Xərçəng xəstəsi olan həkim Suaresi necə xilas etdi?





DÇ-2014-ün Uruqvay – İngiltərə matçında komandasının hər iki qoluna imza atan Luis Suares ilk dəfə fərqlənəndən sonra sevincini birinci növbədə komandanın həkimi Valter Ferreyra ilə bölüşüb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, təcrübəli hücumçu həkimini qucaqlayarkən əli ilə qolu ona həsr etdiyinə də işarə vurub.
Qeyd edək ki, 63 yaşlı Valter Ferreyra ilə Suares 15 ilə yaxındır tanışdılar. Son olaraq ayağından zədələnən və bu səbəbdən əməliyyat olunan Uruqvay millisinin hücumçunun tez bir zamanda bərba olub İngiltərə ilə matça qədər hazır olmasında Ferreyranın müstəsna əməyi olub.
Ferreyla Suaresin bərpası üçün onu ev şəraitində müalicə edib ki, bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, fizioterapevtin özü xərçəng xəstəliyindən əziyyət çəkir, bu yaxınlarda isə ximioterapiyadan keçib.
"Millinin məşqçi heyətinə təşəkkür edirəm ki, Suaresə mənimlə adət etmədiyimiz şəraitdə müalicə olunmağa yaratdılar. Mən özüm bazaya gedə bilərdim. Amma Suares özü mənim evimə gəlirdi. Bunu yüksək qiymətləndirirəm. Suaresə, ailəmə və həkimlərimə səhhətimlə maraqlandıqları üçün təşəkkür edirəm. Hislərimi ifadə etmək üçün başqa söz tapa bilmirəm”.

Qeyd edək ki, müalicə müddətində Suaresə kimsə bazada rast gəlməyib. Ümumiyyətlə, həmin müddətdə futbolçunun rahatlığına görə onunla ünsiyyət qurulmayıb. "Luis standart normalara uyğun müalicə kursu keçib. Artıq 10 gün sonra o, trenajor zalında görünüb. 15 gün sonra qaçmağa, 16 gün sonra isə topla hərəkət etməyə başlayıb. Bu, futbolçunun zədəsinin bərpasında böyük bir nailiyyətdir” – deyə Uruqvay mətbuatının yazısında bildirilir.

Ferreyranın məsləhətlərinə əməl etmək Suaresə düşərli olub. O, zədəsini müalicə etdi və İngiltərə ilə oyunda iki qola imza atdı.

"Luis İngiltərə ilə oyundakı uğuru qazanmağa layiq idi. Çünki o, çox çalışırdı. Əgər o, belə əmzlə çalışmasaydı, yəqin ki, mən özüm indi Braziliyada olmazdım. Mən bugünkü oyunda baş verənləri heç vaxt unutmayacam. Ailəmə və millinin üzvlərinə dəstəklərinə görə təşəkkür edirəm” – deyə Valter Ferreyra bildirib.

Qeyd edək ki, Suaresin vurduğu qoldan sonra xəstə həkiminə yaxınlaşıb qolu məhz ona həsr etdiyini bildirməsi xarici mediada əsl dram kimi də təqdim olunub.

Bu iki şəxs arasında diqqət çəkən başqa bir məqam var: Ferrayra özü ağır xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, Suareslə daha yaxından maraqlanmaq üçün, müalicəsini müvəqqəti təxirə salaraq onun yanına Braziliyaya gedib. "Bu həyatdır, eniş də olur, yüksəliş də. Əsas mübarizəni davam etdirməkdir” – deyə o qeyd edib.

Luis Suares özü də vurduğu qolu həkiminə həsr etməsindən danışıb: "Həyat yoldaşım və iki uşağım həyatda mənim üçün ən qiymətli varlıqdır. İndi mənim həyatımdakı ən vacib insanlar sırasına zədəmin bərpa olunması üçün hər şeyi edən Valter Ferreyra da daxildir. Bu çempionatda mənimlə bağlı hadisələrin 90 faizinin səbəbkarı məhz bu insandır. Əgər Ferreyra olmasaydı, mundialda yox idim”.