700 manat veteranları sevindirib

Böyük Vətən müharibəsinə gedənlərə qayğı göstərilir





Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik 700 manat məbləğində maddi yardım veriləcək.

Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə və s. bu müharibədə müxtəlif formalarda xidmət etmiş şəxslərə 300 manat məbləğində birdəfəlik maddi yardım ediləcək.

Qeyd edək ki, sərəncamın icrası üçün 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 7,6 milyon manat ayrılıb.

"Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Abbas Radə "Şərq”ə danışarkən buna görə prezidentə təşəkkür edib: "Təşəkkürümü bildirirəm, Allah razı olsun. Lakin Azərbaycanda yaşayış şərtlərini nəzərə alsaq, 700 manat elə böyük məbləğ deyil. Müharibə veteranlarının aldığı məbləğ Azərbaycanda ən aşağı müavinətdir. Ancaq bu addım həmin Böyük Vətən müharibəsi iştirakçılarına diqqətin, qayğının bir göstəricisidir. Hər halda o zaman onlar qarşılıqsız olaraq SSRİ-ni və Azərbaycanı vətən bilib müharibəyə getdilər. O şəxslər bizim vətəndaşımızdır, onların adına çox sevinirəm”.

Vüqar Şahinoğlu