Yol mədəniyyəti...

Vətəndaşlar təhlükəsizliklərini ilk növbədə özləri təmin etməlidirlər




"Bütün yollar Romaya aparır” ifadəsinin hansı anlamda işlədildiyi bəlkə də çoxlarına məlum deyil. Bu cümlə birləşməsi dünyada ilk yol hərəkəti qaydasının müəyyənləşməsi ilə yaranıb. İlk dəfə yol eramızdan 312 il əvvəl Roma imperiyasında salınıb və ona Sezar Api Klavdi adı verilib. O zamanlar Romaya aparan yolların örtüyü daşdan olmaqla, onun kənarında hər kilometrdən bir daş dirək qoyulub. Tarixi mənbələr göstərir ki, Romada yaranan yol mədəniyyəti, yol hərəkəti qaydaları zaman-zaman təkmilləşib. Yol hərəkətinin sadələşməsi məqsədilə yollar tarix boyu təkmilləşdirilib, müvafiq örtük və digər elementlərlə təhciz edilib. Demək ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi problemi hələ qədimdən mövcuddur. Hazırda da yolların təhlükəsizliyi ilə bağlı problemlər mövcuddur.

Hər gün "Qəza nəticəsində 2 nəfər yaralandı, bir nəfər öldü”, "Sürücü sərxoş halda avtomobili divara çırpdı”, "Avtomobil yolu keçən piyadanı vurdu” kimi xəbər başlıqlarına rast gəlirik. Bir sözlə, avtoqəzalar hər gün can almaqdadır. Qəzaların sayının azalması naminə Dövlət Yol Polisi İdarəsi müvafiq tədbirlər görür. Qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar bir çox işlər həyata keçirilib. Düzdü, görülən tədbirlər yolların təhlükəliliyinin azalmasında müstəsna rol oynayır. Amma qəzaların baş verməsinin də şahidiyik. Mütəxəssislər bu sahədə qanuni tədbirlərlə yanaşı, maarifləndirmənin də həyata keçirilməsinin vacib olduğunu bildirirlər.

Sürücülərin və piyadaların yollarda hərəkəti ilə bağlı Azərbaycan Respublikası "Yol hərəkəti haqqında” Qanununda da müvafiq bəndlər mövcuddur. "Yol hərəkəti haqqında” Qanunun 18-ci maddəsi yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsini nəzərdə tutub. Maddədə göstərilir ki, yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara məktəbəqədər, ümumtəhsil və xüsusi təhsil müəssisələrində, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış digər müəssisələrdə öyrədilir. Həmçinin yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış və təsdiq edilmiş nümunəvi proqramlar və metodik tövsiyələr əsasında təbliğ edilir. Bununla yanaşı, maddədə qeyd olunub ki, yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi barədə müddəa müvafiq dövlət təhsil standartlarına daxil edilib. Müvafiq icra hakimiyyəti orqanları, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müəssisələr tərəfindən, yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi işinə köməklik göstərməlidirlər.

Əsas yükün bir qismi də mətbuatın üzərinə düşür. Belə ki, qanunun müvafiq maddəsində bildirilir ki, yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi üçün kütləvi informasiya vasitələrindən də istifadə oluna bilər.

"Sürücü sürücülük mədəniyyətinə, piyada yolu keçmək mədəniyyətinə malik olmalıdır”

Demək ki, qəzaların aradan qaldırılmasında maarifləndirmə işi böyük önəm kəsb edir.
Bir müddət öncə Milli Məclisin vitse-spikeri Bahar Muradova da qəzalarla bağlı narahatlığını dilə gətirərək deyib ki, inzibati cəza tədbirləri ilə yanaşı, maarifləndirmə də lazımdır: "Yol qəzalarının, onların ağır nəticələrinin qarşısının alınması məqsədilə qanunvericiliyin dəyişdirilməsi, inzibati tədbirlərin görülməsi, cərimələrin artırılması, cəzaların sərtləşdirilməsi vacibdir. Çünki qanunvericiliyin sərtləşdirilməsinin müəyyən çəkindirici təsiri var. Amma bu heç də qəzaların qarşısını almır. Ona görə də qanunları sərtləşdirməklə, cərimələri artırmaqla yanaşı, cəmiyyətin özünü də buna hazırlamalıyıq”. Vitse-spiker hesab edir ki, səriştəsi, sürücülük vərdişləri zəif olan, bəzən özünün bu və ya digər komplekslərini ört-basdır etmək üçün sükan arxasında "avtoşluq” edən, eləcə də vəzifəsinə, maddi imkanlarına arxayın olan, özündənrazı, "yol mənimdir, məndən başqa kimsəyə keçməyə imkan vermərəm” deyə düşünən şəxslər daha çox qəza törədirlər: "Nəticədə ziyan çəkən, həyatını itirən Azərbaycan vətəndaşı olur. Bilərəkdən və ya bilməyərəkdən qəza törədənlər isə həyatlarının bir qismini həbsxanalarda keçirməli olurlar. Təsadüfi deyil ki, hazırda Azərbaycanda cəzaçəkmə müəssisələrindəki məhkumların təxminən 15 faizi məhz törətdiyi yol qəzalarının acı nəticələrinə görə cəza çəkir. Düzdür, həbsxanada onların düşünməyə çox imkanı olur. Amma bu artıq heç nəyi dəyişmir. Ona görə də düşünürəm ki, piyadaların və sürücülərin məsuliyyətini artıran mexanizmlər yaradılmalı, vətəndaşların yol hərəkəti qaydalarına əməl etmələri üçün ciddi maarifləndirmə işləri aparılmalıdır: "Hər bir insan yanındakına təsir etməyi bacarmalı, hər kəs yol hərəkəti qaydalarına əməl etməli, yol polisinin tələblərini yerinə yetirməli, sürücü sürücülük mədəniyyətinə, piyada yolu keçmək mədəniyyətinə malik olmalıdır”.

Maarifləndirmədə sosial reklamdan istifadə effektli nəticə verə bilər

Bəs maarifləndirmə tədbirləri hansı şəkildə həyata keçirilməlidir?

Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov qeyd edir ki, qanunda yol hərəkəti qaydalarının cəmiyyətə aşılanması ilə bağlı müddəa var ki, bu elə maarifləndirmə deməkdir: "İnsanlarımız qanuna əməl edərlərsə, bu elə maarifləndirmənin bir qolu sayılır. Həmçinin ilk növbədə sürücülər səriştəli olmaları üçün yaxşı təhsil almalıdırlar. Savadlı sürücü nə qaydanı pozacaq, nə də qəza törədəcək”. Ə.Hüseynovun sözlərinə görə, yollarda təhlükəsizliklə bağlı cəmiyyətin təfəkküründə dəyişiklik etmək lazımdır: "Sürücülərə anlatmaq lazımdır ki, yol hərəkəti qaydasını pozmaq, sükan arxasına sərxoş vəziyyətdə əyləşmək, qoyulan normadan artıq sürətlə avtomobili idarə etmək hansı fəsadlara gətirib çıxara bilər. Piyadalara da təhlükəsizliyin vacibliyini, yolu necə keçmək lazım olduğunu öyrətmək lazımdır. İnsanlara bunun necə həyati əhəmiyyətə malik olduğunu təbliğ etməyə gərək var. Söhbət ondan gedir ki, kütləvi tədbirlər vasitəsilə təhlükəsizliyin mahiyyətini sadə dillə vətəndaşların başına yeritmək lazımdır. Mahiyyəti anlatdıqdan sonra, vətəndaş özündə məsuliyyətini artırır, əvvəl etdiyi qanunsuzluqların təkrarlanmamasına çalışır”. Ekspert vurğulayıb ki, maarifləndirmə tədbirləri Dövlət Yol Polisi orqanları tərəfindən həyata keçirilir: "Amma bu tədbirləri gücləndirmək lazımdır. Mətbuat vasitəsilə, xüsusən də televiziya kanalları vasitəsilə insanlar arasında təbliğat işi gücləndirilməlidir. Adicə televiziyada gedən bir filmlə, reklam çarxı ilə bunu aşılamaq mümkündür. Sosial reklamın çox önəmi var. Eyni zamanda orta məktəblərdə bununla bağlı xüsusi dərslər keçilməlidir. Təhlükəsizliyin təbliği uşaqlıqdan insanlarımıza başa salınmalıdır ki, məktəbdə oxuyan şagird gələcəkdə sürücü və ya piyada məsuliyyətini dərk etmiş olsun”.

"Azyaşlılar yolu tək keçərkən qaydalara daha çox əməl edirlər, nəinki valideynlə olanda”

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə bildirir ki, təmsil olunduğu dövlət qurumu bu sahədə böyük işlər həyata keçirir. Onun sözlərinə görə, hazırda orta məktəblərdə şagirdlərin yol hərəkəti ilə bağlı maarifləndirilməsi işi görülür: "Bu gün ibtidai siniflərə "Həyat bilgisi” fənnində yol hərəkəti qaydalarının öyrədilməsi nəzərdə tutulub. Burda müəyyən dərs saatları salınıb ki, fənnin daxilində azyaşlılara bu məsələlər tədris olunur. Bununla bağlı Dövlət Yol Polisi olaraq idarənin hesabına "Yol hərəkəti əlifbası” adlı dərs vəsaiti hazırlanıb və 12 min ədəd çap etdirilib. Həmin vəsait bütün ölkə ərazisindəki məktəblərə paylanılıb. 2013-cü ildə eyni nəşri yenidən əlavə olaraq 10 min ədəd də çap etdirərək məktəblərə payladıq. Ondan əlavə bizim hazırladığımız material əsasında 2010-cu ilə 10 min ədəd elmi kitab da dövlət dəstəyi ilə yenə çap olunaraq məktəblərə paylanıb”. K.Əliyev qeyd edib ki, müəllimlər üçün də metodik vəsaitlər var: "Lakin bu maarifləndirmə işləri yalnız aşağı siniflərdə aparılır. Bir məsələni qeyd etmək istərdim ki, bizim araşdırmalarımıza görə, azyaşlılar yolu tək keçərkən qaydalara daha çox əməl edirlər, nəinki valideynlə olanda. Valideyn onu daha çox təhrik edir ki, qaydanı pozsun, yolu düzgün olmayan yerdən keçsin. Piyada keçidi bir qədər uzaqdadır deyə, valideyn o yolu getməkdənsə, uşağı yaxın yerdən keçməyə təhrik edir. Nəticədə uşaqları qaydalara əməl etməkdən yayındıran elə valideyn olur. Uşaq məktəbdə öyrənir ki, keçiddən keçmək lazımdır, yol hərəkəti qaydalarına əməl etmək lazımdır. Lakin o, həyatda tam əksini görür. Nəticədə onun öyrəndikləri ilə gördükləri arasında ziddiyyət yaranır. Bu da onları yanlış yola sürükləyir. Və yaxud da uşaq məktəbdə oxuyur ki, avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmək lazımdır. Amma atasının bu kəmərdən istifadə etmədiyini görür. Bu halda da ziddiyyət yaranır. Bunun üçün biz böyüklər, valideynlər arasında da maarifləndirmə işi aparılmalıdır. Bu istiqamətdə təmsil olunduğum qurum tərəfindən müvafiq tədbirlər görülməkdədir. Televiziyada verilişlərimiz olur, kütləvi tədbirlər zamanı insanlara yollarda təhlükəsizliklə bağlı maarifləndirici söhbətlər edilir. Biz artıq bu tədbirlərin də effektini görməkdəyik”.

Ekspertlərin qənaətindən belə nəticə əldə olundu ki, vətəndaşlarımız təhlükəsizliklərini ilk növbədə özləri təmin etməlidirlər. Bu da qanunlara riayət etməklə mümkündür. Əgər insanlar qaydalara riayət etsələr, Azərbaycan yol mədəniyyətinə görə dünyada qabaqcıl ölkələrdən birinə çevrilər. Həmçinin də avtoqəzalar nəticəsində həyatını itirən insanlarımızın sayı azalar.

Anar Bayramoğlu

Yazı Baş Dövlət Yol Polisi İdarəsinin, Azərbaycan Mətbuat Şurasının və "Polisə dəstək” İctimai Birliyinin "Yol polisi, təhlükəsiz yollarımız” mövzusunda birgə keçirdikləri müsabiqəyə təqdim olunur.