“ANS” tamaşaçılara yay istirahəti vəd edir

“ŞOU-MIZ”, “Ola bilməz” və “Səməndər Mən” proqramları teleməkanda boşluğu dolduracaq





"ANS” televiziyası yay mövsümünə yeni layihələrlə start verəcək. Bir çox verilişlər yay tətilinə çıxır və bu vaxtı dəyərləndirmək üçün "ANS” öz tamaşaçılarına daha əyləncəli layihələr hazırlayıb. Onu da deyək ki, yay aylarında insanların daha çox istirahətə vaxt sərf etdiyini nəzərə alaraq, ANS televiziyası bu yay əyləncəli və yumoristik verilişlərə üstünlük verəcək. Elə iyul-avqust aylarında tamaşaçılara təqdim olunacaq "ŞOU-MIZ”, "Ola bilməz” və "Səməndər Mən” proqramları kimi...

Bu yay "ANS” kanalında efirə gedəcək proqramlarla bağlı "Şərq”in suallarını cavablandıran Bədii-Publisistik Verilişlər Departamentinin baş redaktoru Samirə Səfərəliyevanın sözlərinə görə, yay aylarında televiziyaya baxanların sayı azalır. Tamaşaçıların televizora ancaq günün müəyyən saatlarında bağ evlərində, istirahət mərkəzlərində baxırlar: "Yay ab-havasında olan tamaşaçıları yükləmək istəmədiyimizdən onlara üzlərində təbəssüm yaradacaq yumoristik və maraqlı proqramlar təqdim etməyi qərara aldıq. Verilişlər artıq hazırdır, çəkilişlər edilib”.

Konkret olaraq yay aylarında efirə gedəcək proqramların mahiyyətinə gəlincə, baş redaktor deyib ki, "ŞOU-MIZ” verilişində gənclərdən ibarət yaradıcı heyətin iştirakı ilə qısametrajlı, cəmiyyətimizdəki nöqsanları tənqid edən yumoristik səhnəciklər yayımlanacaq. Gənc aktyorlarımız bu obrazları çox mahircəsinə ifa edə və göstərə biliblər. Hər bir tamaşaçının "ŞOU-MIZ”dan zövq alaraq istirahətini gülüşlə keçirəcəyinə inanıram: "Ola bilməz” proqramı isə daha çox illüziya xarakterlidir. Bütün dünyada, eləcə də Azərbaycanda da illüziyalara, fantaziyalara maraq böyükdür. Bu cür layihələr daha çox tamaşaçı sayına sahib olur. "ANS” TV artıq bir dəfə belə layihə təqdim edib və bu layihə böyük marağa səbəb olduğundan bir daha həmin mövzuya qayıtmalı olduq. Amma tamam fərqli formada. Verilişə Bakıda kifayət qədər tanınan illüziyaçılar cəlb olunub. Çəkilişlərin ölkədən kənarda da çəkilməsi planımızda var”. S.Səfərəliyeva "Səməndər Mən” layihəsi barədə də söhbət açıb. Onun sözlərinə görə, bu tamaşaçılarda gülüş doğura biləcək bir layihə olsa da, digərlərindən fərqlənəcək: "Bu verilişdə yumoristik səhnələr "bayağı” musiqilərlə hazırlanacaq. Veriliş daha çox avtovağzallarda, bazarlarda dinlənilən musiqilərlə cizgi filmləri və məşhur filmlərin sintezindən ibarət olacaq. Həmçinin "Səməndər Mən”də məşhurlar qonaq olacaq və sınağa çəkiləcək”. Layihələrin təşəbbüskarına gəlincə, baş redaktor layihələrin Prodüser Departamenti tərəfindən təqdim olunan layihələrin ilk əvvəl peşəkar heyətlə müzakirə olunduğunu və şəxsən Vahid Mustafayev, Mir

Şahin Ağayev və Seyfulla Mustafayev kimi peşəkarların məsləhətlərindən faydalanaraq hazırlandığını bildirib. ANS rəhbərliyi gənclərə hər zaman dəstək olub, məhz bunun bariz nümunəsidir ki, hər il ANS təşkil etdiyi kurslarda jurnalistikaya onlarla məzun bəxş edir. Samirə Səfərəliyeva sosial mövzuda da yeni layihələrin hazırlandığını bildirib: "Sosial layihələrimizdən biri olan "Şəbəkə” verilişi 3 aydır ki, yayımlandığına baxmayaraq uğur qazanıb və bu səbəbdən biz qərara gəldik ki, veriliş iyul ayında da işini davam etdirsin”. Yeni layihələrin niyə məhz əyləncə, yumoristik xarakterli olduğuna gəldikdə isə baş redaktor bu cür verilişlərin tamaşaçıların tələbinə uyğun olaraq hazırlandığını vurğulayıb: "Aldığımız reytinq cədvəlinə istinadən deyə bilərəm ki, bugünkü Azərbaycan tamaşaçısı daha çox əyləncəli, düşündürməyən, bayağı verilişlərə maraq göstərir. Həmin verilişlərin reytinqli olması və rayonlarda daha çox tamaşaçı zövqünü oxşaması bizi də məcbur edir ki, şou xarakterli verilişlərə üstünlük verək. Bu gün bütün dünya televiziyaları reytinqlə işləyir və biz də bu istiqamətdə çalışırıq, sözsüz ki, reytinq xatirinə də efir, ədəb ərkanından kənara çıxmırıq”. S.Səfərəliyevanın sözlərinə görə, "ANS” televiziyası bütün maraqları əhatə edən kanaldır. O bildirib ki, xəbər kanalı olaraq başlıca məqsədləri tamaşaçıya vicdanlı, dəqiq, qərəzsiz xəbər təqdim etməkdir: "Bütün xəbər buraxılışlarımızda sosial, iqtisadi, ictimai, mədəni həyatda baş verən hadisələrə toxunulur. Bundan başqa, bizim hərbi, intellektual mövzuda da verilişlərimiz var. O ki qaldı tamaşaçıların zövqünün korlanmasına, "bir güllə bahar olmur. "ANS”in tutduğu dəst-xətti digər kanallar da tutsa, Azərbaycan efirində bayağı verilişlərin sayı azalar”.

Şəymən