Almurad Əliyev Elçibəyin oğluna iş tapacaq

“Axşam çağırıb soruşacam, razılıq versə, bir işə qoyacam”




İyunun 24-də Azərbaycanın görkəmli dövlət xadimlərindən biri, milli-azadlıq hərəkatının lideri, sabiq mərhum prezident Əbülfəz Elçibəyin 76-cı ildönümü idi. Hər il olduğu kimi, bu il də bir çox məsləkdaşları onun qəbir evini ziyarət edib.

Ənənəsinə sadiq qalaraq bütün ziyarətçiləri bəyin qardaşı Almurad Əliyev qarşılayıb. Bu baxımdan mərhum dövlət başçısına silahdaşlarının göstərdiyi diqqətlə bağlı A. Əliyevin fikirlərini öyrəndik. O, "Şərq”ə qardaşının partiyadaşlarından və ya dostlarından razılıq ifadə etdi: "Sağ olsunlar. Gəldilər. Baş çəkdilər. Unutmurlar. Hər il gəlirlər. Bəyin Azərbaycan tarixi qarşısındakı xidmətləri barədə çıxışlar edirlər. Onun dövlət müstəqilliyimizin qazanılmasındakı rolundan danışırlar. Bütün ziyarətçilərə təşəkkür edirəm”.

Bir məsələni də qeyd edək ki, bəyin ildönümü günü qayını Mirmöhsün Mahmudov onun oğlu Ərturqut Əliyevin işlə təminatı barədə imkanlı şəxslərə və dövlət məmurlarına müraciət edib: "Ərturqutun dayısı kimi xahiş edirəm. Kimin imkanı varsa, onu işə qoysun. Ürəkləri hara istəyir ora da göndərsinlər. Yazıqdır, cavan uşaqdır. Nə qədər bekar gəzəcək?”

Almurad bəy isə bir müddət öncə mətbuata qardaşı oğluna iş tapdığını və seçimi onun üzərinə buraxdığını bildirmişdi. Ona görə bəyin qardaşından Ərturqutun işinin nə yerdə qalmasını da soruşduq. A.Əliyev qardaşı oğlunun işi barədə bunları dedi: "Dayısının müraciətindən xəbərim yoxdu. Ərturqutun özünə demişəm ki, nə vaxt hansı işi deyirsə, düzəldəcəm. Kimə desəm, onu işə götürəcək. Ərturqut işləmək istəyirsə, mənə desin, iş tapacam. Özü də lap yaxşısını”.

Qardaşı oğlunun indiyə kimə işsiz qalmasına aydınlıq gətirən A.Əliyev onun işləməməsini yaşı ilə əlaqələndirib: "Cavan uşaqdı. İşləmək istəmirdi. Axşam çağırıb soruşacam, razılıq versə, bir işə qoyacam”.

Ayyət Əhməd