Sürücünün təqib olunması ilə bağlı qanunda ziddiyyətlər var

Yeni dəyişiklikdə ciddi səhvə yol verildiyi görünür




Milli Məclisin ötən gün keçirilən iclasında "Yol hərəkəti haqqında” qanuna dəyişikliklər təsdiq olunub. İclasda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, əlavə və dəyişikliklərdə sürücülük vəsiqəsi üçün tələb olunan dövlət rüsumunun yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilməli olduğu qeyd edilib.

Həmçinin, sürücülük vəsiqəsi almaq üçün imtahanlar zamanı növbələrin yaranmaması üçün sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi yaradılacaq. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı məlumat verərək bildirib ki, dövlət rüsumunun tətbiq olunması bu sahədə qeydə alınan korrupsiya hallarının qarşısının alınmasına yönəlir.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Şərq”ə "Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinə edilən dəyişikliyin bu gündən qüvvəyə mindiyini deyib: "Burada DYP-nin dayanma barədə tələbini yerinə yetirməyən nəqliyyat vasitəsinin hansı hallarda təqib edilə bilməsi qeyd edilib.

Nəzərinizə çatdırıram ki, yeni dəyişiklikdə hər hansı yeni səlahiyyətdən söhbət getmir. Bu, sırf texniki bir düzəlişdir. İndi isə dünən qüvvəyə minən dəyişikliyə, yəni "Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinin 2-ci bəndinin "Qeyd” hissəsinin dördüncü cümləsinin yeni redaksiyasında

"Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər.

Bu təhlildən DYP-yə nəqliyyat vasitələrinin təqib edilməsi ilə bağlı yeni səlahiyyətin verilmədiyi, yaxud mövcud səlahiyyətin genişləndirilmədiyi aydın olacaq”.

Ekspertin apardığı bu təhlildən yeni dəyişiklikdə ciddi səhvə yol verildiyi görünür: "İlk iki qanunvericilik aktından fərqli olaraq, yeni dəyişiklikdə nəqliyyat vasitəsində olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda təqibə yol verildiyi unudulub. Bunun hərfi mənasından belə çıxa bilər ki, sürücü özü heç bir cinayət törətməyibsə, lakin onun sərnişinləri terrorçu olsalar da, təqib yolverilməzdir. Aşkar yanlışlıq göz qabağındadır.

İkincisi, bundan öncəki iki qanunvericilik aktından yenilik olaraq, yeni dəyişiklikdə nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) ayrıca göstərilib. Xatırladıram ki, Cinayət Məcəlləsinin 185-ci maddəsinə əsasən, bu əməl (nəqliyyat vasitəsinin qaçırılması) də cinayətdir. Məsələnin belə qoyulduğunu görən bir "ağıllı” deyə bilər ki, madam ki, təqibə əsas verən cinayətlərdən biri olan nəqliyyat vasitəsinin qaçırılması ayrıca göstərilib, onda zəhmət çəkin, təqib üçün əsas olan bütün cinayətləri sadalayın, yoxsa, başqa cinayətlər üçün təqib qanunsuzdur. Yenə də

məsələnin yersiz qəlizləşdirildiyi və yanaşmadakı məntiqsizlik göz önündədir. Ə.Hüseynovun qənaətincə, təqib söhbətində nəinki yeniliyin olmadığını, əksinə, qanunvericiliyin qəlizləşdirildiyini söyləyib: "Belə qəlizləşmə də qanunvericilik texnologiyasındakı səhvdən irəli gəlir. Söhbət ondan gedir ki, bugünkü dəyişikliyin edildiyi 85-ci maddənin "Yol hərəkəti haqqında” qanunun tənzimləmə predmetinə heç bir aidiyyəti yoxdur. Bu maddə müxtəlif qanunlardan ("Polis haqqında” qanundan, İnzibati Xətalar Məcəlləsindən, hətta Konsulluq Nizamnaməsindən və s.) götürülmüş, özü də bəzən yarımçıq, ziddiyyətli şəkildə bir yerə yığılmış müddəalardan ibarətdir. Bu maddəni və həmin Qanunun 83, 84, 85-1-ci maddələrini təcili olaraq "Yol hərəkəti haqqında” qanundan çıxarmaq lazımdır ki, belə anlaşılmazlıqlar olmasın.

Bir daha qeyd etmək istəyirəm ki, dayanma barədə göstərişə tabe olmayan nəqliyyat vasitəsini təqib etmə ilə bağlı məsələ əvvəl necə idisə, elə də qalır. Qanun belə nəqliyyat vasitəsini yalnız 2 halda təqib etməyə icazə verir: 1) nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda; 2) nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda.

Digər hər hansı vəziyyət, o cümlədən sürücünün törətdiyi heç bir inzibati xəta (yəni adi qayda pozuntuları: işıqforun göstərişinə tabe olmama, sürət rejimini, ötmə qaydalarını pozma, qoşa xətti tapdalama və s.), hətta real qəzaya gətirəcək təhlükəli manevrlər edilmədiyi halda sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmə də təqib üçün əsas ola bilməz. Belə hallarda dayanma barədə göstəriş vermiş DYP əməkdaşı qanunvericiliyə uyğun raport tərtib etməli və onun əsasında tabe olmayan sürücünün inzibati məsuliyyətə cəlb edilməsi təmin olunmalıdır. Sürücülərə isə məsləhətim budur ki, DYP əməkdaşının dayanma barədə göstərişinə riayət etsinlər. Belə göstərişə riayət etməmə İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsinə əsasən 80 manat cərimə və 4 cərimə balının tətbiqi ilə nəticələnəcək”.

Vüqar Şahinoğlu