Əlbəttə, insan bəzən çətin qərarlar verməli olur. Şəxsən mən Qarabağı azad edərkən 17 il idi Prezident idim və lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim Prezident olacaqdı. Yəni, bunun heç bir fərqi yoxdur.
Bu barədə Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
Dövlətimizin başçısı, həmçinin deyib: “Bəlkə də bu hadisə 50 il sonra baş verəcəkdi. Yəni, burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil. Fərq etməz, lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi”.
Millət vəkili Fazil Mustafa “Sherg.az”a bildirib ki, illərdir insanlar böyük hədəflər quraraq, xeyli miqdarda pul xərcləyiblər:
“Bütün bunların hər biri iflasa uğrayıb. Prezident İlham Əliyev isə Ali baş komandan kimi Azərbaycan ordusunu və xalqını səfərbər edib ciddi şəkildə tarixi uğura imza ataraq Qarabağı tamamilə azad etdi. Hətta Qarabağın müəyyən hissəsinin ermənilərdə qalacağı və bunun gələcək problemlərin mənbəyi olacağı barədə proqnozlar da özünü doğrultmadı. İlham Əliyev inanılmaz bir tarixi işi yekunlaşdırıb. Ona görə də bu aqressiya başa düşüləndir. Tam məsuliyyətlə deyirəm ki, əgər Prezident bunu ölkənin ləyaqət məsələsi hesab etməsəydi bu qədər böyük işi çevirə bilməzdi. Birinci insan daxilində inanmalıdır. Yəni bunun millət üçün nə qədər böyük şərəf və ləyaqət anlayışı olduğunu gördüyünə görə bu addımı atmalıdır. Prezidentimiz sözügedən addımı atdı. Bu bizim üçün ləyaqət məsələsi yerində olan ifadədir. Qarabağ qələbəsi bizim həm də gələcəyimizlə bağlı necə davranacağımızın konturlarını müəyyən etməyə imkan verdi. Biz hər zaman elmdə də, sənətdə də yarımçıq düşünürdük. Çünki yarımız, Qarabağ yox idi. Dövlət olaraq yarımçıq vəziyyətdə idik. Qarabağdan sonra bütövləşdik. Ruzveltin dediyi kimi “Biz müharibəni qazandıq, indi sülhü qazanmalıyıq”. Hazırda sülhü qazanmağı və bunu necə yekunlaşdırmağı da uğurla tamamladıqdan sonra deyəcəyik ki, Azərbaycan 21-ci əsrə damğasını vurdu. Belə bir vəziyyətdə hansı aqressiya olur olsun Azərbaycan bunların altında əzilməyəcək. Hər zaman ləyaqətli və dik şəkildə öz mövqeyini qoruyub saxlayır”.