Yeni rektor gəldi, bir həftə ciddi vəziyyət yarandı

İndi təyin olunan dekanlar vaxtilə tələbəyə “qiymət oxuyan” adamlardı



Azərbaycan Dövlət İqtisad Universitetində kadr islahatları davam edir. Xatırladaq ki, bu günlərdə Universitetin rektorunun imzaladığı əmrə əsasən Mikayıl Zeynalov ali təhsil ocağının iqtisadi məsələlər üzrə prorektoru təyin edilib. "Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinin dekanı Müzəffər Məmmədov həmin fakültənin dekan müavini Mənsur Bərxudarovla əvəzlənib. "Ümumi iqtisadiyyat” fakültəsinin dekanı Kamil Qafarovun əvəzinə isə Asiman Quliyev gətirilib.

MBA Proqramı üzrə rəhbər Rövşən Quliyev, Magistratura mərkəzinin direktor müavini Nazim Hacıyev təyin olunub. Sabiq rektor Şəmsəddin Hacıyevin qızının da tutduğu vəzifədən azad olunduğu iddia olunur. Yeni rektorun islahatlarına baxmayaraq bu addımların uğursuz olduğunu söyləyənlər də var. Ə.Muradovun tədbirlərinin görüntü xarakterli olmasını bildirirlər. Universitetdəki etibarlı mənbə "Şərq”ə dəyişikliklərin effektiv olmadığını deyib. Mənbənin məlumatına görə, yeni rektor indiyə kimi bir dəfə də olsun tələbə qarşısına çıxıb, problemlərini dinləməyib: "Dekanlar müavinləri ilə əvəzləndilər. Buna kadr dəyişikliyi demək olmaz. Bu heç nəyi dəyişmir. ADİU-nun rüşvət və korrupsiya mənbəyi olması hər kəsə məlumdur. Korrupsiya elə kök atıb ki, onu təmizləmək ciddi islahatlar tələb edir. Belə islahatlarla korrupsiyanın dayandırılması mümkünsüzdür. İndi təyin olunan dekanlar vaxtilə tələbəyə "qiymət oxuyan” adamlardı. Onların şəffaf təhsil mühiti formalaşdırması inandırıcı deyil. Əksər tələbə yeni rəhbərin islahatları barədə nikbin düşünmür”.

Mənbə qeyd edib ki, hazırda da pul verib dərsə gəlməyən tələbələrin siyahısı müəllimlərə verilir. Müəllimlər isə həmin tələbələrə göz yumurlar: "Sabiq rektorun dönəmindən qalan fundamental "ənənədir”. Hər müəllimə siyahı gəlir. Siyahıda qayıbın "haqqını” verib dərsə gəlməyənlərin adları olur. Müəllimlər də onlara nəinki qayıb yazmır, ən yüksək qiymətləri qoyur. Bu da təhsil haqqında qanunvericiliyə daban-dabana ziddir. Həmin tələbələrin üzünü də görmürük. Yalnız imtahanda gəlirlər. Onda da müəyyən miqdarda pul "oxuyub” gedirlər. Bu hal elə indi də davam edir. Düşünürdük ki, Ə.Muradov belə halları aradan qaldıracaq. Əfsuslar olsun ki, heç bir ölçü götürülmür”.

Mənbə onu da diqqətə çatdırıb ki, sessiyanın sonu yaxınlaşır deyə müəllimlər yenə tələbələri təkbətək "söhbətlərə” çəkirlər: "Burda bir məqsəd var. O da tələbənin "canını almaq”. Açıq bazara çeviriblər. Pul verməyənlər təbii olaraq imtahandan kəsilirlər. Etiraf edim ki, Ə.Muradov yeni təyin olunan günlər puldan danışan yox idi. Amma hazırda müəllimlər "işlərinə” başlayıblar”.

Mənbə onu da əlavə edib ki, imkanlı tələbələrin tapşırılması və müəllimlərin dərsə səriştəsizliyi hələ də davam edir: "Rektorun gəldiyi birinci həftə dərslərə nəzarət edirdilər. Tələbələrin sayında artım hiss olunurdu. Müəllimlər işlərinə daha ciddi yanaşmağa başlamışdılar. İndi köhnə sistemə qayıdırlar. Müəllimlər yenə də "işim var” deyib dərsləri boş buraxırlar. İslahatlar hələ ki, heç bir nəticə verməyib”.

Ş.Hacıyevin qızının universitetdən uzaqlaşdırılmasına gəlincə, mənbə faktı təsdiqləyib: "Müəssisə daxilində də söz-söhbətlər dolaşır ki, Ç.Hacıyevanı çıxarıblar”.

Ayyət Əhməd