev inamla bildirdi ki, biz yaranmış status-kvonu qəbul etməyəcəyik və bu status-kvonun beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi üçün əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik”.

İsmayıl