Xalqın dönər “sevgisi”

Eyyub Hüseynov: “Dönərxanalar başdan-ayağa mikrob mənbəyidir”
Vüqar Tofiqli: “Bizim camaatda da günah var. Gərək açıq havada satılan qidaları almasınlar”


Havaların istiləşməsi ilə qida təhlükəsizliyi də aktuallıq qazanır. Mənşəyi bilinməyən ətlərdən hazırlanan dönərlər, digər qidaları günün istisində qəbul edənləri hansı təhlükələrin gözlədiyini təxmin etmək çətin deyil. Amma nə edəsən ki, əhalimiz dönər sevgisinə heç cür xilaf çıxmır.

Baxmayaraq ki, dönərlərin ölmüş heyvan ətlərindən hazırlandığı, dönərxanalarda sanitar-gigiyena qaydalarının kobudcasına pozulduğuna dair dəfələrlə rəsmi qurumlar tərəfindən xəbərdarlıqlar edilib, dönərxanaların fəaliyyətinə xitam verilib. Dönərin üzərində siçovul gəzişməsi görüntüləri də sosial şəbəkələrdə paylaşılmışdı.

Dönərlərlə bağlı daha nələr deyilməlidir ki, camaat bu qidadan əl çəksin? Xüsusən də yay mövsümündə keyfiyyətsiz ətlərdən hazırlanmış belə qidalar insan sağlamlığı üçün böyük təhlükə mənbəyidir.

Məhz yay mövsümünə hazırlıq mərhələsi ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dönərxanalarda monitorinqlərə başlayacaq. Monitorinqlərin aparılmasında məqsəd keyfiyyətsiz ətin aşkara çıxarılmasıdır. Çünki son zamanlar məhz dönərxanalara, kafe və restoranlara keyfiyyətsiz ət paylanılması faktları aşkarlanır. Ən böyük qanunsuzluq da toyuq ətindən dönər hazırlanmasıdır. RGEM 2006-cı ildən toyuq dönərinin hazırlanmasına qadağa qoyub. Buna səbəb məhz həmin il ərzində toyuq dönərindən baş verən kütləvi zəhərlənmə halları olub. "Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin sözlərinə görə, dönər məntəqələrində qanunsuzluq aşkar edildikdə sahibkarlara qarşı inzibati qaydada cəzalar tətbiq olunur. Fiziki şəxslər 50-100 AZN-ə qədər, vəzifəli şəxslər isə 100-200 AZN-ə qədər, hüquqi şəxslər isə 200-400 AZN-ə qədər cərimə olunurlar. Bu hal təkrarlandığı zaman isə həmin obyektlərin bağlanması haqda qərar qəbul olunur”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında insanların dönərlərə meyl etməsinin bir neçə səbəbini açıqladı:

- Əvvəla, bu qidanın küçədə satılması onu əhali üçün əlçatan edir. Dərsdən çıxan tələbə, fasiləyə çıxan işçi qidalanmağın rahat yolunu dönər yeməkdə görür. Fikirləşir ki, həm ucuzdur, cibimə uyğundur, həm də yaxınlıqdadır, uzağa getməyə ehtiyac yoxdur, qarnımı da doyururam. Dönərin bişirilməsində istifadə edilən süni dadlandırıcılar da insanları cəlb edir. Təəssüf ki, 21-ci əsrdə Azərbaycan insanı hələ də qidanın görkəminə, dadına aldanır və özünü bədbəxt edir.

Yadınızdadırsa, Müşfiqabad qəsəbəsində satış üçün nəzərdə tutulan at və eşşək əti aşkarlandı. Və bu ətlərin məhz dönərxanalara verilməsi bildirildi. Hesab etmək olardı ki, bundan sonra bəlkə camaat dönərlərdən üz döndərər. Amma olmadı. Səbəb də budur ki, bizdə nə istehlakçı və satıcı, nə də alıcı və istehlakçı mədəniyyəti formalaşıb. Məhsulun keyfiyyətinə nəzarət edən, cəld reaksiya verən qurum yoxdur. İstehlakçını müdafiə edən qanunlar zəifdir. Qanunlar elə qurulub ki, istehlakçının maraqlarına deyil, biznesə xidmət edir. Müstəqil ekspertiza yoxdur, məmurlar bizneslə məşğuldur, bazarı monopoliyada saxlayırlar. İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı 1998-ci ildə qanun

qəbul olunub, 6 dəfə düzəliş edilib, hamısı da istehlakçının hüquqlarının məhdudlaşdırılmasına xidmət edən dəyişikliklərdir. Belə olan halda at, eşşək ətinin satışa çıxarılması da təəccüblü deyil. Hazırda ən ucuz yemək dönər sayılır. Dönərin qiyməti 1 manat 20 - 1 manat 60 qəpikdir. Özünüz fikirləşin, dana ətinin 1 kiloqramı 8-9 manatdır. Qoyun əti 12 manat. Bu qiymətə təzə ət alıb 1 manat 20 qəpiyə satarlar?! Bunun çörəyi, pomidoru, soğanı, tomatı, göy-göyərtisi, mayonezi... Üstəgəl, xidmət haqqı. Bunları toplayanda dönərin hazırkı satış qiymətindən çox-çox baha qiymət ortaya çıxır. Bəs necə olur ki, dönər belə ucuzdur? Deməli, keyfiyyətsiz məhsuldan hazırlanır. Üstəlik, dönərxanalarda həm də anti-sanitariya şəraiti hökm sürür. Dönərxanalar başdan-ayağa mikrob mənbəyidir. Dönərçilərin natəmizlikləri geyimlərindən, əllərində mətbəx əlcəklərinin olmamasından bilinir. Dönərçilərin dırnaqlarına diqqətlə baxın. Dırnaqlarının arası kirlə doludur. Belə adamın əlindən necə qida alıb yemək olar?!

E.Hüseynov qarşıdan yay fəslinin gəldiyini xatırladıb insanlarımızın ehtiyatlı olmasını məsləhət gördü:

- Qarşıdan yay gəlir. İsti havalarda insanlar nə yediklərinə, nə içdiklərinə fikir versinlər. Xarab olmuş ətdən, xəstəlik mənbəyi olan toyuq dönərlərindən, qazlı, kimyəvi tərkibli şirin sulardan, süni süddən hazırlanmış yalançı dondurmalardan imtina etsinlər. Başa düşmürəm, qarın bu camaatdan aşağıdır, yoxsa, yuxarı? Niyə nəfslərinə hakim ola bilmirlər? İnsan gərək keyfiyyətli, xeyirli məhsullarla qidalansın. Ancaq təzə meyvə-tərəvəz, adi saf su içsinlər. Küçədə, parkda ayaqüstü qidalanmaqdan əl çəksinlər. Bizim evimizi bu ayaqüstü yemək yıxır.

Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının rəhbəri Vüqar Tofiqli isə yay mövsümü ilə bağlı şəhər infrastrukturunda ciddi dəyişikliklər edilməsini vacib sayır:

- Cavabdeh qurumlar - Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri, Gigeyena və Epidemiologiya Mərkəzi hər mövsümlə bağlı xüsusi tədbirlər planı işləyib hazırlamalıdırlar, o cümlədən yay fəsli ilə də bağlı. Yay mövsümündə şəhər rəhbərliyi çalışmalıdır ki, sakinlər yaşıllıqlardan, parklardan, istirahət yerlərindən geniş istifadə edə bilsin. Fontanlar yalnız yaraşıq üçün deyil. İsti havalarda fontanlar fasiləsiz işləməli və ətrafda sərin hava yaratmalıdır. Səhv etmirəmsə, ötən il Bakı Şəhər İcra Hakimiyyəti fontanların fasiləsiz işləməsi ilə bağlı göstəriş vermişdi. Amma biz çox vaxt əksini görürük. İsti havada baxırsan ki, fontanlar "quruyub”. Digər məsələ, sakinlərə xidmət növlərinin təşkili ilə bağlıdır. Əslində, bu, yerli bələdiyyələrin öhdəsinə düşən vəzifədir. Türkiyədə, Avropa ölkələrində yerli bələdiyyələr bu işlərlə ciddi məşğul olur. Amma bizdə bələdiyyələrin büdcəsi çox kiçik olduğundan, maliyyə resursları olmadığından bu işləri görə bilmirlər. İcra orqanları da onlara dəstək vermir. Halbuki bunlar yerli əhəmiyyətli məsələlərdir. Tutalım, əhalinin gur olduğu yerlərdə, metro stansiyalarında əhaliyə pulsuz su paylanmasını təşkil etmək olar. Birdəfəlik istifadə olunan fincanlarla su paylaya bilərlər. Eləcə də küçələrdə, parklarda bulaqlar quraşdırılmalıdır. Bir-iki yerdə bulaqlar var, amma onlar elə natəmiz haldadır ki, insanlar yaxınlaşıb su içmək belə istəmir.

Xatırlayırsınızsa, sovet vaxtı küçələrdə içməli su "avtomatları” vardı. 3 qəpiyə bir stəkan su içirdin. Niyə indi belə su avtomat qurğuları quraşdırmırlar? İnsanlar isti havada belə xidmət növlərinə çox ehtiyac duyur. Digər vacib məsələ, küçə satışının ləğv edilməsidir. İsti havada açıq şəraitdə hazırlanan dönərlərin üzərinə gün ərzində nə qədər milçək qonur, toz hopur. Bir də görürsən, biri yerə göyərti töküb satır, biri meyvə-tərəvəz satır. Belə olmaz. Cənab Prezidentin göstərişi ilə Bakı Şəhər İcra Hakimiyyəti küçə satışını qadağan edib. Amma qadağalar pozulur. İnsanların ayaqları altında, tozun içində bazar açırlar, satış təşkil edirlər. Nəzərə almaq lazımdır ki, havalar istiləşdikcə, mikroorqanizmlər də sürətlə çoxalır və açıq şəraitdə olan qidaların üzərinə hopmaqla insan həyatı üçün təhlükəyə çevrilir. Bizim camaatda da günah var. Gərək açıq havada satılan qidaları almasınlar.

Məlahət Rzayeva