Vətənin sevməyən insan olmaz

Abbas Səhhətin yaradıcılığında azərbaycançılıq ideyası ön sırada dayanır




Bütün yaradıcılığı boyu əsərlərində azərbaycançılığı geniş şəkildə tərənnüm edən görkəmli şəxsiyyətlərdən biri də şair, dramaturq, tərcüməçi Abbas Səhhət olub. A.Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlib. İlk təhsilini də elə burada alıb. 1900-cü ildə Tehran
Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars, fransız dillərini mükəmməl şəkildə öyrənən gənc şair 1901-ci ildə Şamaxıya qayıdıb. Həkimliklə yanaşı, məktəblərdə Azərbaycan dilindən dərs deyib. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayan A.Səhhət 1903-cü ildən "Şərqi-Rus” qəzetində məqalələrlə çıxış edib. Mütəfəkkir Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulan A.Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi çıxışlar edib.

Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki), fransız (Hüqo, Müsse, Sülli-Prüdom) şair və yazıçılarının əsərləri ilə tanış edib. A.Səhhətin yaradıcılığına Şərqin Nizami, Hafiz, Sədi kimi şairlərinin böyük təsiri olub. Şair türk xalqlarının ədəbiyyatları ilə yaxından maraqlanaraq, Tofiq Fikrət yaradıcılığına xüsusi diqqət göstərib. A.Səhhət uşaqlar üçün yazılmış "Yay”, "Ata və oğul”, "Quşlar” və onlarla başqa şeir və mahnıların müəllifidir. 1918-ci ildə Gəncədə vəfat edən şairin lirikasının aparıcı mövzularından birincisi vətənə məhəbbətdir. Vətənin ulu keçmişi, istedadlı sənətkarlar kimi tarixə öz şərəfli adlarını yazmış böyük azərbaycanlılar, ölkəmizin zəngin, səfalı təbiəti həmişə şairin iftixar mənbəyi olub. Onun bir-birindən gözəl şeirlərində özünün təkrarsız tərənnümünü tapıb. Şairin Azərbaycanı vəsf edən əsərlərindən ən mükəmməli 1909-cu ildə qələmə aldığı "Vətən” şeiridir. Azərbaycanda yaşı yeddidən yetmişə qədər olan nəsillər arasında bu miniatür şeiri oxumayan, bilməyən millət övladı tapılmaz:

Könlümün sevgili məhbubu mənim

Vətənimdir, vətənimdir, vətənim.

Vətənim verdi mənə nanü nəmək,

Vətəni, məncə, unutmaq nə demək?!

Bu əsəri Vətən haqqında kiçik həcmli bir şeirin ölçüləri daxilində uşaqlar, yeniyetmələr üçün mikroensiklopediya adlandırmaq olar. Həqiqətən də şeirdə Vətən anlayışının şərhi üçün vacib olan və bir qədər romantik tül arxasından boylanan bütün əsas məlumatlar var. Bəli, Vətən bizim üçün tarixi bir kateqoriya kimi ona görə doğma və əzizdir ki, ulu babalarımız bu torpaqda yaşayıb-yaradıblar. Maddi və mənəvi yadigarlar qoyub gediblər. Vətən elə bir anadır ki, hər bir övladını sinəsi üstündə bəsləyib, maddi və mənəvi nemətləri ilə boya-başa çatdırır. Bu gün canımızda dolaşan və hər birimizin həyatına can verən qanımız öz başlanğıcını vətənin bizə səxavətlə verdiyi nemətlərdən götürür. Buna görə də, vətəni ən əziz adamımız, "sevgili cananımız” kimi gözlərimizin üstündə saxlamalı, hər cür həmlələrindən qorumalıyıq. Vətənini əldən vermək hər bir vətən övladı üçün həqiqətən də ölümə bərabər olmalıdır. Şairin yazdığı kimi:

Ey vətən, getmə ki, əldən gedəriz!

Biləriz fərz sənin xidmətini!

A.Səhhətin Vətən şeirini oxuyan hər insan hansı yaşda olduğundan asılı olmayaraq, şairin bu hökmünə şərik olur, onu özü üçün həyat proqramı kimi qəbul edir. Görkəmli şair "Vətən” sərlövhəsi altında verilmiş iki şeirindən birində Qafqazda, qədim Azərbaycan torpağında dünyaya göz açması ilə fəxr edir. Həm də dərin səmimiyyət duyğusu ilə etiraf edir ki, bütün şüurlu ömrü boyu doğma vətəninə səcdə qılacaq. Səhhətin vətəninə məhəbbəti bir də ona görə qüvvətli və hədsizdir ki, burada onun həmvətənləri yaşayır. Hansı ki, şair onları namuslu, qeyrətli və vətənpərvər adlandırır:

Övladları qeyrətlidir, damarlı,

Şücaətli, hünərli, etibarlı!

Hər daim Vətən eşqi ilə alışıb-yanan, Azərbaycan millətinin oyanışı uğrunda mübarizə aparan A.Səhhət hesab edirdi ki, artıq bütün millətlər kimi türk-müsəlman millətlərinin də elm və

mədəniyyət öyrənmək, dünyaya açılmaq vaxtıdır. A.Səhhət türklüyü və islamlığı vəhdətdə götürərək türk millətini oyanmağa, milli özünüdərkə çağırırdı:

Nə idin dün, nə olmusan bu zaman?

Millət, ey banisi-həyati-vətən!

Oyan, ey milləti-əziz, oyan!

"Qalmışıq çox geri hər millətdən, bixəbər elmlə həm sənətdən” deyən A.Səhhətin fikrincə, türk oğlu cahil olmamalı, elm və mərifəti vaxtında öyrənməlidir:

İslam olanın elmü kəmalı gərək olsun,

Türk oğlu, müsəlman balası cahil olarmı?

Billah, belə eybi daşımaq xeyli girandır.

Fitrət dəyişir, sanma bu qan yenə o qandır.

Quran bizə buyurubdur alim gərək olmaq,

Zənn etmə ki, şair sözüdür, bəlkə yalandır.

Bu baxımdan millət, vətən anlayışlarını hər şeydən üstün tutan, milli azadlıq idealını əsərlərində yaşadan A.Səhhətin yaradıcılığında millət, vətən və islam bir bütövdür. Şair dərin hörmət bəslədiyi əziz dostu, dövrünün böyük ədəbiyyat tarixçisi və tənqidçisi Firudin bəy Köçərlidən heç nəyi gizlətmir, ona yazdığı məktubunda cəmiyyətdə özünü narahat edən böyük çatışmazlıqlardan acı-acı şikayətlənirdi. Şairi ən çox həyəcanlandıran isə müasirlərinin bir çoxunda milli duyğuların aşınmaya uğraması idi. Məsələn, A.Səhhət ürək yanğısı ilə yazırdı ki, bizim Ana dilimizi, dünyanın gözəl və şirin dillərindən olan Azərbaycan dilini öyrənməyə səy və qeyrət edənlərin sayı azdır:

Türklük, islamlıq iddiası ilə,

Öz dilin bilmək istəyən yoxdur.

Əcnəbi ruhunun havası ilə,

Vətənin, millətin sevən yoxdur.

Atalar verməyir heç əhmiyyət,

Sönmüş onlarda hissi-milliyyət..

Bəzi soydaşlarının ana dilinə, yəni türk dilinə biganə münasibət bəsləmələrini tənqid edən A.Səhhət yazırdı ki, hər bir millətin əqidəsi, məsləki olmalı və öz dilinə hörmət etməlidir. Bu baxımdan o, Azərbaycan dilinin tərəqqisinə çalışaraq yazır:

Türk dili gözəl dildir, qeyrət edin,

Onu öyrənməyə həmiyyət edin..

Ancaq bəzi dindaşlarının və soydaşlarının millət, vətən və din imanından, inancından uzaq olduğunu görən A.Səhhət "Student” adlı satirik şeirində onları ifşa edirdi. Bu şeir günümüz üçün də öz aktuallığını qoruyub saxlayır.

Yoxdur heç məsləkimiz, məzhəbimiz,

Belə tiplər yetirir məktəbimiz,

Fikrimiz zövqü-səfa sürməkdir,

Yaşamaqdan tək odur mətləbimiz.

Bu baxımdan Azərbaycan-Qafqaz türkləri arasında başqa millətləri yamsılamağın güclü olduğunu, ancaq milli özünüdərkin yetərincə olmadığını yazan mütəfəkkir şairin fikrinə görə, hər şeydə əcnəbiləri təqlid etsək, bütün varlığımızı unuda, milli hürriyyətimizi məhv edə bilərik. A.Səhhət yazır ki, "məsum balalarımızı hələ göz açmamış xarici mürəbbiələrə (dayələrə) təslim edirik. Bədbəxt balalarımızı dünyanı bilməmişdən, tanımamışdan ruhunu zəhərləyib öldürürük. Doğrudur, övladımız zahirdə ölüb qəbrə getmir. Lakin həqiqətdə ruhu ölür, vücudu canlı bir məzar şəklini alır. Çünki insanın həqiqi ruhu dəyanət və millətdir. O zəhərləndikdən və məhv olduqdan sonra yerdə nə qalır? Ruhsuz bir qəlb, cansız bir cəsəd! Biz bununla mədəniləşmirik. Fəqət, avropalılara bir nəfər də avropalı qazandırırıq. "Biz” isə yox oluruq! Canım! Bu qədər laqeydlik olarmı? Kim ki, iki kəlmə "net” ilə "yes”i bildi, dırnaqlarını uzadıb, başına altı şahılıq şapka keçirdib daha islamiyyəti, milliyyəti tanımır. Əsla türkcə danışmağa, oxumağa rəğbət etmir”.

Belələrinin evlərində yüz cildlərlə Avropa ədiblərinin əsərləri olduğu halda, bir vərəq türkcə yoxdur deyən A.Səhhət qeyd edir ki, "ruspərəstlər” yanlış-doğru rusca danışır. Türk yox, rus qəzetləri alırlar. Şair yazır ki, "hər şeydə Avropa ədəbini, əxlaqını təqlid edirik, bəs millətpərvərliyi, vətənpərəstliyi nə üçün onlardan görüb götürməyirik?”. A.Səhhətin fikrinə görə, əgər ziyalılar, ariflər dillərinə, ənənələrinə yad gözü ilə baxarlarsa, "onu istiqbala götürəcək, yaşadacaq kim qalar? Milləti kiçik görən insanlar yaşamağa deyil, ölməyə məhkumdurlar”.

Cümhuriyyət və hürriyyət tərəfdarı A.Səhhət hesab edirdi ki, əgər millət kimi yaşamaq istəyirsək, çalışmaq, yəni qəzetlər nəşr etmək, cəmiyyətlər təşkil etmək və avam kütlənin başını bir yerə toplayıb "ümumi ruhu yeniləşdirmək” lazımdır.

İsmayıl