12 ailənin bir hamamı var

Məcburi köçkünlər şəraitlərindən gileylənir




Son vaxtlar məcburi köçkünlərin yaşadığı mənzillərlə bağlı şikayətləri artır. Onların problemlərinin həlli gecikir. Bakı və Bakıətrafı qəsəbələrdə yaşayan məcburi köçkünləri bir problem birləşdirir. O da normal yaşayış yerlərinin olmaması. Məcburi köçkünlərin yaşadıqları bağça, məktəb və idarə binaları isə artıq öz istismar müddətini çoxdan başa vurub.

ANS TV-nin verdiyi məlumata görə, zirzəmidə məskunlaşan 12 ailə ümidlə yaşayır. Bu sakinləri üz-üzə qoyan səbəb isə 10 ildən çoxdur ki, 12 ailənin bir hamam və sanitar qovşaqdan istifadə etmələridir. Daha dəqiq desək, Xətai rayonu, Yusif Səfərov küçəsi, bina 12-də yaşayan məcburi

köçkünlər deyir ki, hər gün dalaşırlar. Ailələrin bir hamam və sanitar qovşaqdan istifadə etdiyini nəzərə alsaq, o zaman ailələr arasında hər gün baş verən qalmaqalı da təsəvvür etmək çətin deyil.

Qonşular artıq bu mübahisə ilə illərdir yaşamağa bir növ adət də ediblər. Hələ bu azmış kimi evlərinin döşəmələri də qopub tökülür. Şikayətçilər öz hesablarına yerə köhnə taxtalar döşəsələr də, heç bir xeyri yoxdur. Nəmişlikdən evlərin içərisi kif bağlayıb. Üfunət iyindən içəri girmək mümkün deyil.

"Qaçqın və Məcburi Köçkün” Gənclər Təşkilatının sədri Vüqar Qədirov "Şərq”ə bu məsələlərlə bağlı şikayət və müraciət sayının çoxaldığını söyləyib: "Bu, məcburi köçkünlərin bir hissəsinin yaxşı yaşayış şəraiti ilə təmin olunmamasından irəli gəlir. Ona görə də onlar arasında xoş olmayan münasibət yaradıb. Bu məsələlər "Qaçqınkom” qarşısında daim qaldırılan problemlərdir. Gənc köçkün ailələr də belə hallarda öz narazılıqlarını bildirirlər. Şəxsən yaxın qohumlarım belə bu məsələlərdə razı deyillər. Lakin məcburi köçkünlərin məskunlaşmasının sırf dövlət proqramına uyğun həyata keçirildiyini başa düşmək lazımdır. Bu, vaxt və maliyyə tələb edən prosesdir”.

V.Qədirlinin fikrincə, yeni qəsəbələr salınana qədər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi şəraiti yaxşı olmayan mənzillərdə təmir işləri aparıb, problemi aradan qaldırmalıdır: "Bu baxımdan problemlərin tezliklə həllini tapmasını və bütün məcburi köçkünlərin yeni tikilən müasir tipli qəsəbələrə köçmələrini, yaxşı şəraitdə yaşamalarını arzu edirik”.

Təşkilat sədri həmçinin son vaxtlar məcburi köçkünlərin şikayətlərinin bilərəkdən qabardıldığını düşünür: "Bəlkə də bunda maraqlı olan kimlərsə məcburi köçkünlərin dövlətdən narazı salınmasına tərəf çalışır, qəsdən şişirdirlər. Ola bilər, burada "Qaçqınkom”un hansısa məmurunun günahı ola bilər. Qeyd edilənlər araşdırılmağa ehtiyacı olan məsələlərdir. Bununla bağlı "QMKİDK”la danışıb, məsələni qaldıracam, sonra lazım olarsa, bu barədə məlumat verərəm”.

Vüqar Şahinoğlu